7 Dekabr 2021 13:51
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı müharibədən sonrakı dövrdə baş verən proseslərə dair çox mühüm tezislər səsləndirib. Post-münaqişə dövrü ilə bağlı regionda yaranmış yeni reallığa Ermənistan tərəfinin ciddi əməl etməsinin vacibliyi önə çəkilib. Ölkə başçısı vurğulayıb ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçısı Ermənistana Azərbaycan ərazilərindən qoşunlarını çıxarmaqla bağlı şərtini açıqlamışdı. Vurğulanmışdı ki, Ermənistan işğalda saxladığı Azərbaycan ərazilərindən ordusunu çıxarmaq üçün konkret vaxt və qrafik verməlidir. Amma işğalçı Ermənistan bu çağırışlara əməl etmədi və nəticədə döyüş meydanında darmadağın oldu. Azərbaycan öz hərbi gücü hesabına ərazilərini işğaldan azad etdi. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda sülhün, sabitliyin, əməkdaşlığın, nəqliyyat və kommunikasiya imkanlarının geniş bir coğrafiyanı əhatə etməsində maraqlıdır: “Bunun üçün əsas vacib şərt dövlətlərin bir-birinin maraqlarına hörmətlə yanaşmasıdır. Digər amil isə sərhədlərin tanınması, beynəlxalq birlik tərfindən qəbul edilən ərazi şərtlərinə olan münasibətdir. Azərbaycan istər Qarabağ münaqişəsindən öncə, 44 günlük müharibə dövründə və ondan sonrakı mərhələdə heç bir dövlətə qarşı ərazi iddialarında olmayıb. Bu gün də Azərbaycanın tələbi sülhün və təhlükəsizliyin davamlı olmasına əsaslanır”.

Millət vəkili hesab edir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz dövlətinin gələcəyi naminə Azərbaycanın təklif etdiyi şərtlərə ciddi riayət etməlidir: “Çünki bu regionun gələcəyi, kommunikasiyaların açılması, əlaqələrin qurulması iqtisadi, siyasi maraqların təminatından asılıdır. Bunun əksinə olan hər bir addım ziyanlıdır. Azərbaycanın təklif etdiyi imkanlar bütövlükdə bölgədə yeni bir səhifənin açılmasına, xalqların firavan və inkişafına hesablanıb”.


Müəllif: Tapdıq Qurbanlı