21 Mart 2022 14:51
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövlətçiliyi bu gün özünün intibah dövrünü yaşayır. Bunun kökü min illərdən gələn Azərbaycan xalqının qüdrətli dövlətlərinin olmasındadır. Azərbaycan cəmiyyətində hər bir vətəndaşın təfəkküründə dövlətçilik çox güclüdür. Zaman-zaman dəyərli oğul və qızlarımız azərbaycançılığın yaşamasına, sonradan isə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə töhfəsini verib. Ulu öndər Heydər Əliyevin qurduğu dövlət bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla idarə edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, ölkəmizdə aparılan siyasət tək Azərbaycanın deyil, regionun, dünyanın maraqlarında olan bir strategiyadır: “Azərbaycan bir tərəfdən özü-öz problemlərini həll edir, vətəndaşın xidmətində duran dövlətçilik qurur. Digər tərəfdən isə regionun və dünyanın da problemlərinin həllinə öz töhfəsini verir. Zaman keçdikcə Azərbaycanın apardığı bu siyasət daha çox rəğbətlə qarşılanır. 90-cı, 2000-ci illərdə aparılan siyasət, aprel hadisələri və Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini, xalqımızın öz suveren hüquqları uğrunda mübarizəsini göstərdi”.

Millət vəkili hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Azərbaycan bu gün hərbi əməliyyatların tezliklə dayandırılması üçün öz töhfələrini verən az sayda dövlətlərdən biridir: “Prezident İlham Əliyevin bu və ya digər məsələlər barəsində fikirlərini bildirməsi və bunu öz fəaliyyəti ilə təsdiqləməsi dünya tərəfindən maraqla qarşılanır. Bu gün Azərbaycan təkcə dünya ilə münasibətlər qurmaqda maraqlı deyil, artıq dünya Azərbaycanla münasibət qurmaqda maraqlıdır. Azərbaycan ərazi və əhalicə kiçik olsa da, dünya siyasətində böyük nüfuza malik olan dövlətlərdən biridir”.

Aydın Mirzəzadəyə görə, tarix göstərir ki, ərazi və əhali önəmli məsələ deyil: “Əsas dövlətin nüfuzu, apardığı siyasətdir. Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını yerlə-yeksan etdi. Hətta məzarlıqları, dini inanc yerlərini dağıtdı. Azərbaycan isə işğaldan azad etdiyi öz tarixi torpaqlarında yeni kommunikasiya qurur, ekologiyanı bərpa edir, məktəb tikir, insanların geri qayıdıb normal yaşaması üçün şərait yaradır.

Dünya bu gün Azərbaycanla Ermənistan dövlətçiliyi arasındakı bu fərqi görür. Məhz bu baxımdan son dövlərdə bir-birinin ardınca Prezident İlham Əliyevə Avropa və dünya liderlərinin telefon zəngləri və təbrikləri ümumən dünyanın Azərbaycan dövlətçiliyinə, şəxsən Prezidentin fəaliyyətinə verdiyi yüksək qiymət kimi xarakterizə edilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər