20 May 2022 19:14
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Burada ötən ay, yəni aprelin 6-da baş tutmuş görüşün nəticələrinin icrası və təhlili aparılacaq. Çünki ötən Brüssel görüşündə əldə edilən razılaşmaların heç biri Ermənistan tərəfindən təmin edilməyib. Erməni tərəfi bütün vasitələrlə əldə edilən razılaşmaları pozaraq növbəti dəfə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoyub. Avropa İttifaqının və Qərbin Ermənistanın pozucu davranışları fonunda dünyanın siyasi elitasının gözü önündə ifşası baxımından Brüssel görüşü mühüm önəmə malikdir.

Teleqraf.com-a növbəti Brüssel görüşünün nəticələrini şərh edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı hazırda region uğrunda çox gərgin və ciddi siyasi mübarizənin getdiyini söyləyib.

Onun fikrincə, bu bölgə ilə bağlı Rusiya indiki durumda heç cür təslim olmaq və güzəştə getmək fikrində deyil:

“Bunun fonunda isə Avropa İttifaqının Cənubi Qafaqazda gedən proseslərdə aktiv rolu görünür. Eyni zamanda Aİ Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələlərini Rusiyanın əlindən almağa çalışır və bunda da israrlıdır. Sadəcə olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan xalqının keyfiyyətlərindən çıxış edərək riyakarlıq, ikiüzlülük edir. O, Avropa İttifaqına gedəndə bir söz, Rusiyaya gələndə başqa söz deyir. Beləliklə də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermir. Bu təkcə Paşinyanın qorxaqlığı və Ermənistanda ona qarşı olan etirazlarla izah edilə bilməz. Sözsüz ki, bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur”.

Partiya sədrinə görə, Avropa İttifaqı, ABŞ nəticə etibarı ilə N.Paşinyanı məcbur edəcəklər o Brüssel formatından ortaya qoyulan şərtləri icra etsin:

“Əsas istiqamət Azərbaycanın təklif etdiyi 5 təməl prinsipə uyğun konkret addımlar atılmasının təminatıdır. Hətta Ermənistandakı revanşistlər və N.Paşinyana qarşı çıxanlar da burada heç bir təsirə malik deyil. Çünki onların arxasında dayanan Kreml bu gün yetərli gücə malik deyil. Ona görə də etirazçılara qarşı kəskin addımlar atan Ermənistan Qərbin qınağından kənardadır. Eyni zamanda Brüssel ikitərəfli formatda proseslərin irləliləməsində israrlıdır. Çünki ABŞ burada maraqlı bir tərəfdir. Avropa İttifaqı və ABŞ Rusiyanı nəinki Ukraynadan, Cənubi Qafqazdan da sıxışdırıb çıxarmaq niyyətindədir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın iştirakı olmadan Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaqda maraqlıdır:

“Amma sözsüz ki, Rusiya buna heç vaxt imkan verməyəcək. Rusiyanın Azərbaycan və Ermənistan arasında münaqişənin yoluna qoyulmasında əsas şərti odur ki, proses yalnız onun maraqları nəzərə alınmaqla aparılsın. Ona görə də Rusiya-Ukrayna müharibəsi başa çatmayana qədər ümumiyyətlə bu bölgədə hansısa bir məsələ müsbət mənada həll olunmayacaq. Bu baxımdan da prosesin irəliləməməsində qeyri-adi heç nə yoxdur”.

Sərdar Cəlaloğluna görə, sadəlövcəsinə Ermənistanın müstəqil dövlət kimi və Paşinyanın sərbəst qərar verəcəyinə inananlar yanıldılar:

“Çünki Rusiyanın Ermənistana ciddi təsir mexanizmləri fonunda Paşinyanın buna qarşı durmaq imkanları yoxdur. Avropa, Amerika üçün isə yeganə vacib məsələ Ukraynadır. Ona görə də onlar Azərbaycan-Ermənistan münasibətlərini bugünkü səviyyədə saxlamaqda maraqlı görünürlər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər