Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə hələ də beynəlxalq aləmdə hüquqi qiymət verilməyib. Söz yox ki, ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən bu dəhşətli soyqırımlarına siyasi-hüquqi qiymət verilib. Ulu öndərin 1998-ci ildə imzaladığı fərman ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Təəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də laqeyd qalır. Xatırladırıq ki, Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun tələblərinə əsasən, silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.
200 ildən çox davam edən erməni düşmənçilik siyasəti xalqımızın yaddaşında silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilib.
2020- ci il sentyabrın 27- də işğalçı Ermənistanın başladığı təxribatlar müharibəyə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində çox sayda dinc sakin həlak oldu, 407 nəfər yaralandı və xeyli yaşayış evi yararsız vəziyyətə düşdü.
Operativ və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb.
Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydu. Jurnalistin suallarını cavablandırarkən dedi ki, bu dağılmış evlərin önündə olmaq, dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq, əfsuslar olsun ki, insanların həyatına son qoyub. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu.
Təəssüf ki, bu dəfə də beynəlxalq təşkilatlar susdu, erməni vəhşiliyinə münasibət bildirmədi. Baxmayaraq ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdu, dünya birliyi bu ədalətsizliyə biganəlik nümayiş etdirdi. Bu təcavüzlər fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Düşmən bu vəhşiliyi ilə döyüş meydanında uğradığı acı məğlubiyyəti ört-basdır etməyə çalışdı. Ancaq bacarmadı. Ermənistan tərəfi BMT Baş Assableyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanı silahlı münaqişələr zamanı uşaq hüquqlarının təminatı hissəsini də tapdaladı. Konvensiya 2 sentyabr 1990-cı il tarixində qüvvəyə minmişdir.
Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun da qəbul edilmişdir.
Ermənistan isə bütün bunların heç birinə əməl etməyib. Söz yox ki, düşmən layiqli cavabını aldı, qətlə yetirilən dinc əhalinin, uşaqların, habelə şəhidlərimizin qanı yerdə qalmadı. Bütün bunlara baxmayaraq, dünya birliyi Ermənistanın bəşəri cinayətlərinə siyasi-hüquqi qiymət verməlidir.
Artıq bu istiqamətdə ilk addımlar atılır. Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirmişdi: “Çox güman ki, Ermənistan da Belarus və Rusiya İttifaq Dövlətinə qoşula bilər. Ermənistanın gedəcək yeri yoxdur. Çünki bu ölkə heç kimə lazım deyil. “
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru