11 Yanvar 2022 17:03
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” informasiya agentliyinin rəhbəri, analitik Mehman Əliyev Teleqraf.com-un suallarına cavab verib.

Onunla müsahibəni təqdim edirik:

- Mehman müəllim, hazırda Qərb və Rusiya arasında təhlükəsizlik mövzusunda danışıqlar aparılır. Danışıqların ana xəttini Putinin tələbləri təşkil edir. Daha konkret desək, Ukrayna və Gürcüstan NATO-ya daxil olmur, keçmiş SSRİ ərazisi Rusiyanın təsir məkanı kimi tanınır, Pribaltikadan Şərqi Avropaya qədər uzanan xətt üzrə yerləşdirilən NATO ağır silahları geri çəkilir. Bu danışıqlardan gözləntiniz nədir?

- Əlbəttə, bu prosesi hamı müşahidə edir, izləyir. Mən də hər kəs kimi bununla bağlı informasiyaların necə yayıldığını görürəm. Görünən odur ki, Rusiya ilə ABŞ optimist ümidlər verən proses içindədir. Yəni tərəflər danışıqlara hazırdır, maraqları nəzərə almaq niyyətindədirlər. Mənim ehtimalına görə, bu danışıqların nəticəsi müsbət olacaq və sonda yenidən Bayden-Putin görüşü hazırlanacaq. Hər iki ölkənin lideri yenidən görüşüb, diplomatik danışıqların nəticəsini qiymətləndirəcək. Gözləntim budur. Yəni proseslər müsbətə doğru gedir və əvvəlki dövrlərdən fərqlənir. Ümumiyyətlə hesab edirəm ki, Bayden hakimiyyətə gəldikdən sonra Rusiya-Amerika münasibətlərində əməkdaşlıq istiqamətində addımların atılması müşahidə edilir. Bu da əslində müsbət prosesdir. Dünyaya gərginlik və qarşıdurma deyil, sabitlik və inkişaf, iqtisadi-ticari əlaqələr vacibdir.

- Danışıqlar Rusiyanın tələbləri əsasında keçirilirsə, deməli, Moskvanın istəkləri ətrafında razılaşma əldə ediləcək?

- Məncə, bu problem deyil. Moskvada anlayırlar ki, Ukrayna və Gürcüstan Qərb orbitinə yaxınlaşır və ora daxil olacaq. Yəni bu prosesin qarşısını almaq mümkün deyil. Burada ondan daha vacib məqam nüvə silahları və raketlərin yerləşdirilməsi, indiki şəraitdə təhlükəsizliklə bağlı ikitərəfli qarantiyaların əldə edilməsi məsələsidir. Çünki indiki gərgin dövrdə nüvə silahlarına dair təhlükələr güclənir. Diqqət etdinizsə, beş nüvə dövlətinin ortaq bəyanatı oldu. Bu da təsadüfi deyildi. Ümumiyyətlə, son dövrlər nüvə silahı çoxalır, modernizasiya olunur, eləcə də dünyada daha sürətli hipersəsli raketlər yaradılır. Buna görə də ehtiyac var ki, bu istiqamətdə proseslər tənzimlənsin. Əsas məqam məncə, budur. Elə bu nöqteyi-nəzərdən də mən başqa problem görmürəm.

- Bununla paralel olaraq Vyanada keçirilən İranla bağlı nüvə danışıqları hansı nəticələr ortaya qoyacaq?

- Bu geniş mövzudur. Amma bu problemin həllinin vaxtı deyil. Əslində orada vacibi İran neftinin dünyaya çıxmaması məsələsidir. Yəni iqtisadi sanksiyalar. Hesab edirəm ki, bu da davam edəcək. Çünki İran nefti blokadadır və bu problem böyük maraqlara bağlanır. Odur ki, indiki vəziyyətdə İranı bu formada saxlamaqda maraqlıdırlar. Əsas məsələ də budur. Əlbəttə, digər istiqamətlərdə var. Məsələn, hazırda İran bir neçə proseslərdə iştirak edir, fəaldır. Onu bu proseslərdən kənarlaşdırmaq niyyətləri də var. İranla bağlı vəziyyət bu cürdür. Əlbəttə, orada əsas məsələ neftlə bağlıdır və onun da həll edilməsinin zamanı hələ çatmayıb. Deməli, vəziyyət indiki kimi davam edəcək. Danışıqları isə aparmaq mümkündür. Bu, ən azı təmas, tərəflərin bir-biri ilə masa arxasında vəziyyəti müzakirə etmək fürsətidir.

- Ehtimal edirsiniz ki, Rusiya və ABŞ arasında təhlükəsizlik mövzusunda danışıqlarda ümumi razılıq əldə ediləcək. Amma NATO baş katibi Yens Stoltenberq elan edir ki, Rusiyanın tələblərini qəbul etmək mümkünsüzdür...

- Söhbət hansı tələblərdən gedir? Əgər Ukrayna və Gürcüstandan gedirsə, onlar Qərbə inteqrasiya edəcək. Onun qarşısını almaq da mümkün deyil. Mən bir daha qeyd edirəm ki, burada daha önəmli mövzu silahların yerləşdirilməsinə dairdir. Əvvəla, Moskva bu ölkələrin oriyentasiya dəyişikliyinə qarşı çıxa bilmir və ya çıxıb nəsə əldə edə bilmir. Məncə, danışıqlarda ruslar deyirlər ki, bəzi ölkələrin oriyentasiyasına qarşı çıxmırlar, amma Qərb olaraq bizə qarantiya verin ki, həmin ölkələrin əraziləri bizə qarşı istifadə edilməyəcək. Söhbət bundan gedir. Yəni bu ölkələr Qərbə və ya NATO-ya doğru getsinlər, amma onların ərazisindən bizə qarşı istifadə edilməsin. Onlar birinci məsələ ilə razılaşıb, ikinci məsələyə dair isə qarantiya istəyir.

- Əgər dediyiniz kimi ABŞ və Rusiya arasında razılaşma əldə ediləcəksə, bu, Çinə qarşı olmayacaqmı?

- Hesab edirəm ki, Çini bu prosesə qatmaq doğru deyil, qatanlar da səhv edirlər. Çinin dünyada yeri və rolu var. Nəzərə almaq lazımdır ki, müasir dünyada Çinin gücü, təsir dairəsi, iqtisadiyyatı, ABŞ və digər dövətlərlə münasibəti, ticarət əlaqələri var. Bu mənada Çinin bu mövzuya aidiyyəti yoxdur.

- Amma bir sıra analitiklər də iddia edirlər ki, ABŞ və Rusiya arasında razılıq əldə edildikdən sonra Vaşinqton bütün imkan və resursları ilə Pekinin üzərinə fokuslaşacaq...

- ABŞ onsuz indi də Çinə fokuslaşıb. Amerikanın gücü, resurs və imkanları o qədər böyükdür ki, Rusiya kimi orada-burada hərbçilər saxlayanda problemləri yaranmır. ABŞ qüvvələri çoxdan Çinin ətrafında, Sakit okeanda yerləşib. Amma indi Çinlə ABŞ münasibətləri elə vəziyyətdə deyil ki, onlar müharibə vəziyyətinə daxil olurlar. Onlar yalnız böyük rəqiblər deyil, eyni zamanda ən böyük iqtisadi-ticari partnyorlardır. Həm də ən böyük sərmayə qoyan ölkələrdir. Eləcə də Çin elan etmir ki, məsələn, Ukrayna heç bir halda NATO-ya üzv ola bilməz və ya Özbəkistan Qərblə əlaqələr saxlamamalıdır. Çinlə belə problemlər yoxdur. Çin bütün regionlara münasibətdə iqtisadi eksponsiya siyasəti həyata keçirir. Mallarını satmaq, resursları gücləndirmək niyyəti var. Beləcə ABŞ-la rəqabət gedir. Həm də Çinin başqa ölkələrə qoyduğu sərmayənin bəyəm 100 faizi Çinin özünündür? Nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatının böyük hissəsi əslində xarici kapitaldır. Odur ki, bu, tamamilə başqa mövzudur.


Müəllif: Nemət

Oxşar xəbərlər