10 Dekabr 2021 09:14
8 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülhməramlılar öz missiyalarından, öhdəliklərindən kənar fəaliyyətlə məşğuldurlar. Bu da bizi narahat edir və bundan narazıyıq. Azərbaycan dəfələrlə bununla bağlı öz etirazını rəsmi şəkildə Rusiyanın diqqətinə çatdırıb. Amma ruslar burada qalmaq üçün müxtəlif bəhanələr axtarıb tapmağa çalışırlar. Bunlardan biri odur ki, erməniləri bura gətirsinlər. Digər yandan da, guya “icma” yaradırlar, heykəllər qururlar, kilsə tikirlər – bu kimi addımlar atırlar. Bütün bunlar Rusiyanın bölgədə uzunmüddətli qalmasına hesablanmış addımlardır. Təbii ki, müəyyən zamandan sonra onlar buradan çıxıb gedəcəklər”.

Böyük Azərbaycan partiyasının (BAP) sədri Elşad Musayevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Bu gün Moskvada “Altılıq” formatının (Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan) ilk iclasının keçiriləcəyi açıqlanıb. İşlə başlayan bu format nə vəd edir?

- “Altılıq” formatını Qarabağdakı 44 günlük müharibədən sonra bölgə dövlətlərinə Azərbaycan və Türkiyə rəhbərləri təklif edib. Rusiya da buna razılıq verdi. Təbii ki, bu format böyük əhəmiyyətə malikdir. İlk növbədə, bu bölgə dövlətlərini sülhə, sosial, iqtisadi və siyasi əməkdaşlığa təşviq edən bir formatdır. Amma təəssüflər olsun ki, bunun reallaşması üçün müəyyən problemlər var. Bütün region dövlətlərinin bununla bağlı fikirləri üst-üstə düşmür, bəzi qonşu ölkələr ayrı cür düşünürlər. Məsələn, Gürcüstanın Rusiya ilə problemləri var, buna görə qoşulmaq istəmir. Ermənistan prosesi uzatmağa çalışır, bunun üçün bəhanələr axtarır. İranın da başqa istək-arzuları var. Bütün hallarda isə bu format bütün bölgə dövlətlərinin maraqlarına uyğundur.

- Format istənilən effekti versə, bu, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün yeni imkanlar yarada bilərmi?

- Sülh sazişinin imzalanması üçün müəyyən qədər müddət keçməlidir. Ermənistan cəmiyyəti, müxalifəti və hakimiyyəti Azərbaycanla sülh sazişi imzalamağa hazır deyil. Kimsə sadəlövhcəsinə düşünürsə ki, Paşinyan sülh sazişini rahatlıqla imzalayacaq, böyük səhvə yol verir. Çünki Paşinyan bilir ki, Azərbaycanla sülh sazişini imzalasa, Ermənistanda ona “satqın” və “xəyanətkar” kimi qiymət verəcəklər və hakimiyyətdən getməsi üçün bütün qüvvələr yenidən işə düşəcək. Eyni zamanda, Ermənistan cəmiyyətinin özü buna hazır deyil. Sülh sazişinin imzalanması o deməkdir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Qarabağa olan əsassız iddialarından əl çəkmiş olacaqlar. Bunu isə istəmirlər. Ermənilər uzun illərdir illüziya içində yaşayırlar, xam xəyallar qururlar, indi də bunun içindən çıxa bilmirlər. Təəssüflər olsun ki, vəziyyət belədir.

Təbii ki, bu məsələ Azərbaycanın təzyiqləri vasitəsilə həll olunacaq. Amma başqa reallıqlar da var. ABŞ, Fransa və digər bir sıra dövlətlər Ermənistana dəstək verib prosesi pozmağa çalışırlar. Bu da işin gedişatına mane olur. Amma heç bir halda Ermənistanın Azərbaycana müqavimət göstərmək şansı və gücü yoxdur. Artıq Türk Dövlətləri Təşkilatı da yaranıb. Ermənilər istəsələr də, istəməsələr də bölgədəki kommunikasiya və dəhlizlər açılacaq. Təbii ki, buna gedən yolda əngəllər və maneələr olacaq. Biz də buna hazır olmalıyıq.

- Yaxınlarda sərhədlərin delimitasiyası prosesinin başlanacağı haqda da məlumatlar yayılır. Bu yöndə bizi nə gözləyir?

- Ermənistan rəhbərliyi bu prosesi də uzatmağa çalışır, buna görə üçtərəfli anlaşmalardan boyun qaçırır. Delimitasiya və demarkasiya texniki məsələlərdir. Yəni bu məsələnin həlli illərlə, onillərlə də çəkə bilər. Bir sözlə, bunun xeyli zaman aparması mümkündür. İndi əsas məsələ Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlıdır. Hər iki ölkə buna hazır olmalıdır ki, digər məsələlər də həllini tapsın. Azərbaycan buna hazırdır, Ermənistan isə müxtəlif bəhanələrlə bundan da boyun qaçırır. Sülh sazişi imzalansa, bu kimi texniki məsələlər də zamanla öz həllini tapacaq.

- Eməni mətbuatında sülhməramlıların Qarabağda “rus icması” yaratmağa başladığı bildirilir. Sizcə, bu, nə qədər həqiqətə uyğun ola bilər və ya bu onların nəyinə lazımdır?

- Rusiya imperiya təfəkküründə olan dövlətdir. Onların düşüncəsinə görə, Çar Rusiyasının imperiya siyasətini davam etdirməlidirlər. Rusiya illərlə Cənubi Qafqazda söz sahibi olub. Amma indi yavaş-yavaş əlində olan imkanları itirməyə başlayıb, artıq Türkiyədə geosiyasi oyunçu kimi bölgəyə daxil olub və burada gedən proseslərdə təmsil olunur. Digər yandan, Azərbaycan güclənir. Bütün bunlara baxmayaraq, Rusiya bölgədəki təsir imkanlarını itirmək istəmir.

Sülhməramlılar da öz missiyalarından, öhdəliklərindən kənar fəaliyyətlə məşğuldurlar. Bu da bizi narahat edir və bundan narazıyıq. Azərbaycan dəfələrlə bununla bağlı öz etirazını rəsmi şəkildə Rusiyanın diqqətinə çatdırıb. Amma ruslar burada qalmaq üçün müxtəlif bəhanələr axtarıb tapmağa çalışırlar. Bunlardan biri odur ki, erməniləri bura gətirsinlər. Digər yandan da, guya “icma” yaradırlar, heykəllər qururlar, kilsə tikirlər – bu kimi addımlar atırlar. Bütün bunlar Rusiyanın bölgədə uzunmüddətli qalmasına hesablanmış addımlardır. Təbii ki, müəyyən zamandan sonra onlar buradan çıxıb gedəcəklər.

Hesab edirəm ki, dövlət rəhbərləri səviyyəsində bəzi məsələlərlə bağlı açıqlanmayan anlaşmalar da var. Bu baxımdan da baş verənlərə təmkinli yanaşmalıyıq, səbirli olmalıyıq, hadisələri qabaqlamamalıyıq. Yəni Azərbaycan zərbə almamalıdır. Zamanla qalan məsələlərin həllini tapacağını, sülhməramlıların da buradan gedəcəyini düşünürəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər