Azərbaycan öz hədəflərinə doğru addım-addım gedir. 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasına əsasən Azərbaycan üzərinə düşən öhdəlikləri tam şəkildə icra edib. Beynəlxalq hüquqa və imzaladığmız sənədə hörmət əlaməti olaraq öz üzərimizə düşən missiyanı yerinə yetirmişik. Bundan sonra da belə olacaq. Amma qarşı tərəfdə növbəti dəfə erməni xisləti özünü göstərməkdədir. Çox təəssüf ki, hələ də Azərbaycan ərazisində olan erməni silahlıları tam çıxarılmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinə görə, erməni tərəfi üzərinə düşən öhdəlikləri icra etməlidir: “Çünki bu addımların atılması regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün vacibdir. Digər tərəfdən 2020-ci il 10 noyabr razılaşmasının da tələbi var. Ermənistan tərəfi bu tələbi də yerinə yetirməlidir. Amma təəssüf ki, Ermənistan üzərinə düşən öhdəlikləri icra etmək əvəzinə təxribatlarla məşğul olur”.
Deputat hesab edir ki, Ermənistan tərəfi son “Qisas” əməliyyatını və "Dəmir Yumruğ"un yerində olduğunu unutmamalıdır: “Vətən Müharibəsində və son “Qisas” əməliyyatında yeri göstərilən Ermənistan bunlardan nəticə çıxarmalıdır. Əks halda növbəti cəza onlar üçün çox ağır olacaq. Bundan sonra olacaq bütün hadisələrə görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Ziyafət Əsgərov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən həftə Brüsseldəki görüşünə də münasibət bildirib: “Burada liderlərin görüşü ilə bağlı hansısa bir müzakirələrin aparıldığını konkret deyə bilmərəm. Bu, istisna edilmir. Amma problem odur ki, bu görüşlərdən sonra erməni tərəfinin təmsilçiləri İrəvana qayıdan kimi artıq fikirlərini dəyişmiş olurlar. Məhz bunu anlamaq çətindir. Bu, əslində qeyri-ciddi bir siyasətdir. Bütün bunlara baxmayaraq Azərbaycan diplomatiya sahəsində özünün uğurlarını davam etdirir. Eyni zamanda qarşı tərəf güc faktorunu da hər zaman yadında saxlamalıdır. 30 ilə yaxın hər kəs gördü ki, tək diplomatiya ilə iş bitmir. Diplomatiya o zaman effekt, səmərə verir ki, onun arxasında güc olur. Bu da özünü doğrultdu. Məhz bu uğurlu diplomatiya və güc faktoru isə Prezident İlham Əliyev siyasətinə əsaslanır. Uğurlu strategiya bundan sonra davam etdiriləcək”.