2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd edilir. Xüsusi günün təsis edilməsi ilk növbədə ölkəmizdə gənclərə verilən ən böyük qiymətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bir çox xüsusiyyətlərinə görə seçilir. Azərbaycanda həyata keçirilən uğurlu və çoxvektorlu gənclər siyasəti ölkə gəncləri üçün yeni imkanlar açır. Dövlət gənclərin öz potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradıb. İstedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı yeni perspektivlərin reallaşmasına təkan verir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, Gənclər Mərkəzlərinin yaradılması, keçirilən gənclər forumları bu sahədə fundamental nəticələr qazandırmaqdadır: “Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları bunu təsdiqləyir”.
Millət vəkilinə görə, gənclər həm də dövlətin və cəmiyyətin inkişaf təməlidir: “Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğuru kimi qiymətləndirilməlidir.
Biz ikinci Qarabağ savaşında bunun şahidi olduq. 44 gündə dəmir yumruq hesabına qazandığımız qələbə sayəsində öz tarixi torpaqlarımıza qayıtdıq. Bu savaş göstərdi ki, bizim cəmiyyət olaraq ən böyük qazancımız son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsidir”.