Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, Ermənistan cəmiyyətində Paşinyanın Qarabağla bağlı açıqlaması böyük isterika ilə qarşılandı. Siz nə düşünürsünüz, bir açıqlamaya qarşı bu qədər dözümsüz yanaşma sərgiləyən toplumla qısa zamanda sülh əldə etmək mümkündürmü?
- Ümumiyyətlə cəmiyyətlər plüral əsasda formalaşır. Ona görə də hər bir cəmiyyətdə bir-birinə zidd, konfrantasiyalar, müxtəlif ideyalar olur. Cəmiyyətin çoxluğu hansı ideyanı qəbul edirsə, həmin istiqamət əsasında siyasət aparılmalıdır. İndiki halda Ermənistanda çoxluq hakimiyyətin tərəfindədir. Hakimiyyət və erməni xalqının mütləq əksəriyyəti sülh istəyir. Görünən odur ki, Azərbaycan torpaqlarına iddiadan əl çəkirlər. Hər halda indiki halda Nikol Paşinyan və onu müdafiə edənlər belə düşüncədədir. Bu baxımdan da qarşı tərəflə ilkin təmaslar qurmaq lazımdır. Yerdə qalan ermənilərin fikirlərinə isə o qədər də əhəmiyyət vermək lazım deyil. Bu cür ikrah yaradan fikirlər həmişə olacaq. Onlar hər zaman ağıllarına gələni danışıblar, iddialarla çıxış ediblər.
- Paşinyandan fərqli olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhə maneə yaradacaq fikirlər səsləndirib. Bunu necə izah etmək olar?
- Bəlkə də, Ermənistan tərəfi elə şərtlərdən danışır və irəli sürür ki, bunu qəbul etmək mümkün deyil. Çünki bu müharibədə məğlub olmuş tərəfin irəli sürəcəyi şərtlər deyil. Azərbaycan da məhz bu baxımdan şərtləri qəbul etmir. Burada qalib Azərbaycandır. Azərbaycanın da şərtləri əsasında danışıqlar aparılmalıdır. Ölkəmiz də heç də qarşı tərəfə qeyri-adi şərtlər irəli sürməyib. Bu şərtlərdə beynəlxalq hüququn prinsipləri öz əksini tapıb. Bütün dünyada bir-birinə hörmət edən ölkələr məhz Azərbaycanın Ermənistana təklif etdiyi bu 5 prinsipi rəhbər tutur. Ermənilər buna özlərindən əlavə subyektivliyə yönələn nələrsə, qoşmağa çalışırlarsa, bu, yolverilməzdir. Onlar daha çox öz şəxsi mülahizələrini beynəlxalq hüquqa zidd olaraq ortaya qoyurlar. Bu da nə Azərbaycan, nə də ki, beynəlxalq ictimaiyyətin qəbul edəcəyi bir hal deyil.
- Prosesə kənar təsirlərlə bağlı da fərqli fikirlər var...
- Ermənistana Rusiyadan çox ciddi təsirlər var. Ermənistan rəhbərliyi zaman-zaman bəzən Rusiyanının təsiri altında bu cür mövqelər ortaya qoyur. Amma əsas odur ki, proses addım-addım irəliləyir. Sadəcə olaraq indiki halda daha çox N. Paşinyanla danışmaq lazımdır. Çalışmaq lazımdır ki, N. Paşinyana qarşı olan qüvvələr zəifləsin. Rusiyanın da Ermənistanla əlaqələrinin zəifləməsi fonunda Paşinyan da bu bölgədə daimi sülh üçün Azərbaycan və Türkiyə ilə daha çox münasibətlər yaratmağın fərqindədir. Rusiya zəiflədikcə ermənilərin ənənəvi müttəfiqlik yanaşmaları dəyişməyə başlayır. N. Paşinyan da bu dəyişiklikləri vaxtında tuta bilib. Digər tərəfdən erməni baş nazirin özü də Qərbin yol xəritəsi əsasında siyasət aparır. Bu baxımdan biz bir daşla iki quş vurmuş oluruq. Burada həm Ermənistan Rusiyanın təsirindən xilas olur, həm də bu ölkənin Azərbaycan və Türkiyə ilə sağlam münasibətlər formalaşmasına təminat yaranır.
- Paşinyan sizcə xarici təsirlərə baxmayaraq bunu edə biləcək gücdəmi?
- Bugünkü Ermənistan Konstitusiyasını N.Paşinyan və onun tərəfdarları qəbul etməyib. Bu, Sərkisyan və Köçəryanın zamanında qəbul edilib. Əslində bu yanlış bir təsəvvürlə bağlıdır. Çünki ermənilər yanlış olaraq Ağrı dağını özlərinə aid edirlər. Burada çox ciddi bir problem var. Əsas problem isə ermənilər dediyimiz xalq, haylardan və ərmənilərdən təşkil edilib. Ərmənilər isə mənşəcə xristianlığı qəbul etmiş qıpçaq türkləridir. Ona görə də ərməniyyə deyilən ərazilərin də hamısı türk xalqlarına məxsusdur. Haylar isə Fransadan gələn bir qəbilədir. Bu baxımdan hayların Ağrı dağına iddia etməyə mənəvi haqqı yoxdur. Sadəcə olaraq ermənilər türklərin özlərinin ideyalarından onlara qarşı istifadə etməyə çalışır.
- Proseslərin hazırkı gedişini necə qiymətləndirmək olar?
- Hazırda bu prosesə ən ciddi maneə olan tərəf Rusiyadır. Belə olan halda məsələnin qısa zamanda həllini tapması mümkün deyil. Amma Rusiya Ukrayna müharibəsi müstəvisində getdikcə qan itirir, zəifləyir. Ona görə də Rusiya ambissiyalarından istəsə də, istəməsə də geri çəkilməli olacaq. Digər tərəfdən Rusiyanın başı Ukraynaya daha çox qarışır. Bu baxımdan da, onun Qafqazda o qədər də ciddi bir tərəf olması zəifləyir. Bütün bunlar isə ona əsas verir ki, Paşinyan düzgün istiqamət götürəcəyi halda, Azərbaycan və Türkiyə ilə qarşılıqlı etimad əsasında siyasət yürüdəcəyi təqdirdə, prosesin irəliləməsi mümkündür.