16 Fevral 2022 13:12
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonunun Ağdam və Ağcabədi rayonlarına səfər edib. Səfər zamanı bir neçə vacib məqam xüsusilə diqqəti cəlb edib. Bu, ilk növbədə işğaldan azad olunmuş ərazilərin bərpasının, həmçinin digər regionların inkişafının dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Hər bir rayonun, şəhərin, kəndin tərəqqisi, yaşamaq və işləmək üçün şəraitin yaradılması bütövlükdə Azərbaycanın qüdrətli, və güclü olması deməkdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Ağdam rayonunda “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının açılışı və digər zəruri obyektlər, işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpası mühüm önəm kəsb edir:

“Bu eyni zamanda enerji gücü, infrastrukturun təkmilləşdirilməsi və modernləşdirilməsi deməkdir. Səfər zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Artıq ölkəmizdə 5 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Bundan əlavə Ələt və Araz Vadisi İqtisadi Zonası sənaye parkları yaradılıb. Bu amil sənaye zonalarının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında önəmlidir. Prezident İlham Əliyevin iş adamlarına, sahibkarlara çağırışı da xüsusi ilə diqqət çəkir. Ölkəmizdə biznes fəaliyyəti üçün sahibkarlara çox gözəl şərait yaradılıb. Ona görə də bu, azad olunmuş torpaqlarımızın daha tez bir zamanda dirçəlməsinə səbəb olacaq”.

Millət vəkili azad edilmiş ərazilərdə mədəni-tarixi irsimizin bərpa edilməsinin vacibliyini vurğulayıb:

“30 illik işğal zamanı ermənilər vandalizm törədərək məscidləri, muzeyləri dağıdıb. Hələ işğal dövründə, Azərbaycan dövləti UNESCO-nu bu ərazilərdə nələrin törədildiyini görməyə dəvət edib. Ancaq UNESCO rəsmiləri qurumun siyasi məsələlərə qarışmadığını iddia edirdilər. Bu, ədalətsiz yanaşma idi. Lakin Azərbaycanın tarixi abidələrinin dağıdılması barədə rəsmi Bakı daim UNESCO-nu və digər beynəlxalq qurumları məlumatlandırıb. Hələ 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanaraq UNESCO-ya təqdim edilib. Amma UNESCO buna da adekvat reaksiya verməyib. Qarabağda və Qərbi Azərbaycanda (İndiki Ermənistanda) tanınmış tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir”.

Hicran Hüseynova hazırda Qarabağ və Şərqi Zəngəzurda məscid və digər mədəni-tarixi abidələrin Heydər Əliyev Fondu tərəfindən bərpa edildiyini söyləyib:

“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. Onun rəhbərliyi ilə Fondun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir”.

Komitə sədri bildirib ki, ölkə başçısı tərəfindən yenidən Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlanıb:

“Dövlət başçısı bir daha qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh müqaviləsi imzalanmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər