Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, “3+3” formatında ilk görüş Moskvada baş tutdu. Bu platforma bölgədə əməkdaşlıq üçün nə dərəcədə təsirli ola bilər?
- “6-lıq” əməkdaşlıq formatı regionda iqtisadi əməkdaşlığın etibarlı əsaslar üzərində qurulması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu amil regional təhlükəsizlik sisteminin formalaşdırılması üçün yeganə yoldur. Çünki dövlətlər arasında etibarlı əməkdaşlıq sistemini qurmadan hansısa bir dialoqa nail olmaq qeyri-mümkündür. “3+3” formatı regionun bəzi ölkələri tərəfindən ilk vaxtlarda şübhə ilə qarşılansa da, sonradan dəstəklənməyə başlandı.
- Bu platformanın reallaşmasından kimlər narahat idi?
- Region ölkələrini narahat edən bir sıra məsələlər vardır ki, bundan çıxış edirdilər. Sonradan bu mövqelərdə korrektələr edildi. İran tərəfi düşünürdü ki, Zəngəzur dəhlizinin yaradılması onun hansısa tranzit üstünlüklərinə xələl gətirəcək. Eyni zamanda başqa siyasi motivlərdən də çıxış edilirdi. Amma bu birgə bəyanatın imzalanmasından sonra İranın xarici işlər naziri Azərbaycanda iki dəfə səfərdə oldu. Bu görüşlərdə Zəngəzur dəhlizinin İran tərəfindən dəstəkləndiyini açıq mətnlə bildirdi. Gürcüstan da eyni motivlərə söykənərək mövqe bildirirdi ki, Zəngəzur dəhlizi bu ölkənin tranzit imkanlarını zəiflətməklə ümumilikdə onun iqtisadiyyatı üçün çox da məqbul olmaya bilər.
- Sizcə, Zəngəzur dəhlizi açılmadan “3+3” platformasının reallaşması nə dərəcədə mümkündür?
- Ümumilikdə, Zəngəzur dəhlizinin açılması elə birbaşa “6-lıq” əməkdaşlıq platformasının yaranmasının kökündə dayanır. Bu dəhliz açılmadan effektiv əməkdaşlıq platforması yaratmaq qeyri-mümkündür. Bunlar bir-birinə bağlı amillərdir. Yəni “6-lıq” əməkdaşlıq platforması mütləq şəkildə Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bu olmasa, əməkdaşlıq platformasının səmərəliliyi haqqında danışmaq üçün ciddi əsaslar olmayacaq. Regionun aparıcı ölkələri olan Azərbaycan, Türkiyə Rusiya tərəfindən bu dəhliz yekdilliklə dəstəklənməkdədir. Təbii ki, onların mövqeyi də həlledici olacaq. Ermənistanın isə sərbəst qərar vermək imkanları məhduddur. Yəni ilk növbədə Ermənistan qeyri-konstruktiv davranışları ilə regionda cərəyan edən pozitiv dəyişikliyə qarşı çıxışlarını məhz Qərbin təlimatları əsasında edir. Eyni zamanda Ermənistana Rusiyanın çox ciddi təsir imkanları mövcuddur. Bu da Ermənistanın mövqeyinə çox ciddi təsir edir. Erməni baş nazir Qərbin yaxından dəstəyi ilə hakimiyyətə gəlib. Amma bütün hallarda dərk etdiyi reallıq da ondan ibarətdir ki, Rusiyaya qarşı gəlmək Ermənistana mənfi təsirləri olacaq. Belə olan halda Nikol Paşinyan öz siyasi hakimiyyətini qorumaq üçün manevrlər etməyə çalışır. Amma bütün hallarda bu manevrlər də Rusiyanın istəklərinə uyğun olacaq.
- “6-lıq” platforması üçün yetərli ciddi siyasi iradənin olması prosesin irəliyə aparılmasına nə dərəcədə təsirli olacaq?
- Bu yeni əməkdaşlıq platformasının yaradılması istiqamətində ortada kifayət qədər güclü dövlətlərin iradəsi mövcuddur və bu baş tutacaq. Regionun gələcək təhlükəsizliyi bu platforma ilə birbaşa bağlıdır. Çünki nə qədər sıx əməkdaşlıq olacaqsa, ölkələr arasında ziddiyyətli məqamlar bir o qədər az olacaq. Belə hallar meydana gələrsə də dialoq yolu ilə tez bir zamanda həllini tapacaq. Bu da o deməkdir ki, regional təhlükəsizlik məsələləri effektiv şəkildə öz həllini tapmış olacaq. Ona görə də, “6-lıq” əməkdaşlıq platforması Cənubi Qafqaz regionunda işçi qüvvəsinin, maliyyənin, texnologiyanın rahat şəkildə dövr etməsinə imkan yaradacaq. Ümumilikdə, regionun sosial-iqtisadi inkişafına olduqca müsbət təsir göstərəcək. Bu, Azərbaycan, Türkiyə və Rusiya tərəfindən də dəstəklənən unikal təşəbbüsüdür. Bununla da Cənubi Qafqaz regionunda vəziyyət köklü şəkildə müsbətə doğru dəyişəcək.