Baş nazir Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, sülh müqaviləsi üzrə danışıqların başlanması kimi məsələlərin durduğunu bildirib. Gündəlikdə duran məsələlər ilk baxışdan sülh prosesinin başlanması kimi düşüncələr formalaşdırsa da, məsələyə daha diqqətlə yanaşmaq lazımdır. Əvvəla, onu qeyd edək ki, N. Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından deyil, bu haqda Azərbaycan tərəfi ilə danışıqların başlamasının gündəliyə daxil olmasından danışır. Müşahidə etdiyimiz kimi bu cümlədə nə sülh müqaviləsinin imzalanmasından, nə sülh müqaviləsinin imzalanması üzrə danışıqlardan, nə də danışıqların ən azından başladığından söhbət getmir. Paşinyan sadəcə bildirir ki, danışıqların gələcəkdə başlaması gündəlikdə durur, yəni müzakirə edilir, nəzərdən keçirilir. Belə abstrakt ifadələr siyasi konkretliyə malik olmadığına görə özü ilə heçnə vəd etmir. Danışıqların başlanmasının Ermənistanda müzakirə edilməsi hələ bu danışıqların başlanması üçün siyasi iradənin formalaşması demək deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, N.Paşinyanın sülh prosesi ilə bağlı sözlərini konteksdən çıxarılmış formada qiymətləndirmək olmaz:
“Çünki o, sülh müqaviləsi üzrə danışıqların başlanmasını gündəlikdə durduğunu bildirdikdən sonra Ermənistan üçün bu danışıqlarda hansı məsələlərin prioritet daşıyacağını sadalamağa başladı. Baş nazirin sözlərinə görə bu kontekstdə Ermənistan, Minsk qrupu tərəfindən irəli sürülən prinsiplər əsasında keçmiş Dağlıq Qarabağ “münaqişəsinin” tənzimlənməsini prioritet sayır. Azərbaycan 30 illik fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupunu tarixdə qoyub. İrəvan isə hələ də köhnə formatlardan yapışmağa davam edir. Bununla belə erməni baş nazir münaqişənin davam etdiyini və Dağlıq Qarabağ adlı məfhumun mövcud olduğunu düşünür”.
Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycanın ərazi-inzibati quruluşuna Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları kimi daxil olub:
“Bu fakt Ermənistanın Azərbaycanın ərazi-inzibati quruluşuna hörmət etmədiyini göstərir və sülh müqaviləsinin predmetli müzakirəsini sıfra endirir. Ermənistan baş naziri o cümlədən, “Dağlıq Qarabağ ermənilərinin” haqlarının tam müdafiəsini Ermənistan üçün üçün sözsüz prioritet adlandırıb. Burda qanunauyğun sual formalaşır: Paşinyan Qarabağ ermənilərinin hansı haqqlarından danışır? Ermənistanın 2020-ci il tarixli Milli Təhlükəsizlik Strategiyasına görə “Artsaxın” beynəlxalq tanınması Ermənistanın milli təhlükəsizlik məqsədlərindən biri kimi nəzərdən keçirilir. N.Paşinyanın dediklərini Milli Təhlükəsizlik Strategiyası ilə sintez etdikdə ehtimal etmək olar ki, baş nazir öz müqəddəratını təyinetmə prinsipini nəzərdə tutur”.
Tamam Cəfərovaya görə, dünyadakı cari vəziyyət tərəflər arasında münasibətlərin normallaşdırılmasına yeni strateji imkanlar açır: “Bu strateji mümkünlükdən savayı Ermənistanı taktiki problemlər də izləyir. Məsələn, 3 mart tarixində Gürcüstandan Rusiyaya gedən yuxarı Lars yolu təbii şərait səbəblərindən bütün növ nəqliyyatlar üçün bağlı elan edilib. Bu yol Ermənistanı Rusiya ilə bağlayan yeganə yoldur. Gürcüstan höküməti alternativ yol kimi Kveşeti-Kobi marşrutu üzərində tikinti işlərini başlasa da, layihənin 2024-cü ildə yekunlaşacağı gözlənilir. Alternativ yol 22,7 km uzunluqlu, 6 körpü və 9 kilometrlik tunnel daxil 5 tonnelə malik bir marşrutdur. Layihə Avropada ən qəliz mühəndis tikililərindən biri hesab olunduğuna görə onun uğurla və vaxtında yekunlaşması bir çox gözlənilməz problemlərlə qarşılaşa bilər”.
Deputat hesab edir ki, bu taktiki problemlərdən ehtiyat edən Ermənistan, Azərbaycanla kommunikasiyaların açılması üzrə addımlar atır: “3 mart tarixində Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan Yerasx-Horadiz dəmiryolunun bərpası üzrə işlərin başlayacağını bildirdi. Meqri və Yerasx rayonlarında 43 kilometrlik dəmiryolunun çəkilməsi üçün ilk növbədə texniki işlər, ərazinin tədqiq edilməsi həyata keçirilir. Nazirin sözlərinə görə Yerasx-Culfa-Ordubad-Meqri-Horadiz yolunun Ermənistana düşən hissəsinin tikilməsi üçün 226 milyon dollar vəsait tələb olunur. Müşahidə etdiyimiz kimi qlobal geosiyasi qeyri-müəyyənlik Ermənistanı Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atmağa məcbur edir”.