Politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Tayvan adası ətrafında gərginlik pik həddədir. ABŞ ada yaxınlığına xeyli sayda hərbi qüvvə göndərib. Çin də bölgədə manevrlərini artırıb, hətta Amerikaya müharibə mesajı da verib. Sizcə, gərginlik hara qədər inkişaf edə bilər?
- Çin-Tayvan gərginliyi bu günün məsələsi deyil, illərdir davam edir. Çin Tayvanı özünə birləşdirmək istəyir. Tayvan isə bunu istəmir. Bu gün bu istiqamətdə Rusiya-Ukrayna müharibəsindən öncəki situasiyanı görürük. Yenə də ABŞ ara vermədən bu məsələni gündəmə gətirir. ABŞ kəşfiyyat məlumatlarına əsaslanaraq, Çinin tezliklə Tayvanı ələ keçirməyi planlaşdırdığını iddia edir. Bunu bir neçə dəfə Baydenin özü də dilə gətirib.
Baydenin çıxışları Rusiya-Ukrayna müharibəsindən əvvəl verdiyi açıqlamaları xatırladır. Görünən budur ki, ABŞ Tayvan-Çin gərginliyini də müharibə həddinə qədər gətirmək niyyətindədir. ABŞ Rusiya kimi Çini də yeni dünya nizamının bir qütbü kimi görmək istəmir, buna görə də onun başını öz daxili problemləri ilə qatmaq istəyir. Çinin iqtisadi cəhətdən güclənməsi Amerikanın ən böyük qorxularından biridir.
Rusiyadan sonra Çin ABŞ üçün ikinci ən böyük düşmənə çevrilib. Çin-Tayvan gərginliyi isə öz rəqibini küncə sıxışdırmaq üçün ABŞ-a yaxşı fürsət verir. Amerika Rusiya-Ukrayna müharibəsinin uzanmasının səbəbkarlarından biridir. ABŞ beş aydan çoxdur davam edən müharibədə Ukraynanı silahlandırır, maddi dəstək verir. Təbii ki, bu da Rusiyanı qəzəbləndirir. Rusiya bu dəstəyin sonunda məğlub olacağından qorxur. Buna görə də istədiyi nəticələri əldə edənədək hücumlarını dayandırmaq istəmir. ABŞ və Avropa Birliyi isə yalan vədlərlə Ukraynanı müharibəyə sövq etdi. Ukrayna ABŞ və Rusiya arasındakı geosiyasi qarşıdurmanın qurbanıdır.
ABŞ buna bənzər ssenarini Çinə qarşı həyata keçirmək istəyir. Birqütblü dünya nizamı formalaşdırmaq istəyən ABŞ bunun üçün Çini zəiflətməyi hədəfləyir. Buna görə də münaqişəni qızışdıran ABŞ Tayvana yardım edəcəyini bildirir. Çin isə hərbi baxımdan uzunmüddətli müharibə aparmaq gücündə olmaya bilər. Qənaətimə görə, bunu Çinin özü də başa düşür, buna görə də məsələlərin dinc yolla həllinə çalışır. Müharibənin qarşısını almaq üçün güc nümayiş etdirir, sərt bəyanatlar verir.
Qənaətimə görə, müharibənin Çin tərəfindən başlanılacağı gözlənilən deyil. Çünki Çin Rusiyanın Ukraynada müharibəni davam etdirən Rusiyanın durumuna düşmək istəmir. Çin hələ yenicə - son illərdə iqtisadi baxımdan güclənməyə başlayıb. Eyni zamanda, təhlükəsizlik baxımından öz sərhədi yaxınlığında müharibə ocağının yaranması ona lazım deyil. Onsuz da Çinin daxildə uyğur kimi ciddi problemləri var, Tayvan münaqişəsinin qızışması isə onu çətin duruma sala bilər. Zənnimcə, Rusiya-Ukrayna müharibəsinin yaratdığı mənzərəni görən Çin geri çəkilə bilər. Eyni zamanada, Çin həmişə başqalarının əlləriylə müharibələr başladaraq, bunlardan böyük gəlirlər götürən ABŞ-ın bu kimi maraqlarını da görür. Zənnimcə, bu və digər amillərə görə Çin ona baha başa gələ biləcək riskə getməyəcək, yəni Amerikanın hiyləsinə aldanmayacaq.
- YPG/PKK terror teşkilatı Türkiyənin mümkün əməliyyatından əvvəl Şimali Suriyada fəallaşıb. Üstəgəl, terror teşkilatına Qərbdən, xüsusən ABŞ-dan hərbi yardım artıb. Baş verənlərdən gözləntiniz necədir: Türkiyə planlaşdırdığı əməliyyatı keçirməklə hədəflərinə nail ola biləcəkmi?
- Türkiyə illərdir öz daxilində, İraq və Suriyada PKK/YPG terror təşkilatına qarşı mübarizə aparır, əməliyyat keçirir. Bu yöndə yenə də Amerika önə çıxır. Bu dəfə isə Türkiyənin qarşısına... ABŞ son illərdə bu terror təşkilatına dəstək və diqqətini artırıb. Onsuz da terrorçulara hərbi yardım edirdi, indi bunu ikiqat edir. Bu da terror təşkilatının fəallığını artırır. Türkiyə də İraq və Suriyada öz sərhədləri yaxınlığında kök atmış və fəal şəkildə təxribatlara əl atan terrorçuları bölgədən təmizləməyə çalışır. Son əməliyyatlarında PKK/YPG-nin rəhbər şəxslərinin zərərsizləşdirilməsi, Prezident Ərdoğanın son bəyanatları da göstərir ki, Türkiyə sona qədər getmək və öz hədəflərinə çatmaq niyyətindədir.
ABŞ-a gəldikdə, onun Türkiyəyə qarşı yürütdüyü siyasət sual yaradır. ABŞ-ın terrorçulara verdiyi dəstək da bunun başında dayanır. Amerika ilə yanaşı, NATO-da Türkiyə ilə müttəfiq olmaq istəyən Finlandiya və İsveçin də PKK/YPG ilə yanaşı, FETÖ-yə dəstək verməsi də Ankaranı əndişələndirir. PKK/YPG-yə hərbi yardım verən hər iki ölkə digər yandan FETÖ üzvləri və digər terrorçulara da ev sahibliyi edir. İsveç və Finlandiya bununla bağlı Türkiyə qarşısında öhdəlik götürsə də, onların bu vədləri yerinə yetirəcəyinə inanmıram. Çünki bu iki ölkə özbaşına deyil, ABŞ-dan ciddi dəstək alırlar. Amerikanın da onlara NATO-ya üzvlük prosesində ciddi dəstəkləri var. ABŞ gələcəkdə Finlandiya və İsveçin Türkiyəyə qarşı siyasətindən istifadə etmək niyyəti ilə yanaşı, NATO-ya üzv olduqdan sonra alyansın hərbi qüvvələrinin Rusiya sərhədlərində yerləşdirilməsinə nail olmaq istəyir.
Hesab edirəm ki, bir sıra NATO üzvləri və ABŞ-ın ona qarşı mövqelərinin dəyişməməsini nəzərə alan Türkiyə bir neçə il sonra alyansa üzvlük məsələsini nəzərdən keçirə bilər. Türkiyə bundan sonra Qərbdəki müttəfiqlərinin ona münasibətlərinə baxacaq. Türkiyənin NATO-da qalıb-qalmayacağı da bu münasibətlərdən asılı olacaq. ABŞ isə S-400, F-16 və F-35 məsələlərindən istifadə ilə yanaşı, PKK/YPG terror təşkilatına dəstək verməklə Türkiyəni öz təsir dairəsində saxlamağa çalışır. Amma bu, çətin məsələdir. Türkiyə Amerikanın bir barmağı ilə idarə edə biləcəyi dövlət deyil, heç vaxt da olmayıb. Eyni zamanda, ABŞ PKK/YPG məsələsindən istifadə edərək, böyük hədəflərinə gedən yolda Türkiyənin başını qatmağa çalışır.
Artıq Türkiyə öz hədəflərinə addım-addım nail olur, öz sərhədlərində təhlükəsizlik zonası yaradır. Türkiyədəki suriyalı qaçqınları da bu təhlükəsizlik bölgələrində yerləşdirməyi planlaşdırır. Şimali Suriyada planlaşdırılan antiterror əməliyyatlarında əsas hədəflərdən biri də budur. Terror təşkilatlarına artan dəstək və sərhədləri yaxınlığında silahlı ünsürlərin fəallığının artması Türkiyəni vadar edir ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin. Bu gün Türkiyənin geri çəkilməsi mümkün deyil və nəzərdə tutulan əməliyyat baş tutacaq. Təbii ki, böyük güclərin arxasında dayandığı terror şəbəkəsinin kökünü tam kəsmək mümkün olmayacaq, amma ən azı sərhədlərdən uzaqlaşdırmaq mümkündür.
- İran açıqlama verib ki, nüvə silahı əldə etmək imkanları olsa da, belə bir proqramı yoxdur. İrana nüvə silahı əldə etməyə imkan verərlərmi? Xüsusən də İsrailin buna reaksiyası necə ola bilər?
- İranın öz nüvə proqramını genişləndirdiyi heç kəsə sirr deyil. ABŞ-ın Trampın zamanında nüvə müqaviləsindən çıxması İranın daha geniş əl-qol açmasına gətirib çıxardı. Amma İranın nüvə silahı əldə etməyə gücü varmı? Bu suala cavab vermək çətindir. ABŞ kəşfiyyatı nüvə proqramının təhlükəli həddə genişlənməsinin qarşısını almaq üçün İran daxilində fəal şəkildə işləyir. ABŞ nə yolla olur-olsun, İranın nüvə silahına yiyələnməsinə maneə yaratmaq istəyir. Çünki ABŞ İran nüvə silahı əldə edərsə, sabah bundan istifadə etməyəcəyinə əmin deyil. İran isə artan xarici təhlükələrdən özünü sığortalamaq üçün buna çalışır.
Təbii ki, prosesdə İsrailin də öz rolu var. İsrailin bölgədə güclənməsi, ərəb ölkələri ilə münasibətlərini normallaşdırması Amerikanın maraqlarına uyğundur. ABŞ-ın Yaxın Şərqdəki siyasəti də İsraildən başlayır. İsrailin ən böyük düşməni olan İran ABŞ-ın da düşmənidir. İsrail başa düşür ki, İranın nüvə silahı əldə etmək istəklərindən biri də onunla bağlıdır. İran İsrail üçün təhdid və təhlükədir. Buna görə də, İsrail fəal şəkildə İranın önünü kəsməyə çalışır.
İranın bəyanatına gəldikdə, bununla özünü “təhlükəsizlik çətiri” altına çəkmək istəyir. Çünki İran ABŞ-ın Kosovo-Serbiya, Çin-Tayvan və Rusiya-Ukrayna gərginliklərində hansı rolu oynadığını görür. İran görür ki, Amerika regional müharibələrdə maraqlıdır. İran sabah belə bir ssenarinin ona qarşı həyata keçirilməyəcəyindən əmin deyil. Tehran bundan çəkinir, belə bir çəmbərin içinə düşmək istəmir.
- Bəs Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrdən nə gözləyirsiniz? Üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla yanaşı, təxribatlarını artıran Ermənistan nəyə nail olmaq istəyir?
- Ermənistan bu dəfə Rusiyanın yox, Qərbin verdiyi dəstəyə arxalanır. Nikol Paşinyan Ermənistan daxilindəki son gərginlikdən məhz Qərbdən aldığı dəstəklə salamat çıxdı.
Qarabağdakı qanunsuz silahlı birləşmələrin mövcudluğuna gəldikdə, Rusiya sülhməramlıları üçtərəfli anlaşmalara uyğun olaraq, onları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərindən çıxarmalı idilər. Amma bunun əvəzinə, ötən dövrdə separatçıların orada mövqelərini daha da gücləndirməyə çalışdıqlarını gördük. Bu da onu göstərir ki, sülhməramlılar öhdəliklərinə əməl edə bilmirlər. Azərbaycan ordusunun isə bu işi görməyə gücü var və yetirəncədir. Hesab edirəm ki, Azərbaycan güzəştə getməyəcək, vəziyyət belə davam edərsə, müvafiq addımlarını atacaq. Azərbaycan Prezidentinin də dediyi kimi, separatçının olduğu heç bir yerdə sülh ola bilməz. Bölgədə silahlı separatçıların mövcudluğu təkcə Azərbaycan üçün yox, Ermənistanın və ermənilərin özləri üçün də təhdid yaradır. Əgər bu gün silahlı separatçılar əl qollarını sallaya-sallaya gəzirlərsə, bunun günahkarı Rusiya və onun bu ərazilərdəki sülhməramlılarıdır.
Ermənistan indi daha çox Rusiyaya yox, ABŞ-a güvənir. Ermənilərin son təxribatlarında Qərbin rolunun olduğunu düşünürəm. Təsadüfi deyil ki, ABŞ yenidən “minaların təmizlənməsi” adı altında separatçılara maliyyə yardımı ayıracağını bildirdi. Blinkenin özü də Ermənistan-Azərbaycan məsələsinə dair fəallığını artırıb. Bu da onu göstərir ki, ABŞ bölgədə yeni münaqişədə maraqlıdır. Bu dəfə ipləri Rusiya yox, Amerika öz əlinə almaq istəyir. Eyni zamanda, ABŞ bununla neft və təbii qazla zəngin Azərbaycanı öz nəzarətində saxlamağı, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı hədəfləyir. Blinken buna görə münaqişənin hələ başa çatmadığını deyir. Məqsəd də bu məsələni yenidən Minsk qrupunun nəzarətinə keçirməklə prosesi uzatmaqdır. Bu məqsədlə bölgədəki erməni separatçılarının silahlandırılması Amerika üçün mühüm rol oynaya bilər. Təbii ki, Azərbaycan baş verənlərdən xəbərdardır və prosesdən zərərsiz çıxmaq üçün lazım olan addımları vaxtında atacaq.
Paşinyan isə nə yolla olur-olsun öz kreslosunu qorumağa çalışır. Bu işdə isə Ukraynada öz gücünü itirən Rusiyaya yox, Amerikaya araxlanır. Ermənistan Qarabağ ermənilərinə “status” almaq məsələsində də Amerikaya güvənir. Amma bu real ola bilməz. Ermənistanın bunun üçün gücü yoxdur. Ermənistan bu məqsədlə Azərbaycanın qarşısına çıxa biləcək dövlət deyil. Buna görə də Ermənistan bu iddiasında özünə yox, üçüncü dövlət arxalanmağa çalışır. Azərbaycan Prezidentinin isə bu məsələdə mövqeyi birmənalıdır: statusdan söhbət gedə bilməz. Azərbaycan nə Ermənistanın, nə də üçüncü dövlətin separatçı istəklərinə nail olmasına imkan verəcək.