Azərbaycan Respublikasının Prezidenti keçən ay yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh, delimitasiya və demarkasiya prosesi barədə suala cavab verərkən bir daha bəyan etdi ki, “biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın”. Prezidentin açıqlaması Azərbaycanın milli maraqlarına söykənir və onun qeyd etdiyi ardıcıllıqla da proseslər davam etdirilməlidir. Ceyhun Bayramov da verdiyi açıqlamalarda bunu nəzərə almalı və bu prinsiplərə sadiq qalmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Xalq cəbhəsi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri qeyd edib ki, tərəflər öncə bir-birinin ərazi bütövlüyünü tanımalarına dair müqavilə imzalamalı, bundan sonra delimitasiya və demarkasiya işlərinə başlanılmalı və bundan da sonra kommunikasiya xətləri açılmalıdır: “Ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair müqavilə imzalanmadan digər işlərə başlamaq olmaz. Bu Ermənistanın tam diplomatik qələbəsi olardı. Onlar bizim ərazi bütövlüyümüzü tanımadan, sərhədlərin delimitasiya olunmasına və kommunikasiyaların açılmasına nail olmaq istəyirlər. Bundan sonra sülh sazişinin imzalanmasını Qarabağ ermənilərinə status verilməsi məsələsinə bağlayacaq və danışıqları sonsuzluğa qədər uzadacaqlar. Əvvəllər söyləmişəm və bir daha təkrar edirəm, sülh sazişi imzalanmadan kommunikasiyaların açılması bizdən çox Ermənistanın, Rusiyanın və İranın maraqlarına uyğundur”.
Nikol Paşinyanın dəmir yollarının birləşdirilməsi üçün Azərbaycanla müqavilə bağlanmasının zəruriliyi barədə səsləndirdiyi fikirləri şərh edən Qüdrət Həsənquliyev bildirib ki, Ermənistan tülkü bicliyi ilə məsələni beynəlxalq birliyə elə təqdim etməyə çalışır ki, guya dəmir yollarının açılması məsələsində rəsmi İrəvan Azərbaycana hansısa güzəştə gedir: “Halbuki bu gün soruşulmalıdı ki, nə oldu Paşinyan, bəs Qarabağı işğal altında saxladığınız 30 il ərzində daim Azərbaycanı ittiham edirdiniz ki, Azərbaycan Ermənistanı blokadada saxlayır?! Ona görə də əminliklə deyirəm ki, sülh sazişi imzalanmadan Ermənistanla hər hansı əməkdaşlıqdan imtina olunmalıdır. Bu istiqamətdə hər hansı kənar təzyiqlər varsa, qətiyyətlə rədd olunmalıdır. Paşinyanı da başa salmalıyıq ki, səninlə imzalanacaq ilk müqavilə ərazi bütövlüyünün tanınması barədə olacaq”.