Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, Qarabağda hələ də qalmış olan separatçıların fəallığı müşahidə edilir. Onları "cəsarətləndirən” amillər nədən ibarətdir?
- Bu gün rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə olanların bir qrupu köhnə əhval-ruhiyyə ilə yaşayır. Onlar hələ də ümid edirlər ki, nəsə bir möcüzə baş verəcək və Azərbaycanın işğaldan azad etdiyi ərazilər yenidən onların nəzarəti altına keçəcək. Bu mümkün olan bir məsələ deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Onların etdikləri isə uşaq oyunundan başqa bir şey deyil. Bu onların özlərinin başlarını qatmaqdan başqa bir anlam kəsb etmir. Etdiklərini də özlərinə təsəlli verməkdən başqa bir hal kimi qiymətləndirmək olmaz. Müvəqqəti olaraq rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə Prezident İlham Əliyevin də səsləndirdiyi ki, təqribən 25 min nəfər yaşayır. Bunların sayı da azalmaqda davam edir. Çünki orada yaşayan sadə insanlar həmin o rejimdə özlərinin gələcəyini görmür. Eyni zamanda bir çox insan isə bu çirkin oyunda iştirak etmək istəmir. Müəyyən çağırışlar edilməsinə və nəyisə dəyişməyə edilən cəhdlərə baxmayaraq biz orada erməni icmasının iştirakını görmürük. Ancaq əlləri Xocalı sakinlərinin qanına bulaşmış şəxslərin bəyanatları eşidilir.
- Sizcə, hansı adekvat addım atıla bilər?
- Bu günlərdə Azərbaycan Baş Prokurorluğunun nümayəndələrinin separatçı rejimin rəhbəri haqqında dedikləri onlar üçün bir soyuq duş effekti verdi. Hiss etdilər ki, Azərbaycan öz suverenliyini getdikcə daha da möhkəmləndirir. Həmin ərazilərdə artıq onlar istədiklərini edə bilməyəcəklər. Hesab edirəm ki, onların etdikləri, nəyəsə ümid bəsləmələri və özlərini sakitləşdirməkdən başqa bir şey deyil. Ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycanın suveren hüquqları var. Bir qrupun Azərbaycan Konstitusiyasına, qanunlarına zidd hərəkəti ilk növbədə onların özlərinin əleyhinə işləyə bilər.
- Fevralın 23-də Ermənistan parlamentində Şuşa Bəyannaməsinin müzakirəyə təqdim edilməsi gözlənilir. Erməni tərəfinin bu məsələdəki narahatlığı nə ilə bağlıdır?
- Bu, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Azərbaycanın qardaş Türkiyə ilə Bəyannamə imzalanması onun daxili işidir. Bu heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu, hər bir ölkənin bütün məsələlərdə eyni zamanda hərbi əməkdaşlıq məsələsində müttəfiqliyini və gələcəyə yönələn əməkdaşlığını göstərir. Ermənistanın müəyyən dairələri çox istəyərdilər ki, Azərbaycanla Türkiyə arasında soyuq münasibət olsun. Onlar Azərbaycanın müttəfiqləri ilə ilk növbədə Türkiyə ilə münasibətlərin pozulması üçün zaman-zaman çox çirkin işlər görüblər. Amma nəticəsi olmadı. İndi isə bu Bəyannamənin iki qardaş ölkənin dostluğunu daha da möhkəmlənməsindən narahatdılar. İlk növbədə özlərinin çirkin əməllərinin və planlarının həyata keçə bilməməsi narahatçılığı var onlarda. İlk növbədə bunun regionda sülhün, əmin-amanlığın bərqərar olmasının narahatçılığı da mövcuddur. Həmin o dairələr yenə də 90-cı illərin qeyri-müəyyənliyinin və separatçı əhval-ruhiyyənin olduğu dövrü arzulayırlar. Amma həmin dövr o vaxtda qaldı. Artıq güclü Azərbaycan, güclü Türkiyə var. Bu dostluq və qardaşlıq əbədidir. Əgər Ermənistan bu dostluğa hörmətlə yanaşacaqsa, töhfə vermək istəyəcəksə, özü də bundan qazanacaq. Bunun əksinə olacaq yanaşma Ermənistanın özünün gələcəyinə çox böyük bir zərbədir. Heç kəs Azərbaycan-Türkiyə dostluğunu poza bilməz. Ermənistan daxilində müəyyən dairələrin hansısa bir cəhdləri ilk növbədə onların özü üçün zərbədir.
- Prezident İlham Əliyev Azərbaycanın Ermənistana sülh şərtini bir daha vurğuladı. Sizcə böyük sülhün imzalanmasına nə maneə olur? Ermənistan bu prosesi nə vaxta qədər uzada bilər?
- Azərbaycanın sülhlə bağlı mövqeyi birmənalıdır. İşğal dövründə, 44 günlük müharibədən sonra, həm də indi Azərbaycan eyni mövqe sərgiləyir. Dövlət başçısı ərazi bütövlüyünün tanınması, sərhədlərə hörmətlə yanaşılması və daxili işlərə qarışmamaq şərtlərini həmişə səsləndirib. Ermənistan bunu özü üçün aydın etməlidir. “Böyük Ermənistan”, Azərbaycan ərazisində “ikinci erməni dövləti" yaratmaq xülyalarından birmənalı imtina edilməlidir. Artıq Ermənistanın bu xülyaları tarixin acı arxivinə atılıb. Digər tərəfdən isə Ermənistan dərk etməlidir ki, ancaq qonşu dövlətlərə yaxşı, mehriban münasibətlər onun bu gününü və sabahını müəyyən edir. Ermənistanın apardığı işğalçılıq, qonşu dövlətlərə qarşı ərazi iddiası vətəndaşlarının durmadan ölkədən köçməsinə səbəb olub. 1990-cı ildə 4 milyona yaxın əhalisi olan Ermənistanda bu gün rəsmi statistika ilə 2 milyon 9 yüz min adam qalıb. Onun böyük bir hissəsi isə Ermənistandan kənarda işləyir. Onların geri qayıtmaq şansı yoxdur. Bununla da Ermənistan özünün mövcudluğunu böyük sual altında qoyur. Bunun da səbəbkarı onun apardığı siyasətdir.
- Erməni cəmiyyətinin yeni reallığa yanaşması haqqında nə demək olar?
- Ara-sıra Ermənistanda Azərbaycanla münasibətlərə dair müəyyən qədər obyektiv fikirlər eşitmək olur. Uzun müddət onlar Zəngəzur dəhlizinin açılmasına maneə olmağa çalışdılar. Amma son dövrdə Ermənistan rəhbərliyi həmin dəhlizin açılması ilə bağlı ölkələrində iş görüldüyü, Azərbaycanla bununla bağlı sənəd imzalamağa hazır olduğunu bildirdi. Çünki Zəngəzur dəhlizi Azərbaycan Ermənistanla yanaşı dünya, region üçün çox böyük əhəmiyyətə malikdir. Bu o cümlədən Ermənistan büdcəsinə stabil olaraq çox böyük maliyyənin daxil olması deməkdir. Bunun ardınca avtomobil yolunun çəkilməsi, daha sonra isə Azərbaycan və Türkiyə ilə digər istisadi layihələrin razılaşdırılması Ermənistan üçün yaşayışı təmin edəcək. Bu anlam Ermənistana mütləq gəlməlidir. İşğalçılıq əhval-ruhiyyəsi, digər millətləri aşağılamaq, reallıqdan uzaq fikirlər irəli sürmək, dövlətlər arasında münaqişə yaratmaq cəhdləri Ermənistanın özünə zərbə vurub və vurmaqdadır.