14 Dekabr 2021 09:14
2 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ankaraya görə, əgər NATO-Rusiya qarşıdurması güclənirsə, onda Türkiyənin də maraqları zərbə altında qala bilər. Çünki Türkiyə də NATO ölkəsidir və onun strategiyası çərçivəsində hərəkət etməlidir. Əgər Qara dənizdə hansısa hərbi əməliyyatlar keçirilsə, onda Türkiyə NATO-nu dəstəkləməlidir. Ona görə də Türkiyə qarşıdurmanın açıq müstəviyə keçməsini istəmir”.

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ-ın Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketini təxirə salması haqda məlumat yayılıb. Digər yandan, Almaniya da Ukraynaya antidron sistemləri və silahlarının satışına qadağa qoyub. Sizcə, Qərb bu dəfə də Ukraynanı Rusiya ilə qarşıdurmada tək qoyacaq?

- Aydındır ki, Qərb hərbi müstəvidə Rusiya ilə münasibətlərinin pisləşməsini istəmir. Çünki bu, Qərb üçün müəmmalı nəticələrlə yekunlaşa bilər. Digər yandan, Ukraynaya veriləcək silahların hansı formada tətbiq ediləcəyi də müəmmalıdır. Çox vaxt Azərbaycanı Ukrayna ilə müqayisə edirlər. Azərbaycan 30 ildir bu müharibəyə hazırlaşırdı, sistemli iş görürdü. Bundan başqa, xüsusi təlimlər keçirilirdi. Hər bir neçə irimiqyaslı və digər səviyyələrdə təlimlər olurdu, silahlanma proqramımız vardı və s. Ukraynada isə belə deyil. Düzdür, Ukrayna NATO çərçivəsində hansısa vahid proqram hazırlayırlar, həyata keçirirlər, amma o dərəcədə deyil. Yəni iş Ukraynaya silahlar verməklə bitmir, NATO-Ukrayna vahid strategiyası və ya hərbi-siyasi strategiya olmalıdır, amma bu yoxdur.

Hesab edirəm ki, Qərb üçün Ukraynaya silahların verilməsi strateji baxımdan məqsədəuyğun sayılmır. Məsələn, Baltikyanı dövlətlər, Rumıniya və Polşa üçün müəyyən strategiya var. Çünki onlar NATO ölkələridir. Ukrayna isə NATO strukturlarına inteqrasiya olunmayıb. Belə bir vəziyyətdə bu silahları vermək, Ukraynanı odla oynamağa sövq etmək deməkdir. Bunu da istəmirlər. Çünki son nəticədə cavabdeh tərəf Qərb olacaq.

- Bəs Rusiyanın hücum ehtimalı nə qədərdir?

- Qənaətimə görə, Rusiya Ukraynaya hücum etmək niyyətində deyil. Burada başqa bir məqsəd də var. Sadəcə olaraq, Rusiya Qərbə təzyiq göstərməyə çalışır. Yəni Rusiya göstərməyə çalışır ki, Ukrayna hərbi müstəvidə addım atsa, onun buna cavab vermək üçün daxili etnik imkanları var. Bir sözlə, Rusiya hücuma hazırlaşmır, sadəcə olaraq, qarşı tərəfdən hansısa addım atılsa, buna cavab verə bilər.

- Belə bir fikir də var ki, Qərbdə Rusiyanın qarşısını ala biləcək yeganə güc İngiltərədir. Rəsmi London verdiyi açıqlamalarla müttəfiqləri ilə müqayisədə daha cəsarətli görünür. Hətta Ukraynanı tək qoymayacaqlarına dair mesajlar da var. Siz nə düşünürsünüz?

- Rusiya və İngiltərə arasında qlobal miqyasda geosiyasi rəqabət var. Bu rəqabət də əsrlərdir davam edir. Bu açıqlamalar və ya ittihamların da geosiyasi rəqabətin təzahürü olduğunu düşünürəm. Amma praktiki baxımdan, İngiltərə Rusiya ilə müharibə apara bilməz. Hamı yaxşı bilir ki, İngiltərə hərbi müstəvidə Rusiya ilə mübarizəyə başlasa, onda ABŞ və NATO-nun digər ölkələri də bura cəlb oluna bilər. Hesab edirəm ki, nə NATO, nə də ABŞ Rusiya ilə müharibəyə girmək istəyir. Onlar İngiltərəyə təzyiqlər edəcəklər ki, təkbaşına hərəkət etməsin. Çünki təkbaşına addımlar kollektiv Qərbin təhlükəsizliyini təhlükə altında qoya bilər. Buna görə də düşünürəm ki, müttəfiqləri İngiltərəni daha cəsarətli addımlardan çəkindirəcəklər.

- Türkiyə isə Kiyev və Kreml arasında vasitəçi olmaq təklifini verib. Sizcə, buna razılıq veriləcəkmi?

- Ankaraya görə, əgər NATO-Rusiya qarşıdurması güclənirsə, onda Türkiyənin də maraqları zərbə altında qala bilər. Çünki Türkiyə də NATO ölkəsidir və onun strategiyası çərçivəsində hərəkət etməlidir. Əgər Qara dənizdə hansısa hərbi əməliyyatlar keçirilsə, onda Türkiyə NATO-nu dəstəkləməlidir. Ona görə də Türkiyə qarşıdurmanın açıq müstəviyə keçməsini istəmir.

Digər yandan, hazırda Türkiyə-Rusiya münasibətləri yaxşı səviyyədədir. Ankara bu münasibətləri də zərbə qarşısında qoymaq istəmir. Eyni zamanda, vasitəçi olmaqla regiondakı geosiyasi nüfuzunu da gücləndirmək istəyir. Bu vasitəçilik o zaman bəhrə verə bilər ki, buna həm Kiyev, həm də Moskva razılıq versin. Ola bilər ki, Rusiya buna razı olsun. Bununla bağlı Rusiyada prinsipial narazılıq yoxdur. Amma Ukraynanın bu nöqtədə daha çox Qərbin fikirlərini nəzərə aldığını düşünürəm. ABŞ və digər Qərb dövlətlərinin Türkiyənin vasitəçiliyini dəstəkləyəcəklərinə də inanmıram. Çünki bu, Türkiyənin bölgədə geosiyasi və hərbi-siyasi nüfuzunu artıra bilər. Bunun da bəzi NATO ölkələrini qıcıqlandıracağını düşünürəm.

- Avstriyanın paytaxtında İranla “Altılıq” arasında nüvə danışıqları başlayıb. Bu danışıqlardan gözləntiniz nədir: fikir ayrılıqlarını aradan götürmək mümkün olacaqmı?

- Bunun mümkün olacağını gözləmirəm. Çünki İran uranın zənginləşdirilməsi ilə bağlı çox cəsarətli addımlar atır. Eyni zamanda, hərbi cəhətdən də özünü təkmilləşdirir, öz ordusunu yeni raketlərlə təchiz etməyə başlayıb. İran ordusunun arsenalındakı bəzi raketlərin nüvə başlıqları daşımaq imkanları da var. Qərbin tələbi isə budur ki, İran özünün nüvə və hərbi strategiyasına əl gəzdirsin. Nəinki əl gəzdirsin, geri addım atsın. Bunun İranın mövqeyi ilə uzlaşdığını düşünmürəm. İranın da istəyi budur ki, silahlanmasındakı proqresi və uranın zənginləşdirilməsinin indiki səviyyəsini qəbul etsin. Qərb də bunu istəmir.

Təbii ki, danışıqlar gedəcək. Amma indiki şəraitdə bu danışıqlardan müsbət nəticələrin çıxacağını gözləmək çətindir.

- Bu anlaşılmazlığa adekvat olaraq, İran-İsrail gərginliyi də pik həddədir. İsrailin İrana hücum edəcəyi ehtimalı hər gün artır. İsrail müdafiə naziri Benni Qantsın amerikalı həmkarı ilə görüşündə İrana hücum planını ona təqdim etməsi haqda xəbər də var. İngiltərə və ABŞ da bu sonuncu şansdan istifadə etməsi haqda İrana xəbərdarlıq edib. Sizcə, masada anlaşmaq mümkün olmasa, İrana hücum olacaqmı?

- Bunun reallaşa biləcəyini düşünürəm. İran ordusunun yeni orta və qısamənzilli raketlərlə silahlandırılması proqramı və uranın yüksək həcmdə zənginləşdirilməsi ondan xəbər verir ki, Tehran dünya üçün daha təhlükəli mənbə kimi qarşılanır. Qərb isə İrana real təzyiqlər göstərə bilmir. İsrail isə Qərbə göstərməyə çalışır ki, İranla bağlı hansısa hərbi planını təkbaşına reallaşdıra bilər. İsrailin bu addımı ona imkan yarada bilər ki, Qərb İrana qarşı təzyiqləri artırsın. Düşünürəm ki, Qərb İranın edə biləcəyi güzəştləri artırmaq üçün İsrailin atacağı addımları dəstəkləyə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər