20 May 2022 10:23
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi Qərb ölkələri ona hər fürsətdə xəyanət edən Ermənistanı himayə edir. Ermənistanda polisin, güc qurumlarının etiraz aksiyalarına çıxanlara qarşı amansız davranışlarına, siyasi terroruna, zorakılıq hallarına, aksiyaları güc yolu ilə dağıtmasına göz yumur. Bunun əksinə olaraq etiraz aksiyasına çıxanlar qınaq obyektinə çevrilir. Paradoksal hal odur ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda ən xırda hadisələr Qərb mediasında amansız zorakılıq kimi təqdim edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, Britaniya kimi ölkənin səfirliyi Fəvvarələr meydanında keçirilmiş dinc aksiyadan şou düzəltməyə çalışır: ”Məqsəd isə Azərbaycanın ünvanına şər-böhtanlar yağdırmaq, süni gündəm formalaşdırmaqdan ibarətdir. Ermənistana xüsusi güzəştli, selektiv münasibət bəslənilir. Bunu da onunla əsaslandırmağa çalışırlar ki, Qərb guya bu üsulla Ermənistanı özünə tərəf çəkməyə, Rusiyanın patronajlığı altından çıxarmaq istəyir. Halbuki, heç Qərb üçün də sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistana bu münasibət ancaq Qərbin riyakarlığının məntiqi kimi izah oluna bilər”.

Millət vəkili hesab edir ki, Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə döyüşən, Qazaxıstana KTMT-nın bayrağı altında qoşun yeridən bir ölkə hakimiyyətinə Qərbdə hörmət bəslənməsi heç bir məntiqə sığmır: “Bu mənada Fransanın da ermənipərəst siyasəti diqqətdən yayına bilməz. Çünki Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstəyini davam etdirir”.

Cavid Osmanova görə, görünən real hal odur ki, Ermənistan həm Rusiya, həm Qərb tərəfdən himayə olunur: “Bu, həm 44 günlük müharibə zamanı, həm post-münaqişə dövründə özünü açıq şəkildə göstərir. Azərbaycan isə bütün bu baş verənlər fonunda təkbaşına mübarizə aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənən Azərbaycan təzyiqlərə baxmayaraq müstəqil siyasət xəttini davam etdirərək, ölkəmizin haqlı mövqeyini uğurla müdafiə edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər