8 Dekabr 2021 17:09
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, gələn ilin dövlət büdcəsinin prioritetləri nədən ibarətdir?

- 2022-ci ilin dövlət büdcəsi həcminə və xarakterinə görə əvvəlki illərdən xeyli fərqlənir. Artıq həcmcə ən iri büdcəyə gəlib çatmışıq. Gələn ilin büdcəsi 29,8 milyard manat həcmində nəzərdə tutulub. Eyni zamanda xarakterinə görə bu, tam sosial yönümlü büdcə hesab edilir. Çünki büdcənin 46,4 faizi sosial yönümlü xərclər üçün nəzərdə tutulub. Bu da post-müharibə və post-pandemiya dövrü üçün xarakterikdir. Hazırda dünyada pandemiyanın yaratdığı iqtisadi böhran səngiməyib. Mövcud quraqlıq və qlobal istiləşmə və eyni zamanda ərzaq, çox işlənən mallara tələbat da artıb. Çünki bu cür məhsulların istehsalı azalıb. Buna səbəb də ölkələrarası əlaqələrin zəifləməsidir. Bunun fonunda dünya bazarlarında qıtlıq və bahalıq hiss olunur. Bu ilin ikinci yarısında Azərbaycanda da müəyyən malların qiymətində artımlar müşahidə edilir. Payız fəslində də müəyyən artım qeydə alınıb. Bütün bunları nəzərə alaraq dövlət başçısının tapşırığına uyğun olaraq büdcədə əhalinin sosial rifahını qorumaq üçün lazımi vəsait öz əksini tapıb. Bu da pensiya və təqaüdlərin, müavinətlərin artımında özünü göstərir. Məhz bu səbəbdən də gələn ildən bütün sosial ödənişlərin artması müşahidə ediləcək.

- Minimum əməkhaqqı məbləğində hansı dəyişikliklər nəzərdə tutulub?

- Gələn ilin dövlət büdcəsinin xarakterik xüsusiyyətlərindən biri də minimum əməkhaqqı məbləğinin artırılmasıdır. Minimum əməkhaqqı 250 manatdan 300 manata qədər artırılıb. Əvvəlki illərdə bu artım az faizlərlə olsa da, bu dəfə bəlli bir səviyyədə artıma nail olundu. Bu da özəl sektorda çalışan vətəndaşların sosial müdafiəsinin yaxşılaşmasına gətirib çıxaran amillərdən olacaq.

- Təhsil xərclərində hansı dəyişikliklər nəzərdə tutulur?

- Təhsil xərclərində bir çox ödənişləri dövlətin öz üzərinə götürməsi mühüm əhəmiyyətə malikdir. Xüsusən də ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin bir çoxu artıq dövlət sifarişi yerlərinə aid olacaq. Onların da təhsil haqları da məhz dövlət büdcəsindən təmin ediləcək. Bu da əhalinin sosial müdafiəsinə ciddi təsir edən müsbət amillərdən biridir.

- Təhsil kreditləri ilə bağlı gələn ilin büdcəsində hansı müddəalar yer alıb?

- Təhsil kreditləri üçün artıq büdcədən vəsaitlər ayrılıb. Bunun üçün artıq mexanizmlər formalaşır. Bir çox tələbələr, xüsusən də ödənişli əsaslarla təhsil alan tələbələr yaxşı göstəriciləri müqabilində aşağı faizlərlə uzun müddətli kreditlər almaq imkanı əldə edəcək.

- Səhiyyə ilə bağlı xərclərdə hansı dəyişikliklər nəzərdə tutulur?

- Səhiyyə istiqamətində də xeyli artımlar nəzərdə tutulub. Müstəqillik dövrümüzün səhiyyəsinin ən böyük büdcəsi məhz gələn il müşahidə ediləcək. Təxminən 1,8 milyard manat xərclərin ödənilməsi üçün vəsait nəzərdə tutulub. Burada heç şübhəsiz ki, icbari tibbi sığortanın imkanlarının genişlənməsinə, vətəndaşların bundan yararlanaraq tibbi xidmətlərə əl çatanlığının yaxşılaşmasına imkan yaradacaq. Eyni zamanda tibb sahəsində çalışan insanların əməkhaqqlarının bonusların yüksəlməsinə imkan verəcək.

- Sosial təminat xərclərində hansı artımlar olacaq?

- Sosial müdafiənin əsas istiqaməti sosial təminat xərclərinin artırılmasıdır. Burada kifayət qədər artım var. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi təxminən 5,4 milyard manat nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 5 faiz artım deməkdir. Eyni zamanda pensiya və müavinətlərdə 40 faizə yaxın artım nəzərdə tutulur. Bu da aztəminatlı vətəndaşların sosial rifahının yaxşılaşmasına səbəb olacaq.

- İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı gələn ilin büdcəsində xərclərin həcmi nə qədər olacaq?

- Gələn ilin dövlət büdcəsində 2,2 milyard manat işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldiləcək. Dövlət başçısının Sərəncamı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşmanın sürətləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi mümkün olacaq. Eyni zamanda artıq vətəndaşların həmin ərazilərə qayıdışı üçün ümümdaxili məhsula əlavə gəlirlərin edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev də vurğulayıb ki, azad edilən ərazilərin bərpası üçün əlavə vəsaitlərin də cəlbi mümkün ola bilər.

- Gələn ilin dövlət büdcəsinin sosial xərcləri hansı səviyyədə müəyyənləşib?

- Ümumilikdə gələn ilin dövlət büdcəsinin sosial xərcləri bütövlükdə büdcənin təxminən yarısını əhatə edir. Bu da bütövlükdə vətəndaşların sosial rifah halının qorunmasına xidmət edəcək. Bununla yanaşı işsizlikdən sığorta fondu büdcəsində də mühüm dəyişikliklər edildi. Bu da imkan verəcək ki, işini itirən şəxslər sığorta müavinətləri almaq imkanı qazansın. Eyni zamanda əlavə iki mühüm qanuna komitədə baxılması nəzərdə tutulub. Sığorta və məşğulluq haqqına qanuna yeni əlavələr ediləcək. Bu da işsiz vətandaşların sosial müdafiəsini təmin edən amillərdən olacaq.

- Özünüməşğulluq proqramları üçün dəstək necə həyata keçiriləcək?

- Özünüməşğulluğa dəstəyin genişlənməsi üçün təxminən 80 milyon manata qədər vəsait nəzərdə tutulub. Bu da 17 minə yaxın ailənin kiçik biznesini qurmasına dövlət dəstəyi üçün şərait yaradacaq. Bunların içərisində şəhid, qazi və digər aztəminatlı ailələr olacaq.


Müəllif: Tapdıq Qurbanlı