Xankəndində rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hansısa dini mahiyyət adı altında keçirilən “tədbir” təxribatdan başqa bir şey deyil. Bu eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən bir yanaşmadır. Ölkəmiz tərəfindən bu cür hallar ciddi qınaqla qarşılanır. Bu gün Azərbaycan qonşu Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır. Ölkələrimiz arasında müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Məhz Xankəndində “dini tədbir” adı altında keçirilən yığıncaq iki ölkə arasında imzalanmış rəsmi sənədlərə belə ziddir.
Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Qarabağda hansısa bir rus icmasının yaradılması istiqamətində cəhdlər var:
“Halbuki bunun da heç bir əsası yoxdur. Bu günlərdə Xankəndində “xristian-müsəlman-provaslavlar” arasında münasibətlər mövzusunda tədbirin keçirilməsi heç bir məntiqə uyğun gəlmir. Orada olan dini icmalar bu qədər fəal olmuşdusa, işğal dövründə İslam dininə aid 67 məscidin dağıdılmasına niyə reaksiya verməyib? Əgər onlar belə bir tədbir keçirirdilərsə, ilk olaraq həmin ərazilərdə müsəlman məscidlərinin dağıdılması, qəbirlərin qazılaraq insan sümüklərinin çıxarılması hallarına reaksiya verməli idilər. Amma bu hallara diqqət edilməyib”.
Ceyhun Məmmədov hesab edir ki, bu, Rusiyada və Ermənistanada olan müəyyən qüvvələrin oyunudur:
“Məqsəd Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurmaqdan ibarətdir. Amma bunun acı nəticələrini hər tərəf düşünməlidir. Həmin ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Ona görə belə addımlara qəti yol vermək olmaz. “Rus icmasının görüşü adı altında tədbir”, "Ukraynaya Dağlıq Qarabağ” adı altında hümanitar, su daşımaq, heykəl qoymaq kimi hallara birdəfəlik son qoyulmalıdır. Yaxşı olardı ki, sülhməramlı missiya orada etimad mühiti formalaşdırsın”.
Komitə üzvünün fikrincə, Azərbaycan uzun müddət bu cür qanunsuzluqlara da səbrlə yanaşmayacaq.