12 Yanvar 2022 09:41
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, hazırda Azərbaycanla Ermənistan arasında yekun sülhə aparacaq məsələlər üzrə proses izlənməkdədir. Bu mərhələdə şərtlər əsasən hansı prinsiplər üzərində qurulub?

- Sülh dedikdə ilk növbədə əsas amil Azərbaycan və Ermənistan arasında ərazi probleminin olmadığı, iki ölkə sərhədlərinin müəyyənləşməsi, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirən yolun açılmasıdır. Sülhün əsasını bu üç prinsip təşkil edir. Ermənistanın bundan o tərəfə hər hansı bir siyasət yürütməsi, nə isə deməsi Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Çünki Ermənistan Azərbaycan üçün nə müttəfiq, nə də ki, dostdur. Ölkələr arasında mehriban qonşuluq siyasəti belə yoxdur. Ermənistanın müstəqil olduğu dövrdə Azərbaycana qarşı ərazi iddiaları, dinc əhalimizi qırması və digər məkrli palanları olub. Amma bütün bunlara baxmayaraq Vətən Müharibəsindən sonra Azərbaycan post-münaqişə dövrünün başladığını, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanla normal münasibətlərin qurulmasını təklif etdi.

- Sizcə, prosesin indiki səviyyəsi qənaətbəxş sayıla bilərmi?

- Bu proses asan getmir. Ermənistan hələ də köhnə fikirlərindən, keçmiş metodlarından tam əl çəkmək istəmir. Daha doğrusu onlar hələ də, hansısa bir möcüzəyə ümid bəsləyir. Onlara elə gəlir ki, hansısa bir qüdrətli dövlət və ya güc yenidən onun Azərbaycan, Türkiyə torpaqlarına qarşı iddiasına dəstək verəcək, beləliklə də, Ermənistanı silahlandıracaq, onun yerinə müharibə aparacaq. Amma bütün bunların hamısı keçmişdə qaldı. Proseslər ancaq Azərbaycanın üç baza prinsipinin qəbul edilməsindən gedir.

- Qarşı tərəf bu şərtlərə necə adekvat olacaq?

- Ermənistan sözsüz ki, bunu etməlidir. Ona görə ki, bunu etmək eyni zamanda onun da maraqlarına cavab verir. Bunlara əməl etməmək onun hər zaman Azərbaycanla konfiliktdə olması demək olacaq. Bundan sonra bu ölkə iqtisadi cəhətdən çökəcək, əhalisi köçüb gedəcək. Bu prinsipləri qəbul etməmək Ermənistanı yüz milyonlarla dollar asan gəlirdən məhrum edəcək. Paralel olaraq Ermənistan regional layihələrdən kənarda qalacaq. Ona görə də, Ermənistan bunu dərk edir. Ancaq bununla belə köhnə ideologiya, köhnə fikir hələ də, çox təəssüf hakimiyyət təmsilçilərinin belə beyinlərindən tam getməyib.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına Azərbaycanın yanaşması necədir?

- Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına Azərbaycan normal baxır. Çünki Türkiyə qardaş, dost ölkə kimi vaxtilə Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra onunla bütün əlaqələrini kəsib. Qardaş Türkiyə əlaqələrin bərpasının ancaq Ermənistanın Azərbaycan torpaqlarından qoşunlarını çıxarmasından sonra mümkün olacağını bildirib. Bu baş verib. Belə olan halda Ermənistan-Türkiyə danışıqları artıq iki dövlət arasında münasibətlərin normallaşmasından gedir. Türkiyə tərəfi daim bəyanat verib ki, bu münasibətlərin normallaşması ancaq Azərbaycanla Ermənistanın münasibətlərindən asılı olacaq. Burada Azərbaycanın mövqeyinin nəzərə alınacağı açıq şəkildə vurğulanıb. Ona görə də, biz qardaş, dost Türkiyə xalqına, dövlətinə, onun rəhbəri Azərbaycanın böyük dostu, çox hörmətli ölkə başçısı Rəcəb Tayyib Ərdoğana öz minnətdarlığımızı bildiririk.

- KTMT-nın onlayn toplantısında Paşinyanın səsləndirdiyi absurd yanaşmaları necə şərh etmək olar?

- Ermənistanın vaxtaşırı bu və ya digər platformalarda çıxışları ilk növbədə onun özünə ziyan vurur. Çünki bu çıxışlardan nə Türkiyə, nə də Azərbaycan hər hansı bir zərər çəkəcək. Nəticə etibarilə Soçi və Brüssel görüşlərində artıq Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bu ölkənin ərazisindən keçən dəmir yolunun bərpasının neçəyə başa gələcəyini, mümkün olacaq qədər tez həll edəcəyini bildirib. Çünki Azərbaycanla quru yolun açılması Ermənistana hava, su kimi lazımdır. Bu yolla o, Rusiya, İran və digər ölkələrə çıxmaq imkanı qazana bilir. Ona görə də, erməni tərəfinin bir tərəfdə dili danışsa da, digər tərəfdə isə onun üçün yeni olan reallıqları qəbul etmək məcburiyyətindədir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər