2018-ci ildən başlayaraq Azərbaycan özünün növbəti islahatlar mərhələsinə qədəm qoydu. Müəyyən araşdırmalar, təhlillər aparıldı və bunun nəticəsində islahatların konseptual əsasları müəyyən edildi. Ölkəmizin inkişafını daha da sürətləndirmək, dünyada baş verən dəyişikliklərə hazır olmaq, yaranacaq vəziyyətə uyğun addımlar atmaq üçün başlanan bu proses bütün istiqamətlər üzrə həyata keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanan proses hər bir vətəndaş tərəfindən çox böyük rəğbətlə qarşılandı.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, 2019-cu ildə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar müstəsna əhəmiyyətə malik idi: "2020-ci ilin fevral ayında VI çağırış Milli Məclisə seçkilər keçirildi. Millət vəkilləri sırasında gənclərlə bərabər, ziyalılar, müxtəlif siyasi partiyaların nümayəndələri, bitərəflər də var. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin spikeri qadın seçildi. Hazırda parlament Azərbaycanın haqlı mövqeyinin çatdırılması, milli maraqların müdafiəsi, müxtəlif dövlətlərin parlamentləri sıx əməkdaşlıq formalaşdırıb. Milli Məclis operativ və sistemli fəaliyyətinin təmin edilib. İlk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin sədr müavini seçilib. Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer alıb. Bu, çox mühüm məsələdir və siyasi sistemin yeni konfiqurasiyasına yol açır. Prezident İlham Əliyevin vurğuladığı kimi "bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır".
Millət vəkili hesab edir ki, ölkədə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam əsaslar üzərində daha da gücləndirmək üçün belə bir yanaşmanı zəruri edib: "Siyasi dialoq, həmçinin, həm milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirdiyi fəaliyyətdə nəzərəçarpan yeniliklər qanunverici orqanda demokratik mühitin yaranmasına, dövlət əhəmiyyətli məsələlərə vaxtında reaksiyanın verilməsinə, parlamentin nüfuzunun daha da artmasına səbəb olub. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı da bu orqanın qarşısında dayanan mühüm vəzifələrin müəyyən edilməsinə mühüm töhfə idi. Güclü qanunvericilik bazasının olmasına baxmayaraq, vaxtaşırı qanunlar nəzərdən keçirilməlidir. Çünki davamlı dəyişikliklər baş verir, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Bir müddət əvvəl aktual olmayan məsələ bu gün öz həllini gözləyir. Ona görə də bu qanunlara yenidən baxılmalıdır. Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir. Milli Məclis fəaliyyətini pandemiya qaydaları əsasında, Vətən Müharibəsi, post-müharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, infrastruktur layihələrinin icrası, yeni reallıqlar və geosiyasi vəziyyətdə davam etdirib".