Prezident İlham Əliyevin Türkiyəyə səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. İki ölkə lideri arasında 4 saatdan artıq davam edən görüşdə bir çox vacib məsələlər ətrafında geniş müzakirələr aparıldı. Dost və qardaş ölkənin dövlət başçıları müttəfiqlik münasibətləri çərçivəsində bütün məsələləri ətraflı müzakirə etdilər. Bölgədə bütün istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Ukrayna-Rusiya münasibətlərinin gərginləşdiyi, ermənilərin cəbhədə davamlı təxribat törətdikləri bir vaxtda belə bir səfərin gerçəkləşməsi və ikitərəfli müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır: “Bölgədə gərginliyin artmasından istifadə edən Ermənistan son günlər cəbhədə davamlı təxribatlar törədir. Ermənistan unutmamalıdır ki, ən kiçik təxribatın belə baş verdiyi təqdirdə Azərbaycanla Türkiyə bu məsələyə çox ciddi reaksiya verəcək”.
Millət vəkili hesab edir ki, Azərbaycanla Türkiyə münasibətlərin normallaşmasında və bölgəyə sülhün gəlməsində maraqlıdır: “Çünki bölgənin gələcək inkişafı münasibətlərin normallaşmasından keçir. Ermənistan öz mövqeyini konkretləşdirməlidir. Əgər sülh istəyirsə, Azərbaycan sülhə, müharibə istəyirsə, müharibəyə hazırdır”.
Ceyhun Məmmədova görə, iki eyni kökə, müştərək tarixə malik ölkələr arasında əlaqələr son illər iki ölkənin dövlət başçılarının həyata keçirdikləri uğurlu siyasət nəticəsində daha da inkişaf edib: “Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələr “Şuşa Bəyannaməsi” ilə yeni mərhələyə daxil olub. İki ölkə arasında təhlükəsizlik məsələləri, enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Belə bir sənədin imzalanması gələcək əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır".