16 Mart 2022 14:29
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunub. Teleqraf.com-un əməkdaşı mərasimdə iştirak edən sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan eksklüziv müsahibə alıb. Mərhum Rüstəm İbrahimbəyovun babasının qardaşı olduğu deyən eks-nazir onunla bağlı fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Rüstəm İbrahimbəyov mənim dayımdır, babamın qardaşı oğludur. Gözümü açandan həm Rüstəm İbrahimbəyovu, həm də Maqsud İbrahimbəyovu tanıyırdım. Rüstəm İbrahimbəyov məşhur və maraqlı bir adam idi. Siyası baxımdan bəzi məsələlərdə onunla razı deyildim. Ümumiyyətlə, böyük bir insan kimi doğrudan da məşhur adam idi.

- Sonuncu dəfə nə zaman əlaqə saxlamışdınız?

- Moskvada oxuyanda onunla tez-tez əlaqə saxlayırdım. Bakıya gələndə də görüşürdük. Deyə bilmərəm ki, biz əlaqədə deyildik, amma siyasi baxımdan onunla razı deyildim. Bir-iki dəfə buna görə söhbətimiz olub. Dedim ki, əlbəttə, adam hər kəsin öz siyasi platformasına hörmətlə yanaşmalıdır. Lakin mən ümumiyyətlə, onunla razı deyildim. Amma dayımdır da... Yəqin sizin də ailə üzvlərinizdə elə adamlar var ki, onunla razı deyilsiniz, amma əlaqədə olmalısız, deyə bilərəm ki, yola getmirdim. Qohum-əqrəbanı seçmirlər ki.

- Özünüz necəsiniz, hazırda nə işlə məşğulsunuz?

- Pis deyiləm, hər şey qaydasındadır. Özüm üçün işləyirəm, 16 ildən artıq müddətdə xarici işlər naziri kimi gərgin qrafikdə işləyirdim, amma indi rahat rejimdə çalışıram. Amma deyə bilərəm ki, orda həftədə 7 gün, 24 saat işləyirdim. O, məsuliyyətli bir iş idi. Amma indi öz-özümə işləyirəm.

- Vaxtınızı daha çox necə keçirirsiniz?

- Vaxtımı daha çox idmanda keçirirəm. Əlbəttə, indi hamımız bilirik ki, internetsiz yaşayış yoxdur. İstər-istəməz mobil telefonla, planşetlə və ya kompüterlə dünyada nələrin olduğunu izləyirsən.

- Rusiya və Ukrayna arasında baş verən qarşıdurma barədə fikirləriniz nədən ibarətdir?

- Hərdən zəng edib məsələr barədə fikrimi soruşanda siyasi məsləhətlər də verirəm. Ukraynada, Rusiyada və bizim ətrafımızdakı indiki vəziyyət çətindir. Amma ən uğurlu haldır ki, Azərbaycan artıq Qarabağ məsələsini həll etdi. Bu, çox sevindirici haldır. Qarabağ konfliktinin sülh yolu ilə həlli ilə 1990-cı illərdən məşğul idim. Nazir kimi danışıqlarda iştirak edirdim. İlk növbədə deyə bilərəm ki, Azərbaycanın mövqeyi birmənalı idi. Ermənistan qoşunları Azərbaycanın torpaqlarından çıxarılmalı idi. Əlbəttə, yaxşı olardı ki, münaqişə sülh yolu ilə həll olardı, şəhidlərimiz olmazdı. Amma yolunu tapmışıq, sağ olsun cənab Prezident, bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu, doğrudan da xalq üçün böyük bir məsələ idi. Bir var ki, görüşlərə, danışıqlara gedəndə sənin 20 faiz torpaqların işğal altındadır, 1 milyona yaxın məcburi köçkünün var, bir də var ki, gedirsən ürəyiaçıq, üzüaçıq gedib deyirsən ki, mən torpaqlarımın ərazi bütövlüyünü bərpa etmişəm. Bu, Azərbaycan xalqı üçün böyük mənəvi məsələdir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər