“Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı dediyi kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.
Millət vəkili qeyd etmişdir ki, “104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.
Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.
Millət vəkili demişdir: “ Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur”