10 Sentyabr 2022 20:12
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər istiqamətində Ermənistan tərəfi təxribat törətməklə əslində nəsə əldə edə bilməyəcəklərini özləri də yaxşı yaxşı bilir. Sadəcə olaraq onlar Brüssel danışıqlarında əldə edilən razılaşmaları hansısa formada pozmağa, vaxtı uzatmağa, prosesdə qeyri-müəyyənlik yaratmağa çalışırlar. Amma bütün hallarda Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi sülh sazişinə düzgün qiymət verməsə, onun üçün daha acınacaqlı durum yarana bilər.

Bunu Teleqraf.com-a Kəlbəcərdən olan millət vəkili Aqil Məmmədov deyib.

Deputat erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın qanunsuz olaraq Xankəndidə peyda olmasına da münasibət bildirib:

“Bu da təxribat və proseslərin gedişini dəyişmək üçün edilən uğursuz cəhdlərdən biridir. Eyni zamanda Kəlbəcər istiqamətində atəşkəsi ardıcıl pozmaqla burada gərgin bir mühitin olması ilə bağlı yalan informasiya yaymaq niyyəti də ortadadır. Reallıqda isə Ermənistanın bu gün iqtisadi-siyasi imkanları, hərbi gücü ona hansısa bir yüksəkliyi ələ keçirməyə imkan vermir. 44 günlük müharibədə tamamilə darmadağın edilmiş Ermənistan ordusu güclü və günü-gündən müasir silahlarla təmin edilən Azərbaycan Ordusu qarşısında heç bir addım ata bilməz”.

Millət vəkili bildirib ki, Brüssel razılaşmasına əsasən bir ay ərzində xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni hazırlanmalıdır: “Amma Ermənistandakı revanşist qüvvələr və bu bölgədə əldə olunacaq sülhə qarşı çıxan dairələr məhz gərgin vəziyyətin yaranmasında maraqlıdır. Məqsədləri razılaşmaları qeyri-müəyyən vaxta qədər uzatmaqdır. Biz Ermənistan rəhbərliyi tərəfindən sülhə zərbə vuracaq açıqlamaları, bəyanatları da eşidirik. Sadəcə olaraq onlar prosesi uzatmaqla nəyəsə “ümid” bəsləyir. Cənubi Qafqazda maraqları olan dairələrin əlində oyuncağa çevrilən Ermənistan dirijor çubuğu ilə hərəkət edir. Amma bunlar yaxın perspektivdə ermənilər üçün fayda verən hal deyil”.

Aqil Məmmədov hesab edir ki, regionda maraqları olan dairələr Ermənistanı bölgədə gərginlik yaratmağa təhrik edir: “Çünki Ermənistanın Azərbaycanla və qardaş Türkiyə ilə münasibətləri normal səviyyəyə salması bu bölgədə inkişafa, daimi sülhə yol aça bilər. Amma bəzi dairələr məhz Cənubi Qafqazda daimi gərginliyin, münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Görünür Azərbaycanın bu regionda yaratmış oldu yeni reallıq bir çoxlarını narahat edir. Amma bütün bu uğursuz cəhdlərin heç bir faydası olmayacaq. Azərbaycanın yaratdığı yeni şəraitə uyğun bölgədə daimi sülhə və təhlükəsizliyə nail olunacaq”.

Hərbi ekspert Ədalət Verdiyevə görə, ermənilərin Kəlbəcər istiqamətindən atəşkəsi pozması Azərbaycan ərazilərinə iddia kimi qiymətləndirilməlidir: “Bu gün Müdafiə Nazirliyində keçirilən müşavirədə də məhz bu məsələlər müzakirə edilib. Erməni tərəfinin sülh prosesinə ziyan vurmaq məqsədi ilə atdığı bu addımların qarşısı daha qətiyyətlə alınmalıdır. Eyni zamanda qarşı tərəfə daha təsirli cavab verilməlidir ki, gələcəkdə belə hallar təkrarlanmasın”.

Ədalət Verdiyev hesab edir ki, atəş açılan hər bir mövqe Azərbaycan Ordusu tərəfindən harada yerləşməsindən asılı olmayaraq məhv edilməlidir:

“Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə və Azərbaycan-Ermənitsan sərhəddində də belə hala qarşı ciddi tədbir görülməlidir. Bunun ardınca həmin mövqelər məhv edilməlidir və daha sonra həmin nöqtələrə Azərbaycan Ordusunun birləşmələri yerləşməli və bayrağımız sancılmalıdır. Yalnız bundan sonra erməni tərəfi atəşkəsi pozmaq haqqında daha dərindən düşünməli olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər