“Hadisələr göstərir ki, Ukraynada gərginlik qalır. Zaman keçdikcə Rusiya Ukraynada zəifləyir. Və bu halda böyük ehtimalla danışıqları Ukrayna deyil, Rusiya istəyir. Maraqlı odur ki, indi danışıqlar prosesini əslində bir çox mərkəzlər aparır. Məsələn, Türkiyə və İsrail ayrı-ayrılıqda Rusiya ilə danışıqlar aparır. Eyni zamanda Fransa və Almaniya da Moskva ilə kontaktlar qurur. Daha vacibi odur ki, Ukrayna və Rusiya arasında da telefon danışıqları aparılır. Bu daha çox məxfi şəkildə gedir. Amma son nəticənin necə olacağı hələlik aydın deyil”.
Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.
Rusiyanın Ukrayna planlarına gəldikdə professor bildirib ki, ruslar ən azından paytaxt Kiyevi bir neçə saatlıq olsa da tutmaq niyyətindədir: “Onlar Kiyevi tutduqdan sonra müqavilə bağlayıb Ukrayna üçün yeni rejim yaratmaq istəyirlər. Bu da alınmasa, Odessanı ələ keçirməklə Ukraynanı dənizdən bağlamaq və danışıqlara getmək. Aydın deyil ki, indiki halı ilə ruslar bunu bacara biləcəkmi”.
Əli Abbasov qeyd edib ki, Ukraynada ümumi vəziyyət ağır olsa da, bu ölkənin vəziyyəti günü-gündən yaxşılaşır:
“Baxmayaraq ki, rusların hücumu davam edir. Mənim ehtimalıma görə, ən geci bir həftədən sonra yeni danışıqlar başlayacaq. Digər ehtimal odur ki, ruslar tələblərindən imtina edəcək. Həmçinin Zelenskini Ukraynanın rəsmi prezidenti kimi qəbul edəcəklər. Nasizmi Ukraynadan ləğv etmək niyyətlərindən də geri duracaqlar. Ortada Krım məsələsi və Donbasdakı iki separatçı qurumun taleyi qalır. Burada vacibi Qərbin dəstəyidir. Çünki Ukrayna hava məkanının bağlanması məsələsi açıq qalıb. Bir də rusların imkanları və resursu nə qədərdir? Onu demək mümkündür ki, rus ordusu Ukraynada nə qədər çox məğlub olsa rus siyasətçilərin tələbləri də bir o qədər azalacaq. Bu o demək deyil ki, Moskva səsləndirdiyi tələblərdən imtina edir. Sadəcə onu dilə gətirməyəcəklər. Bu da faktiki tələblərdən imtina etməkdir”.