“Ermənistan-Türkiyə arasında təyyarə reysi əvvəl də olub. İstanbul hava limanında uçuş edən hər bir şəxs bu illər ərzində uçuş tablosuna nəzər salsaydı, görərdi ki, İstanbul-İrəvan reysi yazılır. Mən o zaman bu məsələni Türkiyə mediasında səsləndirmişdim. Cavab verildi ki, bunun dövlətə aidiyyəti yoxdur, çarter reysi kimi belə imkandan istifadə edirlər. Bunlar əvvəl olub, indi isə rəsmiləşir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov dünəndən fəaliyyətə başlayan İrəvan-İstanbul təyyarə reysi haqqında danışarkən deyib.
Deputat bildirib ki, indi İrəvan-İstanbul xətti ilə uçan təyyarə səfərləri rəsmiləşir və bu müsbət hadisədir:
“Hesab edirəm ki, bu bölgədə əməkdaşlıq və dayanıqlı sülhün əldə olunması üçün ermənilərə verilən yaxşı fürsətdir. Başqa sözlə ermənilər bundan düzgün istifadə etsələr, mərifətləri olsa və özlərini adam kimi aparsalar bundan udarlar. Yəni reyslərin açılması, daha sonra sərhəd məntəqələrinin açılması, əlaqələrin normallaşması, iqtisadi-ticarət münasibətlərinin yaranması sözsüz ki, Azərbaycanın razılığı olmadan mümkün də deyil. Bunlar qarşılıqlı razılaşma şəraitində keçir. Bu gələcək inkişafın xeyrinə olan məsələlərdir. Əbədi müharibələr olmur və bütün müharibələr sülhlə bitir. Türkiyə də hər zaman bəyan edib ki, bölgədə sülhün olsun, bölgə dövlətləri mehriban qonşuluq şəraitində yaşasın. Amma bizə elə qonşu qismət olub ki, onlarla mehriban şəraitdə yaşamaq çətindir. Bunu ermənilər dəfələrlə sübut ediblər. İndi onlar bu şansdan düzgün istifadə etməlidirlər. Əks halda yenidən layiqli cavablarını alacaqlar, çomaq hələ əldən yerə qoyulmayıb”.