18 Mart 2022 20:27
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, ABŞ Konqresi Qarabağdakı separatçı rejimə pul ayırır, Avropa Parlamenti Qarabağda “erməni abidələrinin dağılması” ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edir, “Freedom House” Qarabağı ayrıca “respublika” kimi göstərir. Sizcə, Qərbin proseslərə dəyişməyən ənənəvi yanaşması nə ilə bağlıdır?

- Bu gün Azərbaycanda bir qrup insan var ki, onlar hələ də Qərbdən ədalət gözləyirlər. Elə bilirlər ki, Ukraynanın yerinə biz olsaydıq, bizi ayrıca dəstəkləyəcəkdilər və bəh-bəhlə alqışlayacaqdılar. Belə təxəyyüllər var. Bunu da cəmiyyətə yalandan təbliğ etməyə çalışırlar. Amma anlamaq istəmirlər ki, Qarabağ Azərbaycanın tərkib hissəsi ola-ola orada olan separatçı quruma dəstək vermək nə deməkdir? Bu o deməkdir ki, Cənubi Osetiyanı, Abxaziyanı və digər separatçı rejimləri də dəstəkləmək lazımdır. Bəs Qərb niyə onları dəstəkləmir? Onlara niyə pul ayırmır? Burada tamam başqa bir məna var. Sadəcə olaraq hələ də cəmiyyətimizdə dar düşüncəli adamların Qərbdən ədalət gözlədiyinə inanmaq təəssüf doğurur.

- Bəs bu siyasətin kökündə nə dayanır?

- Azərbaycana qarşı belə bir siyasətin dərin kökləri var. Bu da məqsədyönlü şəkildə edilir. Ölkəmizin maraqlarının müəyyən dərəcədə tapdanması istiqamətində böyük addımlar atılır. Ona görə də, bu halları dərk etməliyik. Belə açıqlamalar da səbəbsiz deyil. Bunlar məqsədyönlü şəkildə reallaşır. Buna qarşı da biz hazırlığımızı görməliyik. Çünki hər hansı bir şəkildə Azərbaycanın milli maraqlarına zidd addımların atılmasına imkan verməməliyik. Avropa Parlamentinə də bu məsələdə öz mövqeyimizi açıq şəkildə çatdırmalıyıq. Onlara da açıq şəkildə deməliyik ki, niyə bu gün başqa ölkələrdə olan separatizm ocaqlarını tanımırsınız? Əslində bu amillər Qərbdə olan yanaşmanın hansı prinsipə dayandığını aydın şəkildə göstərir. Həmçinin onların Ukrayna üzərindən olan səmimiyyətinə də inanmaq olmaz. Bu da məqsədyönlü bir xarakter daşıyır. Yəni Ukrayna xalqı üzərindən olan siyasətlərinə də diqqət etmək lazımdır. Bu gün Qərb Ukraynaya hər şey verir ki, get, döyüş. Ona görə də, bu cür məsələlərdə qeyri-səmimi, məqsədyönlü siyasət var. Bu siyasətə qarşı da səsimizi qaldırmalıyıq.

- Sizcə, Qərbin bu cür davranışı erməni sevgisindən qaynaqlanır yoxsa, burada başqa məqsədlər var?

- Burada heç bir erməni sevgisi yoxdur. Bu, birbaşa Azərbaycanın zəifləməsi üçün düşünülən addımdır. Sevgi olsaydı, başa düşmək olardı. Amma bu sevgi ən azı beynəlxalq hüquq çərçivəsində edilərdi. Ermənistana onsuz da dəstək verirlər. Ona görə də, "Qərb bizə qucaq açır, onun yanında olmalıyıq" kimi özümüz üçün mənasız illuziyaları yaxın buraxmaq olmaz. Əməkdaşlıq və başqa əlaqələr ola bilər. Amma kiməsə görə münasibətlərimizi alt-üst etməməliyik. Bu gün Qərbdən bizə olan münasibət odur ki, onlar Qarabağdakı separatçıları dəstəkləyir. Məqsədləri odur ki, Azərbaycan daxilində müəyyən qarışıqlıq yaransın, ölkəmiz separatizmlə mübarizədə çətinlik çəksin.

- Belə çıxır ki, 10 noyabr 2020-ci il razılaşmasında ATƏT-in hər üç təmsilçisinin burada iştirakının təmin olunması başqa nəticələrə gətirib çıxarardı?

- Əlbəttə, biz tamam fərqli bir mənzərə müşahidə edə bilərdik. Ona görə də, biz bu məsələni seçdiyimiz istiqamətdə həll etmişiksə, uğurumuz məhz budur. Qərblə əməkdaşlıq çərçivəsində olsaydıq, ümumiyyətlə keçmiş Dağlıq Qarabağın bir qarışını belə Azərbaycana qaytarmaq imkanı olmazdı.

- Azərbaycanın son zamanlar Ermənistana sülhlə bağlı təzyiqləri fonunda prosesə nə dərəcədə yaxınlaşmaq mümkün görünür?

- Bu gün Ermənistanın prosesdən qaçmaq üçün bəhanələri var. Bəhanələri onlara Qərb, Fransa, ABŞ kimi dövlətlər verib. Ona görə də, bizim cəmiyyət bilməlidir ki, Qərbdən heç bir dəstək yoxdur. Üstəlik hələ də onlar Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Bunu başa düşmək lazımdır. Biz nə vaxta qədər sadəlövcəsinə inanacağıq ki, bizdə başqa bir sistem olsa hamı dəstəyini əsirgəməyəcək. Bu, harada görünür? Qərb Abxaziyaya, Osetiyaya dəstək vermirsə, Qarabağdakı separatçılara niyə dəstək verir? Separatizm hansı halda fərqlidir ki? Ona görə də, bu faktlar bizim sadəlövhcəsinə düşünənlərə Qərbin növbəti dərsi, şilləsidir. Onlar anlamalıdırlar ki, öz ölkələrinin dəyərini bilsin. Əslində gedib bölgə dövlətləri ilə əməkdaşlıq etmək olar, okeanın o tayından dəstək olmayacaq. Əksinə onlar separatçıya pul verir ki, Azərbaycan qarşı müharibə aparsın. Bunu verən isə bəzilərinin təriflədiyi NATO-nun başında duran ölkələrdir.

- İranla imzalanan Memorandumun təsir imkanları haqqında nə düşünürsünüz?

- Bu Memorandumla əslində İran Ermənistandan ayrılmır. Sadəcə o gerçəkliyə qayıdır. İran tərəfindən artıq dərk olunur ki, Zəngəzur dəhlizi məsələsi Rusiya ilə onun iradəsindən asılı olacaq. İran ona görə də, birbaşa əlaqə qurur. Onun birbaşa Azərbaycanla münasibətlərini inkişaf etdirməsi özü üçün də sərfəlidir. Bizə də sərf edən odur ki, Ermənistan və Rusiyanın nəzarəti altında olan yoldan keçməkdənsə, birbaşa İranın nəzarətində olan yoldan keçmək daha rahatdır. Beləliklə daha rahat münasibət qurmaq mümkün olur. Yəni burada hər kəs öz marağına uyğunlaşma tapdı. Amma bu o demək deyil ki, Zəngəzur dəhlizi bizim hədəflərimizdən çıxıb. Bu onsuz da bəlli bir zamanda gerçəkləşəcək, bunun üçün bəlli zaman lazımdır. Amma Azərbaycan bunu çox da gecikdirə bilməz. Kommunikasiya xəttləri açılmalı idi. Bizim hədəfimiz Bəndər-Abbas limanına çıxmaq idi. Eyni zamanda müəyyən prosesləri də irəlilətmək idi ki, bu da baş tutdu. Ona görə də, Azərbaycana qarşı qurulan oyunların əksəriyyətinin cavabını öz çevik siyasətimizlə verməyi planlaşdırırıq. Buna da əhəmiyyətli dərəcədə nail olunur. İrana da açıq şəkildə bildirildi ki, 6 ay öncə siz fərqli düşünürdünüz. Hansısa bir təzyiqlə nəsə etmək olmaz. Amma prosesləri dostluqla irəliyə aparmaq olar. Bu baxımdan da İranın özü bu prosesin irəliləməsinə maraqlı olduğunu ortaya qoydu.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər