24 Fevral 2022 20:14
2 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin nəticələri ölkəmiz üçün olduqca mühüm uğurlu nəticələrlə yadda qaldı. Ölkə başçısının Rusiyaya rəsmi səfəri çərçivəsində əldə olunmuş nəticələr Rusiya-Azərbaycan əlaqələrini yeni inkişaf səviyyəsinə yüksəldib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, son illər Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin nəticəsidir:

“Azərbaycan Rusiya ilə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltməklə yeni bir dövrün başlanğıcı üçün zəmin formalaşdırıb. Münasibətlərin qarşılıqlı müttəfiqlik fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörməti ehtiva edir”.

Millət vəkili hesab edir ki, Rusiya və Azərbaycan təhlükəsizlik məsələsində də bərabər addım atmaqla bağlı mühüm razılıq əldə edib: “Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında bir-birinə hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə biləcək”.

Azər Badamova görə, müttəfiqlik sənədinin imzalanması Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq üçün də vacib bir hüquqi əsas yaradır: “Bununla da Ermənistanın Rusiyanın imkanlarından öz maraqları üçün istifadə etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatında üzvlükdən yararlanmaq imkanlarını heçə enir. Sözsüz ki, Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbə oldu. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması Ermənistanda olan təşviş, ümidsizliyi daha da artırdı. Ölkə daxilində qarşılıqlı ittihamların qızışması məhz bunun nəticəsidir”.

Deputat bildirib ki, Azərbaycan 44 günlük müharibədəki qələbəsi, Türkiyə və Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması mühüm amil idi: “Eyni zamanda Ermənistanın İran və Rusiya ilə münasibətlərinin neytrallaşdırılması ilə Azərbaycan öz ətrafında güclü təhlükəsizlik kəmərinin yaratmağa nail olub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər