Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Azərbaycanlılarla qazaxları eyni kök, mədəniyyət, qədim tarixi münasibətlər və ənənələr birləşdirir. Bundan başqa xalqlar arasında dil və din eyniliyi də mövcuddur. Ölkələrimizin iqtisadi əlaqələrinin də bəlli bir tarixi var. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynayıb. Həmçinin 90-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu da tarixi dəyərlər üzərində formalaşan əlaqələrimizin bütün sahələrdə qorunmasına xidmət edən mühüm amillərdəndir.
Bunu Teleqraf.com-a Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, iki ölkə beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini müdafiə edir: “Hər iki dövlət qarşılıqlı maraq doğuran məsələlərdə də eyni mövqedən çıxış edir. Azərbaycan və Qazaxıstan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də birgə əməkdaşlığa malikdir. Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələlərdən hesab edilir”.
Millət vəkilinə görə, Qazaxıstan xalqı həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək göstərib: “Xalqımız qazax mütəfəkkiri Oljas Süleymenovun erməni şovinizminə qarşı çıxışını unutmayıb. Vətən müharibəsində də biz Qazaxıstandan, qazax xalqından olan dəstəyi gördük və bu, sözsüz ki, tarixi ədalətin bərpa olunmasına olan bir münasibət idi. Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbə Qazaxıstan tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevi tarixi qələbə münasibəti ilə təbrik etməsi bu zəfərə, Azərbaycanın ərazi bütövlüyünə olan münasibətin göstəricisi kimi qiymətləndirilir. Bütün bunlar onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da inkişaf edəcək”.
Cavid Osmanovun fikrincə, Azərbaycanın müttəfiqlərinin sayının artması, Qazaxıstanla imzalanan bəyannamə, Türkiyə ilə müttəfiqlik sənədi və Özbəkistanla xüsusi əlaqələrin formalaşması mühüm əhəmiyyətə malikdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir: "Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri, imzalanan sənədlər münasibətlərin inkişafında yeni təkan olacaq. Səfər zamanı hər iki ölkənin rəhbəri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi “bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb”. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. İmzalanan sənədlər arasında iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir".
Millət vəkili hesab edir ki, bu sənəd bizim münasibətlərin gələcək xarakterini və formasını müəyyən edir: “Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Qazaxıstan prezidenti iki ölkə arasında əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Bu mənada Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı tərəfindən "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi isə Qazaxıstan dövlətinin ölkəmizin başçısının fəaliyyətinə, dünyadakı nüfuzuna verilən dəyərdir”.
Deputat qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir: “Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Bu gün dünyada baş verən dərin proseslər bizə yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Ölkəmiz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edir. Türk dünyasında bu müstəvidə münasibətlər, yeni dövrün dövlətlərarası qarşılıqlı əlaqələrinin nümunəsi hesab edilir. Sözsüz ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur ki, öz ölkəsini daha güclü formada proseslərdən çıxara bilsin. Qazaxıstan Prezidenti bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti, ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətli mövqeyini xüsusi qeyd edib. Eyni zamanda işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən yaradıcılıq mərkəzinin tikilməsi isə qardaşlıq münasibətlərinin növbəti nümunəsidir”.