9 Avqust 2022 19:13
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diqtə edən tərəfdir. Bu baxımdan Ermənistanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Ordumuz bu təxribatlara layiqli cavab verir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib: “Bir sıra ölkələrin başçıları və yüksək səviyyəli rəsmi şəxsləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Prezident İlham Əliyevə zəng edib, mövcud vəziyyət haqqında maraqlanıblar. Dövlət başçısı sülh müqaviləsinin imzalanması, regionda kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmini ilə əlaqədar Azərbaycanın strateji baxışlarını bir daha ortaya qoyur. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır”.

Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizinin açılması məsələsi olduqca aktual və vacib məsələdir: “Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni, ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Ən əsası, Ermənistan üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir. Bu mənada 10 noyabr razılaşmalarının 4-cü bəndi də tam şəkildə icra olunmalıdır”.

Sevinc Fətəliyevaya görə, məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq: “Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, sülh prosesini uzatmamalıdır".


Müəllif: Tapdıq Qurbanlı