Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, “3+3” formatında artıq ilkin təmas baş tutub. Bu platformanın regionda əməkdaşlığa, qarşıya çıxan problemlərin daha çevik həllinə təsiri barədə nə demək olar?
- Əslində belə bir platforma 1991-ci ilin axırında, regionda yeni müstəqil dövlətlər yarandıqdan sonra fəaliyyət göstərməli idi. Amma Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, beynəlxalq hüquq normalarını tanımaması bu prosesi 30 il sonraya çəkmiş oldu. Ötən il 44 günlük müharibədən sonra Azərbaycanın regionda yeni bir reallıq yaratması artıq bölgə ölkələrinin əməkdaşlıq platforması axtarmasına səbəb olub. Türkiyə prezidentinin təşəbbüsü ilə “3+3” formatında görüşlərin keçirilməsi məqsədəuyğun sayıldı. Artıq ilk addım atılıb. Gürcüstanın Rusiya ilə müəyyən problemlərinə görə, həmin görüşdə iştirak etmir. Ancaq görüşün yekunu olaraq iştirakçılar qərara gəliblər ki, hər dəfə Gürcüstan məlumatlandırılsın.
- Qafqazda ümumi əməkdaşlıq üçün bu platformanın əhəmiyyəti nə dərəcədə önəmli ola bilər?
- Bu görüşlər bölgədə, ümumi Qafqaz üçün region evinin yaranmasına xidmət edəcək. Hər bir regionun özünəməxsus problemləri və inkişaf tendensiyaları var. Onu həmin region ölkələrindən daha yaxşı kimsə həll edə bilməz. Region dünyanın enerji təhlükəsizliyini təmin edən mənbələrə malikdir. Bu coğrafiya İpək Yolunun mərkəzində yerləşir. Həmçinin bu bölgədə mövcud olan ölkələr dünya siyasətində böyük rol oynayır. Bu baxımdan öz mövqelərini bir-birinə daha məqbul çatdırmaq bir sıra məsələlərdə vahid iradə nümayiş etdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək üçün bu çox gözəl bir imkandır. Bu cür diplomatik görüşlər imkan verəcək ki, gələcəkdə hər hansı bir qarşıdurma və anlaşılmazlığın indidən qarşısını almaq mümkün olsun. Bunu bir növ kiçik Avropa Birliyi formatı kimi də hesab etmək olar.
- Proseslərin daha çevik irəliləməsi üçün şərtlər hansılardır?
- Qarşıda sözsüz ki, görüləcək çox iş var. Hələ Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasının özü də prosesə təsir edən məsələlərdəndir. Amma ilk addım atılıb. Görüşlər xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir. Gələcəkdə bu görüşlərin daha yüksək hökumət ranqında, hətta sammit formatında keçirilməsi də mümkündür. Eyni zamanda görüşlərin rotasiya qaydasında əlifba sırası ilə ayrı-ayrı ölkələrin paytaxlarında keçirilməsi bu dövlətləri bir-birinə daha yaxınlaşdıracaq. Gələcəkdə bu platformanın katibliyinin yaranması da mümkün olan bir məsələdir.
- Qeyri-region ölkələrinin burada iştirakının mümkünlüyü nə dərəcədə realdır?
- Sözsüz ki, bu ölkələrin probleminin həllinə və iqtisadi layihələrin işlənməsinə gətirib çıxaracaqsa, mümkündür ki, başqa dövlətlər də buna maraq göstərsin. Hansı ki, region ölkələri deyil, amma bununla belə burada maraqları var və yaxud bölgədə iqtisadi layihələrə investisiya qoymaq istəyində olan dövlətlərin iştirakı mümkün ola bilər. Məhz bu səbəbdən də Moskvada belə bir görüşün keçirilməsi bir-birinə daha yaxın olmağı, problemlərin həllinə kömək etməyə, ümumi bir ab-hava yaratmağa imkan verəcək.
- Zəngəzur dəhlizi bu platforma üçün nə dəcədə önəmli bir marşurut olacaq?
- Bu platformanın mərkəzində sözsüz ki, Azərbaycanın təkid etdiyi Zəngəzur dəhlizi layihəsi durur. Bu layihə 6 ölkənin iqtisadi inkişafına çox böyük bir təkan verəcək.
- Okeanın o tayından bölücülüklə bağlı yanaşmaları müşahidə edirik. Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir müstəvidə ABŞ-ın “demokratiya” adı altında gördüyü işlər nəyə hesablanıb?
- Əslində bunu hansısa bir beynəlxalq təşkilat keçirmədiyinə görə, o sıradan bir tədbir kimi qiymətləndirilə bilər. Yəni, bir ölkə öz təşəbbüsü ilə öz ərazisində tədbir keçirir. Belə tədbirlər bu və ya digər formada ayrı-ayrı ölkələrin təşəbbüsləri ilə reallaşır. Bir ölkənin “demokratiya” adı altında tədbir keçirib digər ölkələrə “demokratiklik” dərəcəsi müəyyənləşdirməsi isə qəbul edilən bir məsələ deyil. Çünki demokratiya eksport edilmir. Bu kənardan bir prokuror nəzarəti ola bilməz. Demokratiya hər bir ölkənin özünün daxili tələbatıdır ki, ona doğru gedir. Hər bir ölkənin demokratiya məsələsində özünün qazandığı nailiyyətlər var. Bu baxımdan Azərbaycanın və bir çox nüfuzlu ölkələrin bu tədbirə dəvət edilməməsində də bir problem yoxdur. Azərbaycan konkret olaraq demokratiya adlı bir tədbirə dəvət edilib-edilməməsindən asılı olmayaraq demokratiyanın olmasında, inkişaf etməsində maraqlıdır. Bu istiqamətdə daim müvafiq addımlar atır. Sadəcə olaraq Amerika administrasiyası belə bir təşəbbüslə sözsüz ki, öz nüfuzunu atırmağa, dəvət etdiyi ölkələrdə özünün siyasi iştirakını artırmağa çalışır. Bu nə dərəcədə alınacaq bunu gələcək göstərəcək. Azərbaycan Amerika münasibətləri isə o “sammitdə” iştirak edib-etməməsindən asılı deyil. Hər iki ölkə bir-biri ilə əməkdaşlıqda maraqlıdır. Bununla bağlı çox ciddi işlər görülüb bundan sonra da görüləcək.
- Haaqa məhkəməsinin Azərbaycanla bağlı haqlı bir qərarı var. Bu bizə beynəlxalq münasibətlər sistemində hansı üstünlüklər qazandıra biləcək?
- Beynəlxalq Ədalət Məhkəməsinin qərarı göstərdi ki, Azərbaycan haqlı mövqedədir. Ölkəmiz sübut etdi ki, o öz hüquqlarını qorumağa qadirdir. Müraciət edən tərəfin Ermənistan olmasına baxmayaraq ona rədd cavabı verildi. Ermənistanın Azərbaycanda guya “hərbi əsirlərin” olması və onları buraxılmasını tələb etməsi rədd edildi. Eyni zamanda Hərbi Qənimətlər Parkının bağlanması, Azərbaycanla bağlı araşdırma aparmaq tələbləri də Beynəlxalq Məhkəmə tərəfindən imtina olundu. Amma Azərbaycanın əks iddia ilə irəli sürdüyü tələblərin ikisi də yerinə yetirildi. Bunlar biri mina xəritələrinin verilməsi məsələsi ilə bağlı idi. Ermənistan ona qarşı növbəti bir məhkəmə qərarının olmasından ehtiyyatlanaraq xəritələri təqdim etdi. Sonradan isə məlum oldu ki, bunlar heç də düzgün xəritələr deyil. Ermənistan bu məsələ də özünün daxilli ziddiyyətlərini, mənəviyyatını ortaya qoydu. Eyni zamanda Beynəlxalq Məhkəmə Ermənistanda anti-Azərbaycan isteriyasının dayandırılmasını tələb edən bir qərar verdi. Bu göz görəsi bir məsələdir. Çünki Ermənistan əhalisinin 99 faizi ermənilərdən ibarətdir. Həmin ərazilər tarixi Azərbaycan torpağı olmasına, paytaxt Yerevan yox, İrəvan, göl Sevan yox, Göyçə olmasına baxmayaraq Ermənistan oradan azərbaycanli izinin itirilməsi üçün maksimum nə mümkündürsə onu edir. Ona görə də, Haaqa məhkəməsinin qərarı Azərbaycanın haqq işinin daha bir təsdiqi idi. Heç də təsadüfi deyil ki, bu gün Ermənistana aid sosial şəbəkə seqmentində Azərbaycan bundan onlaraq qarşı istifadə edəcək harayları qaldırılır. Bu qərar Ermənistanı bundan sonra beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı ədalətsiz addımlar atmaqdan çəkindirməlidir. Amma hələ də heç kəs inanmır ki, Ermənistan bunu edəcək. Ermənistanın tarixən Azərbaycana, türk dünyasına qarşı etdikləri heç vaxt dayanmayıb. Amma bununla belə Ermənistan tərəfi görməlidir ki, beynəlxalq hüquqa zidd, Azərbaycanla, qonşu dövlətlərlə mehriban münasibətlərdən çəkinmək ona siyasi zərbə, iqtisadi zərər və hərbi məğlubiyətlərlə qayıdacaq.
- Sizcə, Brüssel görüşü öncəsi belə qərarların olması hansı təsirlərə malikdir?
- Brüssel görüşündə gözlənilən, ümid edilən odur ki, Ermənistan indiyə qədər özünün ziyanına olan məsələlərdən əl çəkəcək. Eyni zamanda Azərbaycanın regionda sülhü möhkəmləndirmək üçün etdiyi təkliflərə normal, konstruktiv cavab verəcək.