23 Fevral 2022 14:10
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın siyasi və iqtisadi nüfuzu artır. Bu gün mürəkkəb siyasi münasibətlər, yeni çağırışlar bir daha göstərir ki, Azərbaycanın apardığı daxili və xarici siyasəti dövlətimizin strateji məqsədlərinə uyğundur. Azərbaycan öz milli maraqlarını əsas götürməklə ikitərəfli və çoxtərəfli müstəqil siyasət yürüdür. Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ümumiyyətlə, Azərbaycan bütün qonşu dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurur. Dövlət başçısı İlham Əliyevin düşünülmüş və balanslı siyasəti nəticəsində ölkəmizin Avropanın enerji təchizatında, enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi artmaqdadır. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, NATO, BMT və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Professora Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb:

“Bu yeni konfiqurasiyanın əsas iştirakçıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada hər iki ölkə ilə müttəfiqlik bəyannamələri imzalanması mövcud reallığın yaratdığı vəziyyətə cavab verir. 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi” imzalandı. Sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənib. Bu Bəyannamə Azərbaycan və Türkiyənin iki qardaş dövlətin münasibətlərini daha da gücləndirdi. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Qeyd etmək lazımdır ki, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində işlərə çoxdan başlanılıb. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Bu baxımdan da qeyd etmək olar ki, belə bir sənədə daxil edilən məsələlərlə bağlı müəyyən işlər görülüb. Bəyannamə olduqca genişdir - 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcək”.

Komitə sədri hesab edir ki, dünyada geosiyasi proseslərin sürətlə bir-birini əvəz etdiyi, mühüm dəyişikliklərdən keçdiyi bir vaxtda sənədin xüsusi əhəmiyyəti var: “Bu Bəyannaməyə görə hər iki ölkə müttəfiqlik fəaliyyəti bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, qarşılıqlı fayda, bir-birinin daxili işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur. Digər vacib məqam keçmiş münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu məsələ Azərbaycan üçün çox vacib bir məsələdir”.

Hicran Hüseynova qeyd edib ki, iki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib: “Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq və qonşuluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edən yol xəritəsi çərçivəsində proqram həyata keçirilir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərir. İldən-ilə ticarət dövriyyəsi artırılır, qarşılıqlı sərmayə qoyuluşu məsələləri hər zaman gündəmdədir. Ticarət və iqtisadi əlaqələr daha da genişlənir, 2021-ci il üçün qarşılıqlı dövriyyənin həcmi 16 faizdir, 3 milyard dollara çatıb. Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qonşularıdır, regionda sülh və təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Azərbaycan öz dövlət müstəqilliyini qorumaqla, həm də balanslı siyasət həyata keçirir. Bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurulur. Onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər