Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Soçi görüşü sonrası hansı dəyişikliklər oldu?
- Soçi görüşündən sonra Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyinə inam yox idi. İlk növbədə erməni baş nazir Nikol Paşinyan Soçi görüşünə məcbur getdi. Çünki o istənilən vasitələrlə Rusiyadakı görüşdən yayınmağa çalışırdı. Səbəb isə ondan ibarət idi ki, noyabr ayında N.Paşinyan kapitulyasiya aktına imza atmışdı. Kapitulyasiya sənədinin imzalanmasının ildönümü ərəfəsində bu görüş Paşinyan üçün əlavə bir zərbə olardı. Ona görə də Paşinyan təxminən noyabrın 9-10-a planlaşdırılan Rusiya görüşündən mümkün qədər yayına bildi. Amma təbii ki, Rusiya da Paşinyanın niyyətini çox gözəl bilirdi. Rusiya görüşünün baş tutmayacağı təsəvvürü yarandıqdan sonra dərhal sonra N.Paşinyan 15 dekabrda Brüsseldə görüşə razılıq vermişdi.
- Sizcə bu görüş Paşinyan üçün nə dərəcədə önəmli idi?
- Paşinyan Brüssel görüşünə əlavə nəfəslik kimi baxır. Çünki proseslər o iqtiqamətdə getməkdədir ki, artıq Ermənistan manevr edə bilmir. Yekun sülh sazişini imzalamaq məcburiyyətindədir. Yekun sülh sazişinin imzlanması üçün də ilkin şərtlər təmin olunmalıdır.
- Bu şərtlər nədən ibarətdir?
- Şərtlər ümumi olaraq ötən ilin noyabrında imzalanmış birgə bəyanata uyğun addımların atılmasından, sərhədlərin müəyyənləşməsinə qədər olan prosesləri əhatə edir. Artıq Ermənistanın bu prosesdən yayınmaq imkanları mövcud deyil.
- Sərhəd təxribatları nəyə hesablanmışdı?
- Erməni tərəfi sərhəd boyunca intensiz təxribatlar törədərək əsas müzakirə predmetinə gərginlik qatmaq istəyirdi. Brüssel görüşündə də son dövrdə sərhəddə yaranmış gərginlik daha çox müzakirə predmeti ola biləcək. Çünki Ermənistan bütün cəhdlərlə, vasitələrlə çalışır ki, diqqəti əsas məsələdən yayındırsın.
- Sizcə, bütün bunlar yekun sülhə nə vaxta qədər mane olacaq?
- Yekun sülh sazişi imzalanmalıdır. Ermənistan bunu arxa plana keçirməyə çalışır. Qarşı tərəf yenidən münaqişənin hələ də davam etdiyi təəssüratını formalaşdırmağa cəhd edir. Məqsəd də ATƏT-in Minsk qrupu platformasını reabilitasiya etməkdir. Bu da təbii ki, Qərbin təlimatları əsasında baş verir. Paşinyanın nə təfəkkürü, nə də cəsarəti heç vaxt imkan verməzdi ki, proseslərə qarşı bu cür “duruş” sərgiləsin.
- Erməni tərəfi Rusiyanın prosesdəki mövqeyinə nə dərəcədə əhəmiyyət verir?
- Rusiya Paşinyana vəziyyəti dəyişmək istiqamətində cəhdlər etməyə imkan verməyəcək. Soçi görüşü zamanı Vladimir Putinin xüsusi olaraq vurğuladığı məqam ondan ibarət idi ki, Brüssel görüşünə əliboş getmək olmaz. Yəni, bu o deməkdir ki, Rusiya 15 dekabra qədər müzakirə olunan məsələlərə görə, təsirli addımların atılmasını dəstəkləyəcək. Bu da Azərbaycanın xeyrinədir. Azərbaycanın istəyi odur ki, delimitasiya və demarkasiya işləri aparılsın və bu istiqamətdə kommisiya fəaliyyət göstərsin. Regionda nəqliyyat, iqtisadi layihələr gerçəkləşdirilsin. Onsuz da Azərbaycan bu istiqamətdə azad edilən ərazilərdə işlər görməkdədir. Yəni, bu baxımdan Rusiya ilə azərbaycanın vahid mövqedən çıxış etməsi təbii ki, regiondakı vəziyyətin dəyişdirilməsinin qarşısını daha etibarlı şəkildə alır. Bu o deməkdir ki, yenidən münaqişənin mövcudluğu təəsüratının yaradılmasının qarşısı mütləq şəkildə alınacaq.
- Paşinyanın məqsədi nə idi?
- Paşinyanın qarşısına qoyulan əsas məqsəd ondan ibarətdir ki, Rusiyanın Cənubi Qafqaz regionunda təsirini azaltsın. O mümkün qədər Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışır. Paşinyanın bu istiqamətdə addımn atması üçün isə imkanları mövcud deyil. Bunun üçün Paşinyan olduqca cılız siyasi fiqurdur. Çünki Paşinyan hakimiyyətdə Qərbin çox ciddi təsiri sayəsində qala bilib. Rusiya da Paşinyanın hakimiyyətdə qalmasına qarşı çıxmadı. Ona görə ki, prosesin nəticəsinin bütün hallarda Paşinyanın xeyrinə olmayacağı Rusiya üçün bəllidir. Yəni, Paşinyan bundan artıq çıxış yoluna malik deyil. O yekun sülh sazişini imzalayacaq.
- İkitərəfli sülhdən sonra proseslərin axarı dəyişə bilərmi?
- Yekun sülh sazişi imzalandıqdan sonra Paşinyanın hakimiyyətdə qalması mümkün olmayacaq. Elə Rusiyanın da əsas istəyi ondan ibarətdir ki, prosesləri Paşinyanın əli ilə sona çatdırsın. Burada Azərbaycanın istəklərinə zidd hər hansı bir məqam yoxdur. Paşinyan isə bütün hallarda fiaskoya məhkumdur. Brüsseldə də o sadəcə arzuladığı bəzi məqamlarla bağlı fikirlər səsləndirməkdən başqa nəticəyə nail olmayacaq.