Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Ordusunun “Qisas” cavab əməliyyatı haqda fikriniz necədir: niyə durum bu yerə gəlib çatdı, bundan sonra bizi nə gözləyir?
- Məsələnin ən primitiv şərhi bu olardı ki, Azərbaycanın səbri tükənir, buna görə antiterror əməliyyatı keçirir və s. Bu, hadisələrə çox bəsit baxış olardı. Belə deyil. İstənilən hadisənin baş verməsinin səbəb və nəticəsi var. Azərbaycan dəfələrlə bildirib ki, öz ərazilərində hansısa terrorçu dəstələrin, xüsusilə də mütəşəkkil terrorçu dəstələrin olmasına, öz ərazisində düşmən niyyətli şəxslərin hərbi bazalarının yaradılmasına imkan verməyəcək.
Azərbaycan başqa ölkənin ərazisində antiterror əməliyyatı keçirmir. Biz öz ərazilərimizdə vətəndaşlarımızın həyatı, təhlükəsizliyi və rifahı üçün çox real təhlükəyə çevrilən bir dəstənin zərərsizləşdirilməsi ilə məşğuluq.
Əməliyyat başa çatmayıb, sadəcə, müvəqqəti olaraq dayanıb. Azərbaycan ərazisindəki bu terrorçuların mövcudluğuna son qoyulmalıdır. İki yol var: ya onlar Ermənistan ərazilərinə getməlidirlər, ya da silahı yerə qoymalıdırlar. Ermənistana getmirlərsə, silahı yer qoymurlarsa, onlar artıq Azərbaycan Silahlı Qüvvələri və təhlükəsizlik strukturları üçün potensial hədəfə çevrilir. Çünki bu şəxslər Azərbaycan vətəndaşlarını hədəfə alıblar. Bu videokadrlarda da, rəsmi bəyanatlarda da görünür və bu proses davam edəcək.
Yenə də deyirəm: Ermənistan hakimiyyəti, xüsusilə də Azərbaycan ərazisindəki separatçı yığınaq öz əməllərindən əl çəkən deyil. Onlar bundan sonra da təxribatlara əl atacaqlar və mövqelərimizi atəşə tutmağa davam edəcəklər. Bir yol qalır ki, həmin ərazilər terrorçular və separatçılardan tam təmizlənməlidir. Bu da ya danışıqlar yolu ilə, ya da zor gücünə olmalıdır.
Son proseslər göstərir ki, onlar danışıqlara meylli deyillər. Paşinyanın Təhlükəsizlik Şurasının iclasındakı sərsəm bəyanatları da göstərir ki, Ermənistan hakimiyyəti buna hazır deyil və bunu istəmir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Biz Laçın dəhlizi ilə bağlı hansısa təklifi qəbul etməmişik” kimi açıqlamaları da onu göstərir ki, Ermənistan yenə də aqressiv, revanşist və militar yoldan əl çəkmək niyyətində deyil.
- Bəs Paşinyanın Azərbaycanı “Dağlıq Qarabağ” anlayışını tanımağa çağırmasına, üstəgəl, “təmas xətti” və digər separat məsələlərdən danışmasına Bakının reaksiyası necə ola bilər?
- Bakının reaksiyası həmişəki kimi olacaq. Biz sərsəm və idiot açıqlamaları şərh etmək niyyətində deyilik. Paşinyan “Dağlıq Qarabağ” ifadəsini gündəmə gətirmək istəyirsə, lap yaxşı. Biz də Qərbi Zəngəzur məsələsini gündəmdə saxlayaraq, İrəvanın qədim Azərbaycan şəhəri olduğunun sübutu istiqamətində beynəlxalq arenada genişmiqyaslı təbliğata başlaya bilərik.
Paşinyan ərazi iddiası ilə çıxış edirsə, bilməlidir ki, siyasətdə, xüsusən də Cənubi Qafqaz kimi yerdə “bumeranq effekti” var. Cənubi Qafqaz geosiyasi baxımdan “böyük uçbucaq”ın içində “kiçik üçbucaq”dır. Kiçik “üçbucaq” Azərbaycan, Türkiyə və Ermənistandırsa, “böyük üçbucaq” Türkiyə, İran və Rusiyadır. “Böyük üçbucaq”a daxil olan ölkələrin hamısı sabiq imperiyalardır. “Kiçik üçbucaq”dakı ölkələr onların maraqlarını nəzərə almalıdır. Ermənistan da bunların heç birini nəzərə almır.
Vəziyyət o qədər tragikomik bir həddə çatıb ki, İran ərazisində harasa daşınan bir tankın videosunu çəkilir, Ermənistan və ermənilərin nəzarətində olan Teleqram kanallarında yayılır və bu, “İranın Azərbaycan sərhədləri yaxınlığında təlimlərə başlaması” kimi qələmə verilir. Bu, Ermənistanın təbliğatının nə qədər primitiv və mənasız olduğunu göstərir.
Kiplinqin “Cəngəlliklər kitabı”nda Şirxan (pələng) obrazı, Şirxanın da yanında Tabaki (çaqqal) obrazı var. Tabaki Şirxana güvənərək, cəngəllikdə qabağına kim keçirsə, dişləyir, təhlükə olan kimi də onun yanına qaçır. Ermənistan həmin Tabakidir. Ermənistan həmişə kiməsə güvənərək, nəsə etməyə çalışır. Əvvəllər Rus İmperiyasına, sonra Millətlər Liqasına, sonra Fransaya, sonra Sovet İttifaqına, daha sonra Rusiya Federasiyasına güvəndilər. İndi görəndə ki, dünya birliyi artıq Ermənistandan iyrənib, sadəcə, Fransa ondan “marionetka” kimi istifadə etməyə davam edir. Ermənistan bu dəfə ümid və gözlərini İrana dikib.
Ermənistan Tabakinin taleyini unutmamalıdır. Mauqlinin qardaşı canavar onurğasını sındırıraraq, Tabakini öldürür. Yəni Ermənistan unutmamalıdır ki, onun da onurğasını “boz qurd” çox asanlıqla sındıra bilər.
- Qarabağdakı qanunsuz silahlı birləşmələrinin çıxarılmasından danışan Paşinyan “Dağlıq Qarabağ özünümüdafiə qoşunları”ndan dəm vurur. O bildirir ki, Qarabağda Ermənistan hərbçiləri yoxdur, “özünümüdafiə qoşunları” isə Azərbaycanın Rusiya sülhməramlılarının mandatını təsdiqləməsindən sonra geri çəkilə bilər. Bu Paşinyanın, yoxsa Rusiyanın mesajıdır?
- Düşünmürəm ki, Rusiya diplomatiyasının belə sarsaq mesaj verəcək adamı olsun. Bunu təsəvvürümə gətirə bilmirəm. Bu, Paşinyanın öz çıxışıdır.
Birincisi, sülhməramlıların mandatını nə Azərbaycan, nə Ermənistan, nə də Konqo tanıya bilər, bunu BMT tanımalıdır. Amma Paşinyan beynəlxalq siyasət və diplomatiyadan xəbərsiz olduğuna görə bilmir ki, sülhməramlılar həm mandatla, həm də mandatsız fəaliyyət göstərə bilərlər. Bu və ya digər dövlətin razılıq, yaxud dəvəti ilə. Azərbaycan isə dəvət etməyib, razılıq verib, buna görə də mandatsız fəaliyyət göstərirlər.
İkincisi, olmayan Dağlıq Qarabağ adlı məkanda hansı “özünümüdafiə qüvvələri”ndən danışıla bilər? Reallıq budur ki, indi Azərbaycan ərazisində yaşayan ermənilər əvvəlcə özlərini Ermənistandan, sonra isə özlərindən – içlərindəki terrorçulardan müdafiə etməlidirlər. Çünki onları uzun illərdir terrorçu xunta idarə edir.
Üçüncüsü, Paşinyan bildirir ki, Azərbaycan ərazilərində Ermənistan hərbçiləri yoxdur. Amma onun Təhlükəsizlik Şurasının katibi bir neçə gün əvvəl demişdi ki, Ermənistan Müdafiə Nazirliyinin çağırışı ilə hərbi xidmətdə olan Ermənistan vətəndaşlarını mümkün qədər tez Azərbaycan ərazilərindən çıxarmağa çalışacaqlar və buna başlayıblar. İrəvan qərar gəlməlidir: kim yalan danışır?
İndi Paşinyan deyir ki, Qarabağda Ermənistan hərbçisi yoxdur. İndi biz mövqelərdən birində Ermənistan vətəndaşı olan bir hərbçini tapsaq və ya əsir alsaq, onda nə baş verəcək? Paşinyan bu ritorik suala cavab vermir və verə bilmir. Çünki bu sual deyil, faktdır.
Ermənistan öz hərbçilərini müxtəlif yollarla Azərbaycan ərazilərinə - Xankəndiyə, Əsgərana, Xocalıya, Ağdərəyə göndərib, yerləşdirib. Guya onlar həmin yerdə “könüllülər” qismində hərbi xidmət keçirlər, keçiblər. Həmin hərbçilər Azərbaycan ərazilərindən çıxarılmalıdır. Çünki Ermənistan hərbçilərinin qanunsuz şəkildə həmin ərazilərdə olması Azərbaycan üçün təhdiddir. Azərbaycan Konstitusiyasına uyğun olaraq, bizim güc strukturlarımız, Silahlı Qüvvələrimiz vətəndaşlarımıza həyati təhlükə yaradanları zərərsizləşdirməlidir. Bu Konstitusiyanın və beynəlxalq hüququn tələbidir.
- Vəziyyət gərginləşdikdən sonra Qarabağdakı Ermənistan qüvvələrinin təcili şəkildə çıxarılmasına başlanıldığı xəbəri dolaşır. Bu xəbər nə qədər həqiqəti əks etdirir?
- Proses gedir. Dediyim kimi, Ermənistan hərbçiləri oradan çıxarılmalıdır. Ona görə yox ki Ermənistan rəhbərliyi ağıllanıb və adekvat addım atmağa başlayıb, belə deyil. Sadəcə olaraq, avqustun axırına kimi hərbçilər ərazilərimizdən çıxarılmalıdır. Çıxarılmasa, növbəti antiterror əməliyyatı istisna deyil. Artıq terrorçulara burada rahat nəfəs almalarına imkan verməyəcəyik.
Cənab prezidentin dediyi kimi, “Dəmir yumruq” yerindədir. Əgər Ermənistanda kimsə revanşist və aqressiv fikirlərə düşərsə, sanki antiterror əməliyyatlarının başlayacağı günü iplə çəkib yaxınlaşdıracaqlar.
- ABŞ və Rusiya son gəlişmələrə münasibətdə kifayət qədər fəallıq göstərir. Sizcə, Cənubi Qafqaz bura qədər Kosovo, Tayvan və Ukraynada üz-üzə gələn ABŞ və Rusiya arasında geosiyasi qarşıdurma meydanına çevrilə bilərmi?
- Cənubi Qafqaz əsrlərdir Qərblə Rusiya, son əsrdə isə ABŞ-la Rusiya arasında qarşıdurma məkanıdır və bundan sonra da uzun müddət belə olacaq. Sadəcə olaraq, Rusiya son bir ildə çox ciddi geosiyasi səhvlərə yol verdi. Əgər əvvələr dünya düzəninin üç siyasi qütbü – Çin, Rusiya və ABŞ vardısa, 2014-cü ildə Rusiya Krımı ilhaq, Donetsk və Luqanskın bir hissəsini işğal etməklə, daha sonra isə Ukraynaya qarşı müharibəyə başlamaqla həmin güc mərkəzindən çıxmaqla, uduzmuş vəziyyətə düşdü.
ABŞ Çini də belə bir oyuna çəkməyə çalışdı. Amma Çin müdrik və səbrlə davranaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə aqressiv cavab vermədi. Çünki hazırda silahlı qarşıdurma nə Çinə, nə də ABŞ-a lazımdır. Çin ixracının 80 faizi Qərb ölkələrinin payına düşür. Çinlə qarşıdurma ABŞ-a yol vermir. Çünki hazırda Amerika iqtisadiyyatında hiperinflyasiya son onilliklərin rekord həddindədir.
Rusiyanın geosiyasi düzəni hesaba almadan Ukraynaya qarşı müharibəyə başlaması onu güclü geosiyasi oyunçular sırasından çıxararaq, müşahidəçi obrazına çevirməkdədir. Belə olan halda Qərbin Cənubi Qafqaz təsir imkanları daha da artacaq. Qərb baş verən proseslərdə birbaşa iştirakını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək və qarşıdurma daha da güclənəcək. Bu qarşıdurmada təkcə ABŞ və Rusiya yox, Türkiyə, İran, Pakistan və Çin də var. Təbii ki, bölgədə bu güc mərkəzləri arasında rəqabət var və bunun səngiyəcəyini də düşünmürəm.