29 Dekabr 2021 19:28
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, 2021-ci ildə Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı gedişatı necə qiymətləndirirsiniz?

- Sülh prosesi ətrafında müzakirələr aparılır. Hazırda Türkiyə ilə də bu məsələ ətrafında müəyyən danışıqlar aparılır. Ermənistan bu məsələlərdə bir qədər aktiv görüntü yaradır. Azərbaycanın mövqeyi ortadadır. Yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana zəruri mesajlar verilib. Dövlət başçısı da bununla bağlı açıq şəkildə mövqeyimizi ortaya qoyub. Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı mövqeyini bildirdi. Sözsüz ki, bu bir prosesdir. Qarşıdan gələn 2022-ci ildə bu məsələyə tam aydınlığın gəlməsi gözlənilir. Amma Azərbaycan sülhə nail olacaq.

- Nikol Paşinyanın son açıqlamaları ilə separatçıların mövqeyi arasında kəskin fərq var. Bunu necə şərh etmək olar?

- Hər kəs bilir ki, Ermənistan hakimiyyəti olmadan separatçıların orada qalması mümkün deyil. Çünki onlar hər zaman Ermənistan hakimiyyətinin himayəsi altında olub. Azərbaycan üçün əsas olan sözsüz ki, Ermənistan hakimiyyətinin münasibətidir. Ermənistanın baş naziri də bir neçə gün öncə bəyanat verdi və açıqladı ki, Qarabağ Azərbaycanındır. Ona görə də, separatçıların mənasız yanaşmaları heç bir əhəmiyyət kəsb etmir. Bu cür yanaşmaların heç bir gücü və imkanı yoxdur. Onlar zamanla aradan çıxan məsələlərdir.

- Sizcə, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə real sülhə nə dərəcədə hazırdır?

- N.Paşinyan açıqlama verdi ki, onlar Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına hazırdır. Sadəcə gözlənilən odur ki, bu bəyanatlar əməli işə keçsin. Bizim bu məsələdə mövqeyimiz aydın və açıqdır. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi də bununla bağlı konkret bəyanatlar verib. Sadəcə olaraq delimitasiya və demarkasiya məsələləri yekunlaşdıqdan sonra yekun sülh üçün heç bir maneə qalmamalıdır. Artıq Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdi. Bundan sonra qalan detallar müzakirə prosesində həll ediləcək.

- Sizcə, erməni baş nazirin son açıqlsması məcburiyyətdən irəli gəlirdi yoxsa?

- Bununla bağlı dəfələrlə Azərbaycan hakimiyyəti tərəfindən bəyanat verilib ki, Qarabağla bağlı heç bir “status”dan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunvericiliyinə uyğun yaşaya bilər. Onlara Azərbaycan vətəndaşı statusunun da verilməsi mümkündür. Bunu istəməyənin isə oradan köçüb getməsində heç bir problem yoxdur. Burada qeyri-adi heç nə yoxdur. Ermənistanın baş naziri də artıq bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin “statusu” Azərbaycan Respublikasının Konstitusiyasına uyğun formada həl oluna bilər. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları Konstitusiyaya uyğun olaraq hansı statusu daşıyırsa, Qarabağda ermənilər də analoji olaraq bu hüquqa sahib olması mümkündür. Status dedikdə məhz bunu başa düşmək lazımdır. Burada onlara hansısa bir qondarma qurum çərçivəsində bir qrup erməniyə əlahiddə bir “status” vermək qeyri-mümkündür. Bu barədə söhbət belə gedə bilməz.

- Fransada prezidentliyə namizədlərin bu yaxınlarda qanunsuz olaraq Xankəndiyə səfəri oldu. Fransada keçiriləcək prezident seçkiləri “marafonuna” Xankəndindən başlamaq nə ilə bağlıdır?

- 2022-ci ildə Fransada prezident seçkiləri keçiriləcək. Xankəndinə gələn də Fransada prezidentliyə namizəd “Respublikaçılar” partiyasının təmsilçisi idi. Onlar da Fransada yaşayan erməni diasporunun dəstəyini almaq üçün Ermənistana səfər edir və qanunsuz olaraq Qarabağa da gəlirlər. Milli Məclisdə fəaliyyət göstərən Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri bu qanunsuz səfərlə bağlı bəyanat verib. “Respublikaçılar” partiyasından olan xanım namizədin Azərbaycan ərazisinə qanunsuz səfəri tamamilə təxribat xarakterli addım idi. Çünki bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Amma ümumilikdə bu yaxşı bir hal deyil. Eyni zamanda qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olan adamlar qanunvericiliyə uyğun olaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər