Hazırda həyatın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya və kommunikasiya texnologiyalarina ciddi ehtiyac var. Dövlətimiz tərəfindən həyata keçirilən siyasət nəticəsində yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan bütün şərait yaradılır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, informasiya texnologiyaları sahəsində əldə edilən tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir: “Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. Ölkə başçısı, eyni zamanda, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu məsələlərə daim diqqət yetirilir. Azərbaycan yaşıl iqtisadiyyat, yaşıl texnologiya, rəqəmsal iqtisadiyyat konsepsiyalarını həyata keçirir. Hazırda işğaldan azad olunan şəhər və kəndlərimiz məhz bu innovativ texnologiyaya əsasən tikilir, yenidən qurulur. 26-29 may tarixlərində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalın keçirilməsi bunu bir daha sübut edir”.
Millət vəkili hesab edir ki, beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliğidir: “Bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasına hədəflənib. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. İlk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub. Əlbəttə ki, bunun həm də rəmzi mənası var. Bu gün Türkiyə və Azərbaycan qardaşlığı, müttəfiqliyi bütün sahələrlə yanaşı, elm və texnologiya sahəsini də əhatə edir. Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır”.
Hicran Hüseynova əmindirki, ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” gənclərimizə öz bacarıqlarını göstərmək imkanı yaradacaq və təcrübə qazandıracaq: “Eyni zamanda, hazırladıqları məhsulları təqdim etmək üçün mühüm platformadır. Çünki bu zamanın tələbidir. Artıq elm, texnologiya və innovasiya dövlətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Ona görə də bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və fəaliyyət planları işləyib hazırlamağa ehtiyac var. Bütün bunlar isə bu və ya digər ölkənin insanın və dövlətinin inkişafı deməkdir. Dövlət öz siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün yüksək texnologiyaya malik olması müstəsna əhəmiyyətə malikdir”.