“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Brüssel görüşündən sonra Ermənistan növbəti dəfə gəlinən razılaşmalara uyğun olmayan addımlar atır. Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı absurd ittihamları fonunda sülhlə bağlı prosesin gedişini necə qiymətləndirmək olar?
- Kimin nəyə ümid etməsindən asılı olmayaraq, bu elə də asan inanılası məsələ deyil. Əslində isə hər görüşdən sonra bunlar baş verir. Ötən görüşlərdən sonra da heç bir irəliləyişə nail olmaq mümkün olmayıb. 22 mayda Brüssel görüşündə də liderlər bir çox məsələləri müzakirə etdi. Amma yenə də prosesdə irəliləyiş olmadı. Azərbaycan qarşı tərəfi yola gətirmək üçün Qisas əməliyyatı icra etməli oldu. Hər dəfə bu cür görüşlərdə vədlər verilsə də, sonradan gərginlik yaranır və bu növbəti görüşə qədər də davam edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son Brüssel görüşü ilə bağlı açıqlama verdi ki, bir ay ərzində iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətninin hazırlanması üçün işçi qrupu ilə birgə fəaliyyətə başlayacaqlar. Artıq məlum olur ki, bu cür gərgin vəziyyətdə bu məsələ uzanacaq.
- Vaxt uzatmaq Ermənistan üçün nə vəd edir?
- Ümumiyyətlə Nikol Paşinyan bütün məsələləri uzatmağa çalışır. O nəinki sülh sazişi, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması məsələlərində də konkret qərar verməyə qorxur. Amma bütün hallarda bu məsələlər öz həllini tapmalıdır. Sadəcə olaraq onlar gərginlik yaradıb vaxt qazanmağa çalışırlar. Onların gərginlik yaratmaq üçün etdikləri təxribatlar da cavabsız qalmır.
- Sizcə, bu cür təxribatlara qarşı hansı istiqamətlərdə iş aparılmalıdır?
- Biz hazırda iki istiqamətdə iş aparmalıyıq. Ermənistanla bu məsələlər həll edilməlidir. Digər tərəfdən özümüz Qarabağda qayda-qanun yaratmalıyıq. Ordumuz öz üzərinə düşəni etdi. Başqa təxribatlara qarşı adekvat reaksiyalar verilməlidir. Rusiyadan bir erməni əsilli milyarder gəlib oturub Qarabağda və orada onun nə işlə məşğul olduğu aydınlaşmalıdır. O həmçinin təxribatlara da əl atır və daha sonra isə Fransaya gedir. Eyni zamanda separatçıların təmsilçisi ABŞ-a gedib konqresmenlərlə görüşür. Ona görə də bu cür təxribatlara qarşı diqqətli olmalıyıq.
- Paşinyanın son açıqlamalarından belə qənaət yaranır ki, bu ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər. Bu nə dərəcədə inandırıcıdır?
- Onun açıqlamaları bizi çox da maraqlandırmamalıdır. Bizim üçün əsas məsələ Qarabağdadır. Azərbaycan öz daxilində olan məsələləri həll etməlidir. Bu cür təxribatlara hazır olmaq lazımdır. Azərbaycan Ordusu öz üzərinə düşən vəzifələri icra etdi və bundan sonra da edəcək. Amma diplomatik müstəvidə də biz öz işimizi görməliyik. Ruben Vardanyanın Qarabağa gəlişinə də sərt reaksiya verilməlidir. Çünki bu məsələlərə seyirci kimi yanaşmaq olmaz. Əgər erməni əsilli bir gəlib Xankədində oturursa, Azərbaycan əsilli bir milyarder də gəlib Şuşada öz biznesini qura bilər. Bu da həmin təxribata tutarlı bir cavab olar. Qarabağ icması da burada öz fəallığını ortaya qoymalıdır. Separatçılar Fransada, Avropa özləri üçün gəzir. Qarabağın Azərbaycan icması da buna adekvat addımlar atmalı və təbliğat işini gücləndirməlidir. Çünki bu məsələdə tək ordular savaşmır. Burada ağıl oyunu da gedir. Bu oyunlarda, informasiya savaşında geri qalmaq olmaz.
- Ararat Mirzoyanın Sergey Lavrovla görüşünün Brüssel razılaşmasından sonraya təsadüf etməsini necə şərh etmək olar?
- Hər Brüssel görüşündən sonra erməni rəsmiləri Moskvaya görüşə çağırırlar. Bu sadəcə olaraq hesabat xarakterli bir məsələdir. Onları çağırıblar ki, Brüssel görüşünün detallarını öyrənsinlər. N.Paşinyan da Rusiyaya getdi. Vladimir Putinə proseslərlə bağlı hesabat verdi. Bütün bunlar onu göstərir ki, bu ölkə Rusiyadan asılı bir dövlətdir. Ona görə də Ermənistan rəsmiləri hər Brüssel görüşündən sonra Moskvada ağalarına hesabat verir.
- Brüssel və Moskva formatı ilə bağlı fərqli fikirlər var. İki formatın bir-birini izləməsi prosesin irəliləməsi üçün nə dərəcədə effektivdir?
- Sözsüz ki, hər iki formatdan istifadə etmək lazımdır. Amma bizim üçün ən faydalısı Brüssel formatıdır. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa ölkələridir. Hazırda Azərbaycan Avropaya qaz nəqlini artırır. Eyni zamanda Brüsseldən verilən son açıqlamalarda Minsk qrupu, Dağlıq Qarabağ ifadəsi yoxdur. Təbii ki, Rusiya tərəfi də bu ifadələri işlətmir. Amma hər bir halda bu iki platformadan yararlanmaq lazımdır. Biri ləng tərpənəndə digərinin imkanlarından istifadə edilməlidir. Bizim üçün artıq Minsk qrupu anlayışı mövcud deyil. ABŞ və Fransa nə qədər israr etsə də, bu mümkün deyil. Noyabrda Brüsseldə liderlərin növbəti görüşü olacaq. Burada da konkret nəticələrlə bağlı müzakirələrin olması gözlənilir.