Türkiyə Ukraynada tezliklə atəşkəsin, sülh haqqında razılığın əldə edilməsinin və dinc əhalinin döyüş bölgələrindən təhlükəsiz təxliyyəsinin təmin edilməsinin tərəfdarıdır.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, Türkiyə hakimiyyəti, o cümlədən şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılması üçün hər cür səy göstərir.
Onun sözlərinə görə, Ankara bölgədəki bütün fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində, dinc dialoq yolu ilə həllinin tərəfdarıdır. "Türkiyə ümid edir ki, qonşu dövlətlər regionda gərginliyi artırmağa yönəlmiş addımlardan imtina edəcəklər. İkitərəfli münasibətlərdə çıxılmaz vəziyyətə yol verilməməlidir", - deyə H.Akar bildirib.
Nazir vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri öz ölkələrinin mənafeyini qorumaqla yanaşı, lazım gələrsə, dost və qardaş ölkələrə də kömək əli uzadır.
H.Akar ölkəsinin regionda terrorizmin təzahürlərinə qarşı mübarizədə qətiyyətini vurğulayıb.
O qeyd edib ki, Türkiyənin terrorla mübarizədə yeni mərhələnin başladığını elan etdiyi 24 iyul 2015-ci il tarixindən bu günə qədər bölgədə 33 926 terrorçu zərərsizləşdirilib.