Ukrayna ətrafında gərginlik davam edir. Rusiyanın tələblərini qəbul etməyən ABŞ başda olmaqla qərb ölkələri NATO-nun Şərqi Avropadakı hərbi imkanlarını gücləndirmək qərarına gəliblər və hazırda Pribaltikadan tutmuş Bolqarıstana qədər bütün ölkələrdə hərbi gücləndirmə işləri aparılır. Ukrayna ətrafında isə hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
Teleqraf.com Ukrayna-Rusiya gərginliyi ilə bağlı professor Əli Abbasovla müzakirə aparıb:
- Əli müəllim, Ukraynada durumun kritik halda olduğunu nəzərə alaraq sizin gözləntiləriniz və proqnozunuz nədir?
- ABŞ Dövlət Departamenti Rusiya ilə bağlı iki sənəd çap edib. Bu sənədlər Rusiyaya qarşıdır. Sənədlərdə Rusiya tərəfindən iddialar və dezinformasiyalar, habelə ona qarşı arqumentlər öz əksini tapıb. Deməli, bu sənədlərə baxanda aydın olur ki, ABŞ bilərəkdən bu sənədləri yayıb və bu həftə ərzində də Rusiyaya rəsmi cavab veriləcək. Yəni sənədi yayırlar, sonra Rusiyanın rəsmi tələblərinə rəsmi cavab verilir. Bu sənədlərdən də aydın görünür ki, Vaşinqton hər hansı kompramisə getmək niyyətində deyil. Bu sənədlərdə Rusiyanın uydurma faktlar irəli sürdüyü qeyd edilir. Ümumiyyətlə isə hərbi gərginlik öz yerində, amma diplomatik kanallar vasitəsilə danışılar da aparılır. Mən ehtimal edirəm ki, danışıqlar davam edəcək. Məsələ də indiki formada qalacaq.
Hazırda NATO ölkələrinin güclü üzvləri qoşunlarını Şərqi Avropada yeni mövqelərə çıxarırlar. Artıq bu planı yerinə yetirirlər. İspaniya, Belçika, Fransa bu durumdan istifadə edərək qoşunlarını Şərqi Avropaya-Rumıniyaya, Polşaya, Baltik ölkələrinə göndərir.
Həm də nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya arasında gedən diplomatik danışıqların formatı bağlanmayıb. İndi ABŞ tərəfi Rusiyaya rəsmi cavab verməlidir, yəqin ki, Moskvada bu cavaba hansısa iradlar olacaq. Güman ki, danışıqlar prosesi aylarla davam edəcək.
- Demək istəyirsiniz ki, müharibə olmayacaq, ruslar Ukraynaya hücum etməyəcək?
- Yox, hələlik müharibəyə ehtiyac yoxdur. Hər iki tərəf bunu anlayır. Üstəlik hər iki tərəfdə olan hərbi qüvvələr müharibənin başlanmasına imkan vermir. Aydındır ki, müharibə aparmaq üçün məntiq olmalıdır, amma bu məntiq görünmür. Burada müharibə başlasa, məsuliyyət ilk addım atan tərəfin üzərində qalacaq. Həm də müharibəyə başlamaq asan, müharibədən çıxmaq çətin işdir. Bunu da nəzərə alırlar. Çoxları gözləyir ki, təsadüfən hadisə baş versin, tərəflərdən biri hücuma keçsin. Bu halda müharibə başlana bilər. Sırf təsadüf nəticəsində. Amma bunun xaricində baş verənlər, xəbərlər, hadisələr sdəcə təbliğatdır. Bu artıq görünür.
- Bu təbliğat niyə aparılır, məqsəd nədir?
- Əslində təbliğat yeni məsələ deyil və bir neçə ildir ki, aparılır. 2014-cü ildə Krım ilhaq olunduqdan, Donetski və Luqanski tutulandan sonra proses başlanıb. Hər bir tərəf maraqlarını əsas götürüb təbliğat aparır. Ruslar deyir ki, əgər NATO irəliyə gəlirsə, mən də nəsə etməliyəm.
- Moskva ABŞ və NATO-dan tələb edirdi ki, Şimali Atlantik Alyansı 1997-ci il sərhədinə qayıtsın, Ukrayna və Gürcüstan NATO-ya qəbul edilməsin. İndi isə biz görürük ki, NATO şərq cinahını gücləndirir, Pribaltikadan tutmuş Bolqarıstana qədər qoşunlarının sayını artırır. Sizcə, bu oyunda uduzan və udan tərəf kim oldu?
- Burada udan və uduzan yoxdur. Proseslər mərhələ-mərhələ gedir. Amma NATO-dan atılan addımlar anlaşılandır. Rusiya deyir ki, irəli sürdüyüm tələbləri qəbul edin və yazılı formada mənim təhlükəsizliyimə qarantiya verin. Bunlar deyirlər nə istəyirsən? Ruslarda istədiklərinin hamısını açıqlayıb. Sözsüz ki, ruslar maksimum tələblər irəli sürüb, amma unutmayaq ki, bunun minimumu da var. Rusiya imkanı olanı edir. Bütün bunlar həm də danışıqlarla paralel şəkildə baş verir.
İkincisi, ABŞ faktiki deyir ki, bu ikimizin məsələsidir və onu həll etməliyik. Bu prosesdə çox şeylər hələ aydın deyil.
- Müharibə deyil, danışıq və dialoq olacaq?
- Əvvəla, orada ordu var. Son zamanlar Qərb tərəfindən ordu və silahlar gəlir. Sadəcə Qərb bu məsələdə vahid mövqedə deyil. Digər tərəfdən, qeyd edilir ki, Ukrayna NATO üzvü deyil. Qərb ölkələri də Ukraynaya silah verir, amma orada döyüşməyəcək. NATO-nun gəlib Ukraynada müharibə aparması da gözlənilən deyil. Çünki bu Rusiyanın əlinə kifayət qədər bəhanələr verərdi. Odur ki, daha realı danışıqlar və dialoqdur.
- Rusların məqsədi nədir?
- Rusiyanın məqsədi konkretdir. Açıq deyir ki, keçmiş sovet məkanı mənim təsir dairəmdir. Ukrayna öz yerində, ruslar Mərkəzi Asiya, Qafqazlar, Moldova, Belarus və digər yerlərin onun təsir dairəsində olmasını Qərbə qəbul etdirmək istəyir. Qərbə deyir ki, gedin, öz məkanınızda iş görün. Ruslar deyir bura mənimdir, siz ya bunu qəbul etməlisiniz, ya da yazılı şəkildə bildirməlisiniz ki, buralarda mənə qarşı istifadə edilməyəcək. Başqa sözlə, bu ölkələr əgər Avropa Birliyinin üzvləri olacaqsa, NATO-nun üzvü olmamalıdırlar. Baxmayaraq ki, dövlətlər ilk olaraq NATO-ya daxil olurlar, sonra isə Avropa Birliyinə. Nəhayətdə indi qaz məsələsi də ortaya çıxıb. Soyuqlar möhkəm düşüb, əsas soyuqlar qabaqdadır və qış sərt keçir. Bu da Avropaya qaz satan Rusiyanın əlində növbəti rıçaqdır ki, Ukrayna prosesində ondan istifadə etməyə çalışır.
Bir daha deyirəm ki, bu prosesin sonu danışıqlardır. Müharibənin başlanması görünmür.
- Bu danışıqları nə qədər aparmaq mümkündür?
- Nə qədər istəsəniz danışıqları aparmaq olar. On illərlə. Danışıqlarda nəticə olanda onu yaymaq mümkündür. İndi danışıqlar bir çox hallarda heç açıqlanmır da.
- Burada vacibi Ukraynanın özüdür, halbuki onunla bağlı danışıqlarda Kiyev iştirak etmir. Bu mənada Ukraynanın durumu necədir?
- Ukrayna Qərbə getmək istəyir, amma Qərb onu qəbul etmir. Maraqlıdır ki, Ukrayna mövzusunda danışırlar, müzakirələr aparırlar, amma Ukrayna özü danışıqlarda iştirak etmir. Nə Rusiya Ukraynanı danışıqlara dəvət edir, nə də Qərb tərəfi. Bu onu göstərir ki, Ukraynanın fikri nəzərə alınmır.
- NATO-nun şərq cinahını gücləndirməsi qərarından çıxış edən bəzi analitiklər iddia edirlər ki, əslində Qərb Rusiyadan operativ tərpənərək Ukraynanı “işğal” edib. Bu, nə dərəcədə əsaslı yanaşmadır?
- Problem ondadır ki, hələlik Ukraynaya çox sayda hərbçi göndərilməyib. Ukraynada olan əcnəbi hərbçilər yalnız təlimatçı kimi orada işləyirlər. Onların da sayı elə də çox deyil. Amma silah-sursat gedir. Bu mənada “işğal” əsassız arqumentdir. Həm də hər şey xalqdan başlayır. Bu gün “Ukrayna dövləti və xalqı nə istəyir” məsələsi əsas sualdır. Müşahidələr göstərir ki, əgər bu gün referendum keçirilsə, ukraynalıların 60 faizindən çoxu deyəcək ki, Qərbə getmək istəyirirk. Amma müharibə ilə bağlı təhlükənin yaranması göstərir ki, Ukrayna xalqının vəziyyəti yaxşı deyil. Üstəlik orada da qaz problemi var, iqtisadi problemlər yaşanır. Gərginlikdə iki tərəf var, amma ortada qalan Ukrayna və onun xalqıdır. Ən pisi də budur.