31 May 2022 11:21
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqin ilk dünyəvi, demokratik, parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasından 104 il ötür. AXC-nin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik. Bu gün də hiss edirik. Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Mayın 28-də qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri, ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı və Müstəqillik Gününü iki qardaş ölkənin Liderlərinin birlikdə qeyd etmələri “İki dövlət, bir millət” ideyasının növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq”, - o qeyd edib.

Onun sözlərinə, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi: “Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Tarixi Şuşa Bəyannaməsini imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiqlik zirvəsinə ucalıb. Bu müttəfiqlik özünü hər yerdə göstərir. Siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində bu birlik var. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Prezident İlham Əliyevin də çıxışında dediyi kimi, Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.

Tamam Cəfərova bildirib ki, Nobel mükafatı laureatı Əziz Səncərin bu tədbirdə iştirakı mühüm önəm kəsb edib: “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın ölkəmizə böyük marağı mühüm amil kimi qiymətləndirilir. 44 günlük Vətən müharibəsindən sonrakı proseslər göstərdi ki, çətin gündə olduğu kimi, xoş gündə də Türkiyə Azərbaycanın yanındadır. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəm əlaqələrlə yüksələn xətlə inkişaf edir. Bu, onu deməyə əsas verir ki, regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Şübhəsiz ki, regionda dayanıqlı sülhün təmin olunması üçün Türkiyənin bölgədə fəal aktor olması mühüm rol oynayır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər