Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri mühüm tarixi bir dövrə təsadüfi edir. Bu səfər eyni zamanda Azərbaycan və Türkiyə Prezidentlərinin şəxsi dostluğunun xarakterini bir daha ortaya qoyur. Məhz bu dostluq və qardaşlığın Türkiyə-Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə qaldırması da mühüm önəm kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, dünyada qardaş xalqlar çoxdur, amma Azərbaycan və Türkiyənin birlik formulu bütün dünya üçün bir örnəkdir: “Bu gün ukrayna və rus xalqları kimi bir-birinə soykökü etibarilə yaxın millətlərin qarşıdurması müşahidə edilir. Çünki bu qardaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq asan deyil. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında daimi müttəfiqliyin təsdiqi oldu. Bu, artıq Bəyannamə yox, hər iki ölkənin parlamentində təsdiqlənmiş qanundur”.
Millət vəkili bildirib ki, bu gün Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq özünün ən yüksək pilləsinə çatıb: “Hər iki dövlət bölgədə mühüm töhfələrlə çıxış edir. Eyni zamanda qlobal və regional müstəvidə hər iki dövlət sülh və əməkdaşlığın formalaşmasında vasitəçilik missiyası ilə çıxış edir. Ukraynada sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylər nəticəsiz qaldığı bir dövrdə Azərbaycan və Türkiyə bu təşəbbüslərini birgə davam etdirir”.