26 Yanvar 2022 09:05
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistan prezidentinin gözlənilmədən istefası hansı məqamlardan xəbər verir?

- Ermənistanın hazırkı konstitusiyasına görə, ölkə prezidentinin elə də geniş səlahiyyət imkanları mövcud deyildi. Ölkə prezidenti bu qanunverciliklə daxili proseslərə müdaxilə edə bilmirdi. Hazırkı vəziyyətdə isə o, məsuliyyəti bölüşmək istəməyib. Ona görə də, Ermənistan prezidentinin istefası da gözlənilən idi. Baş nazir Nikol Paşinyanla Armen Sərkisyan arasında olan gərginlik burada mühüm rol oynadı. Sözsüz ki, bu da yekun qərarın verilməsində az rola malik deyil.

- Konstitusiya islahatlarının elan edilməsi ərəfəsində bu addım nədən xəbər verir?

- Sözsüz ki, Ermənistanda Paşinyanın təşəbbüsü ilə irəli sürülən konstitusiya islahatları dövrü gəlir. Hər halda bu islahatlarda Sərkisyan özünə yer görməyib. Düşünüb ki, Ermənistan siyasətində artıq ona ehtiyac qalmayıb. Bu baxımdan öncədən siyasi arenadan çəkilməli olub.

- Azərbyacan və Türkiyə ilə əlaqələr, sərhədlərin dəqiqləşməsi, Qarabağ məsələsi istefa qərarında nə dərəcədə təsirli görünür?

- Sərkisyan Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edirdi. Ona görə də istefa qərarında bu amillərin olması istisna edilmir. Sadəcə o, proseslərə təsir imkanları olmadığına görə postdan getmək qərarı verməli olub.

- Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı varmı?

- Güman edirəm ki, Sərkisyanın istefası Ermənistanda növbəti hakimiyyət dəyişikliyi mərhələsinin bir hissəsidir. Amma qısa zamanda bunun baş verəcəyini də ehtimal etmək olmaz. Çünki Paşinyan hazırkı mərhələdə ölkənin əsas qanununda dəyişiklikləri hakimiyyətin ötürülməsindən daha önəmli hal kimi önə çəkir.

- Türkiyə ilə danışıqların perspektivi haqqında nə demək olar?

- Ermənistanda da bu məsələ ilə bağlı müxtəlif sorğular aparılıb. Cəmiyyətdə fərqli fikirlər var. Müəyyən qrup Azərbaycanla və Türkiyə ilə danışıqların, prosesin irəliləməsinin əleyhinədir. Amma müəyyən bir qrup isə əlaqələrin qurulmasında maraqlıdır. Düşünürlər ki, bu əlaqələr olmasa Ermənistanın heç bir gələcəyi yoxdur. Bu isə ölkədəki fikir ayrılıqlarının, psixoloji durumun hansı səviyyədə olduğunu göstərir. Çünki II Qarabağ müharibəsindəki ağır məğlubiyyətin yaratdığı mənzərə və ağır psixoloji durum bir neçə on illik Ermənistan cəmiyyətinə hakim olacaq.

- Siyasi çaxnaşmalar mümkün razılaşmalar üçün hansı təhlükələr yarada bilər?

- Ortada 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il sənədləri və digər razılaşmalar var. Paşinyan bu sənədlərə imza atıb. Bu razılaşmaların icrası da qarşı tərəfdən tələb edilir. Azərbaycanla sərhədlərin dəqiqləşməsi, kommunkasiyaların açılması və digər vacib öhdəlikləri Ermənistan yerinə yetirməlidir. Bunun əksini düşünmək Ermənistan üçün böyük çətinliklər yaradar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər