24 Yanvar 2022 20:14
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsindəki qələbəmizdən bir ildən çox müddət keçir. Ötən dövr ərzində ölkəmiz müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimum konstruktivlik nümayiş etdirib. Azərbaycan hərbi, diplomatik, siyasi müstəvidə ləyaqətlə, ədalətlə mübarizə aparıb və bu gün də öz mövqeyində qalır. Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsindən sonra regionda yeni reallığın yarandığını və bu vəziyyəti müsbət istiqamətə yönləndirmək zərurətini bir çox çıxışlarında xüsusi vurğulayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, post-münaqişə dövründə regional əməkdaşlıqlar üçün əsaslı zəmin yaranıb:

“Əlverişli kommunikasiya imkanları, bölgənin gələcəyi, sülhün, sabitliyin təmin olunması Azərbaycanın ən böyük istəyidir. Azərbaycanın hərbi-siyasi qələbəsi, Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci ilin noyabr 10-da imzalanmış Bəyanatdan sonra bölgədə yeni reallıq yaranıb. Bunun siyasi və diplomatik müstəvidə davamı olaraq 2021-ci ilin 11 yanvar Moskva, 26 noyabr Soçi və 14 dekabr Brüssel görüşlərində əldə edilən uğurları sadalamaq olar. Bu sənədlərdəki bəndlər Azərbaycanın mövqeyi ifadə edir. Prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür”.

Millət vəkilinə görə, Azərbaycanla Ermənistan arasında delimitasiya, sülh müqaviləsi, ərazi bütövlüyünün tanınması məsələləri gündəmdədir:

“Bunun ardınca kommunikasiyalarının açılması, ilə bölgədə əməkdaşlıq üçün yeni imkanlar açıla bilər. Azərbaycan tərəfi bu məsələlərlə bağlı siyasi iradə nümayiş etdirir. Ölkəmiz mümkün təklifləri qarşı tərəfə göndərib. Ermənistan rəhbərliyində isə gələcəklə bağlı hələ də açıq-aydın təsəvvür yoxdur. Erməni tərəfi anlayır ki, sülh olmasa, güclü Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Digər tərəfdən isə sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsinə hazır deyillər. Bu səbəbdən də erməni tərəfi belə məsələlərdə qərarsız qalıb. Amma Azərbaycan Prezidenti vurğulayıb ki, xoşniyyətli davranış əbədi olmayacaq və təkliflər də əbədi masa üzərində qalmayacaq. Çünki sülh müqaviləsinni imzalanmamasından və Azərbaycanın ərazi bütövlüyünün tanınmamasından itirən yalnız Ermənistan olacaq”.

Komitə sədri hesab edir ki, Zəngəzur dəhlizi region dövlətləri və daha böyük coğrafiya üçün böyük iqtisadi, siyasi əhəmiyyət kəsb edir:

“30 ilə yaxın Ermənistanın işğalçı siyasəti səbəbindən həll edilməmiş qalan bu münaqişə həm də Cənubi Qafqazın təhlükəsizliyinə təhlükə yaradıb. Artıq münaqişə bitib. Regionun sürətli inkişafına ciddi maneə yoxdur. Böyük iqtisadi və siyasi imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılması region dövlətlərinin hər birinin marağındadır. Ona görə də Azərbaycanın mövqeyinə, tutduğu yola böyük həssaslıq göstərilir. Bu baxımdan Prezident İlham Əliyevin mütərəqqi çağırışları dəstəklənir. Əslində Ermənistan da Zəngəzur dəhlizindən fayda götürə bilər. Artıq yeni dünya düzəni formalaşır. Hər bir ölkənin, o cümlədən də Azərbaycanın qarşısında duran çağırışlar var”.

Hicran hüseynovaya görə, Azərbaycan yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biridir:

“Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilata yeni nəfəs gətirib. Beynəlxalq hüququn aliliyini müdafiə edilməsi, peyvənd millətçiliyinin aradan qaldırılması, humanizm və sosial ədalət prinsiplərinin tətbiq edilməsi istiqamətində görülən işlər buna əyani sübutdur. Üzv ölkələrlə əməkdaşlıq, qarşılıqlı humanitar münasibətlər ölkəmizi beynəlxalq aləmin məsuliyyətli üzvünə çevirib. Bundan sonra da Azərbaycan dünya təsisatlarının fəaliyyətində fəallıq göstərərək beynəlxalq hüququn aliliyini müdafiə edəcək”.


Müəllif: Tapdıq Qurbanlı