Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 32 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızdadır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O, qeyd edib ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli, ermənipərəst münasibətinə, eyni zamanda əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinə xalqın etirazı vardı: “Amma dinc xalqın üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı. Böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Bakıda ümumilikdə bölgələrdə 147 nəfər qətlə yetirildi. 744 nəfər yaralandı. 841 nəfər isə qanunsuz həbs edildi. 112 nəfər SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılırdı.
Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri - uşaqlar, qadınlar, qocalar, əlillər də var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüzün nəticəsində yüzlərlə ev, onlarla avtomaş, o cumlədən, təcili yardım maşınları dağıdılmış, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.
Lakin bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qırmadı. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib cıxardı”.
Millət vəkili bildirib ki, həmin günlərdə ölkə informasiya blokadasında idi və dünya ictimaiyyətinə Azərbaycanla bağlı düzgün məlumat verilmirdi: “20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində informasiya blokadası yarılmış oldu. Ümummilli lider Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib təcavüzə kəskin etirazını bildirdi.
Faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi və sovet qoşunlarının dərhal Bakıdan çıxarılmasını tələb etdi. Bu, Bakıda Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciəyə verilən ilk siyasi qiymət idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələ dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı. Ulu öndərin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi.
Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərinin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub: “Dövləti başçısının 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib”.
Hicran Hüseynovaya görə, 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında ən mühüm zirvəsinə çatdı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə Azərbaycan tarixində yeni bir dönəmin əsasını qoydu. Vaxtı ilə Şəhidlər Xiyabana gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər.
Bu gün biz ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar Şəhidlərini yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.