“Ruslar elan edirlər ki, təlimlərini başa çatdırıb və ordunu Ukrayna sərhədləri yaxınlığından çıxarıblar. Əslində sözdə belədir. NATO və ABŞ elan edir ki, Rusiya müsbət hərbi davranışlar nümayiş etdirmir. Mən əvvəllər də qeyd edirdim ki, rusların Ukraynaya hücumunu gözləmirəm. Ötən ili martında da buna oxşar hadisələr olmuşdu. Mən hesab edirəm ki, indi tam başqa proses gedir və daha çox diqqəti bu istiqamətə yönəltmək lazımdır”.
Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
Onun fikrincə, indi Rusiya Dövlət Duması Donetski və Luqanksi “respublikalarının” müstəqilliyini qəbul etmək prosesinə başlayıb:
“Əgər bu proses gedəcəksə, Moskva bu separatçı qurumların müstəqilliyini ilk olaraq tanıyacaq. Daha sonra onları MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Rusiyanın başında durduğu digər qurumlara inteqrasiya edəcək. Məncə, bu proseslə Ukraynanı qorxutmağa davam edəcəklər. Burada məqsəd odur ki, Kiyev Minsk qrupu formatını qəbul etsin və hansısa formada Donetski və Luqanski separatçılarına azadlıq versin, ən azı onların mövcudluğunu tanısın. Problem indi buradadır. Hazırda Ukrayna ilə müharibə rusların xeyrinə deyil, Moskvada gözəl başa düşürlər ki, müharibə baş versə, vəziyyətləri pis günə düşəcək. Odur ki, belə prosedurlara üstünlük verirlər. Həm də anlaşılmır, Dumanın özü bu iki separatçı qurumun müstəqilliyini tanıya bilərdi, amma prezidentə müraciət edirlər və xahiş olunur ki, həmin separatçı rejimlərin müstəqilliyini tanısın. Amma bunu iki pilləli formatda ona görə edirlər ki, dünyanın reaksiyasını bilsinlər”.
Professor qeyd edib ki, bu kimi məsələlərdə Rusiyanın Şimali Osetiya və Abxaziya ilə bağlı müəyyən təcrübəsi var:
“Moskva bu yolla gedəcək. Belarusun bunu qəbul edib-etməyəcəyindən də çox şey asılı olacaq. Bu uzun proses olacaq. Əslində Rusiyanın problemi Avropa ilə deyil, ABŞ-ladır. Çalışacaqlar ki, bu xətti Kiyev qəbul etsin, tam müstəqillik olmasa da, bu iki separatçı rejimi tanısın. Baş verənlər bunu göstərir”.
“Hazırda Ukrayna və Rusiya arasında müharibə gedir. Amma tərəflər tələsmir. Məsələn, Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini tam qırıb. Amma Ukrayna bu yolla getmir. Rusiya da buna getmir. Kiyev Krımı və Donbası itirməsinə rəğmən rəsmi Tiflis kimi davranmır. Deməli hansısa hissiyyat var. Müharibə isə olmayacaq. Çünki ruslar gözləyirlər ki, Ukrayna ordusu Donbasa qarşı əməliyyat aparsın. Bu halda rusların əl-qolu açılacaq. Ukraynada rusların ilk addım atmasını gözləyir. Hesab edirəm ki, bu proses hələ ilin sonuna qədər çəkəcək”, - professor fikirlərini yekunlaşdırıb.