Azərbaycanla Rusiya arasında imzalanan tarixi sənəd münasibətlərin müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına təminat verir. Eyni zamanda qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi kimi vacib məsələlər bu razılaşmada öz əksini tapıb. Rusiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşır və hər hansı bir təhdid yaranarsa, qarşılıqlı öhdəlik götürür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili qeyd edib ki, 43 maddədən ibarət olan mühüm sənədin əhəmiyyətli hissəsi təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini özündə ehtiva edir:
“Bu cür razılaşmalar hazırkı dövr üçün xüsusi önəm kəsb edir. Həmçinin ölkələrin qarşılıqlı şəkildə hərbi əməkdaşlığı, hərbi sənayenin inkişaf etdirilməsi və lazım gələrsə bir-birini dəstəkləməsi məsələləri bəyanatda öz əksini tapıb. Digər bir vacib məqam iqtisadi, mədəni, humanitar əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni tədbirlərin icrasını nəzərdə tutur”.
Deputat bildirib ki, Rusiyanın bir çox şirkətləri işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma və bərpası işlərində iştirakda maraqlıdır:
“Bu baxımdan, bəyanatın müvafiq maddələri qarşılıqlı investisiyaların yatırılması və əməkdaşlıq mühitinin genişləndirilməsinə yeni imkanlar açacaq. Beynəlxalq hüquq və normalar əsasında hazırlanmış Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlmiş olur. Tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən bu Bəyannaməyə əsasən hər iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikləri əks etdirir. Şuşa və Moskva Bəyannaməsi dünyada artmaqda olan təhlükə və təhdidlərdən müdafiə üçün ali sənədlərdir”.
Cavid Osmanov vurğulayıb ki, bu tarixi razılaşma Azərbaycanın milli maraqlarının əks olunduğu mühüm sənəddir: “Bu sənəddə əksini tapan müddəalar ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır".