9 Sentyabr 2022 12:30
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hər zaman özünü beynəlxalq birliyin layiqli üzvü kimi məsuliyyətli aparır. Çünki dövlətimiz qloballaşan dünyada qarşılıqlı maraq doğuran məsələlərin ancaq əməkdaşlıq müstəvisində həllinin mümkünlüyünü qəbul edir. Bu baxımdan Azərbaycan istər beynəlxalq əməkdaşlıq platformalarında, istərsə də regional müstəvidə hər zaman dialoqa, qarşılıqlı maraq doğuran məsələlərin həllinə böyük önəm verir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, sözsüz ki, beynəlxalq və regional müstəvidə əlaqələr qurularkən Azərbaycanın milli və dövlətçilik maraqları əsas götürülür: "Çünki Azərbaycan xalqının milli maraqlarının təminatı, dövlətimizin daha da güclənməsi üçün atılan addımlar fundamental prinsiplərin qorunması üzərində formalaşdırılır. Bu gün Azərbaycan dünya birliyinin ən layiqli üzvü kimi bütün qlobal məsələlərdə aktiv rol alır. Qlobal miqyasda dünya xalqlarının qarşılaşdığı hər bir məsələyə özünün prinsipləri ilə yanaşır. Bu mənada ölkəmizin milli maraqlar müstəvisində apardığı xarici siyasətin prioritetləri özünün dolğunluğu və xarakterinə görə seçilir. Çünki dövlətimiz heç bir vaxt xarici siyasətdə ayrı-seçkiliyə və hansısa bir dövlətin və ya xalqın milli maraqlarının arxa planda saxlanılmasına razı olmur. Ona görə də Azərbaycan dünyanın bütün dövlətləri ilə açıq münasibətlər qurarkən sərgilədiyi siyasi kursa uyğun olaraq analoji yanaşmanın da olmasını tələb edir".

Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan həm beynəlxalq-siyasi münasibətlər, həm də beynəlxalq-iqtisadi əməkdaşlıq sistemində olduqca uğurlu fəaliyyət göstərən, hər zaman hədəflərinə çatan azsaylı ölkələrdən biridir:

“Nəzərə almaq lazımdır ki, üzv olduğu bütün beynəlxalq təşkilatlar çərçivəsində milli maraqlarımızın uğurla qorunması üçün dövlətimizin sistemli addımları hər zaman öz nəticəsini verib. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli tənzimlənməsi, Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması üçün Azərbaycan tərəfdaş olduğu ölkələrlə və beynəlxalq təşkilatlar çərçivəsində çox uğurlu fəaliyyət göstərib. Vətən müharibəsi dövründə hərbi qələbəmizin siyasi əsasları artıq formalaşmışdı. Yəni biz dünyanı inandıra bilmişdik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirir”.

Millət vəkili vurğulayıb ki, münaqişənin predmeti ilə bağlı obyektiv mövqelərin formalaşdırılması, təsəvvürlərin yaradılması heç də asan başa gəlməyib:

“Bunun bir sıra səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, birincisi dünya özü əksər hallarda məqsədli şəkildə münaqişənin predmetini təhrif etməyə çalışırdı. ATƏT-in Minsk qrupu münaqişənin dinc vasitələrlə həlli üçün yaradılsa da, heç vaxt münaqişənin predmeti ilə bağlı obyektiv mövqe sərgiləmədi. Ona görə də münaqişənin tənzimlənməsi üçün heç bir addım ata bilmədi. Belə olan halda Azərbaycan öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad etdi. Bununla da münaqişəni aradan qaldırdı. Buna baxmayaraq bütün beynəlxalq platformalarda Prezident İlham Əliyev Azərbaycanın haqq səsini eşitdirdi. Təbii ki, diplomatik uğurlarımızın arxasında real potensiallarımız dayanırdı. Azərbaycanın cəlbedici ölkəyə çevrilməsi və ölkəmizlə əməkdaşlıqdan öz iqtisadi maraqlarını təmin edən dövlətlərin mövqelərinin formalaşdırılması təbii ki, hər şeydən öncə uğurlu yanaşmamızın nəticəsi idi. Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan öz mövqelərini inamla qorumaq üçün bütün effektiv mexanizmləri tətbiq etməyi bacardı. Azərbaycan üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusi olaraq özünün böyük töhfələrini verməklə yanaşı həmçinin Ermənistanın aqressiyasına qarşı da birlik formalaşdırmağı bacardı. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə açıq mətnlə Ermənistanı işğalçı dövlət adlandırdı. Türk Dövlətləri Təşkilatı çərçivəsində də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Ermənistanın işğalçılıq siyasətini pisləyən mövqelər sərgiləndi. Bütün bunlar Azərbaycanın nüfuzuna, ölkəmizin təsirli roluna dəlalət edən məqamlardır. Müxtəlif qlobal problemlərin tənzimlənməsində Azərbaycanın olduqca təsirli rolu var. Xüsusilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən zaman Qoşulmama Hərəkatına üzv olan ölkələrin demək olar ki, hamısı Azərbaycanı yekdilliklə dəstəkləyib. BMT-dən sonra dünyada ikinci ən böyük platforma olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın nüfuzuna, ölkəmizə olan hörmətə dəlalət, bu reallıq sonrakı mərhələlərdə də müşahidə olunmağa başladı”.

Elşad Mirbəşiroğlu hesab edir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunda Azərbaycan bir sıra beynəlxalq məsəllərin həllinə öz töhfəsini verməyi bacarıb:

“Azərbaycanın dünya ictimaiyyətinə fəal inteqrasiyasını həm də çoxşaxəli iqtisadi əməkdaşlıq şərtləndirib. Demək olar ki, dünyanın bütün ölkələri ilə Azərbaycanın konstruktiv iqtisadi əlaqələri mövcuddur. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə Azərbaycan yeni bir obrazda iqtisadi ələqələr sistemində iştirak edir. Müvafiq olaraq da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin arealı əhəmiyyətli dərəcədə genişlənib. Bundan sonrakı mərhələdə, yəni işğaldan azad etdiyimiz ərazimizin iqtisadi potensialını fəal şəkildə ümumi iqtisadi inkişaf dövriyyəmizə qatdıqdan sonra Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq sistemində rolu daha da artacaq. Bu da müvafiq olaraq Azərbaycana daha fəal iqtisadi münasibətlər qurmağa imkan verəcək. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünə çox böyük hörmət qazanmış ölkə kimi proseslərə, dünya ictimaiyyətini narahat edən problemlərin aradan qaldırılmasına töhfə verməyi bacaran bir ölkə kimi tanınır. Bütün bunlar Azərbaycanın beynəlxalq inteqrasiyasının bir sıra elementləri kimi xarakterizə oluna bilər. Bütövlükdə həm Avropanın enerji bazarında oynadığı təsirli rol, həmçinin regionda Azərbaycanın siyasi-iqtisadi lokomotiv kimi qəbul olunması beynəlxalq əlaqələrimizin daha səmərəli qurulmasını şərtləndirir. Belə olan halda təbii ki, həm iqtisadi, həm də digər sahələrdə milli maraqlarımızın təmin olunması imkanları da genişlənir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Azərbaycanın Vətən müharibəsindən sonra bölgədə yaratdığı vəziyyətin qlobal müstəvidə formalaşan siyasətə təsirindən bəhs edib:

“Artıq erməni tərəfinin özü də bilmir ki, siyasətini hansı istiqamətdə təşkil etsin. Onlar başa düşür ki, bütün variantlarda Azərbaycanın təqdim etdiyi, gündəmə gətirdiyi, formalaşdırdığı reallığı qəbul edəcəklər. Ona görə də prosesi bəlli olmayan bir zamana qədər uzatmaq cəhdləri var. Düşüncələri də odur ki, bu reallığı hansısa bir formada dəyişdirə bilərlər. Amma bu, asan bir məsələ deyil. Zəngəzur dəhlizi məsələsində də bunun hər kəs şahidi oldu. Sözsüz ki, Zəngəzur dəhlizi aktual və vacib bir nəqliyyat qovşağı kimi yaxın zamanlarda həllini tapacaq. Amma indi Azərbaycanın əlində yeni imkanlar var. Amma biz görürük ki, erməni tərəfi növbəti dəfə başqa bəhanə və iddialarla gündəmə gəlir. Zaman keçdikcə proseslər Ermənistanın ziyanına işləyir. Artıq onların nə istədikləri də o qədər anlaşılmır. Sözsüz ki, bir-birini inkar edən, ziddiyət təşkil edən bəyanatlar Ermənistanın prosesin gedişində vaxt udmaq cəhdinə hesablanıb. Onlar vaxtı udaraq hansı istiqamətdə gedəcəklərini belə bilmir. Bu, Ermənistanın ənənəvi siyasətidir. Lakin sonda Azərbaycanın təqdim etdiyi reallıqları qəbul etməyə məcbur olacaqlar. Bundan başqa bir yol da yoxdur”.

Millət vəkilinə görə, bu gün dövlətimiz elə bir layihələri təqdim edir ki, bu, başqa ölkələrin milli maraqlarına da uyğun gəlir:

“Aparılan siyasət məhz ona dəlalət edir ki, digər ölkələrin də milli maraqlarına xidmət etsin. Ermənistan da bundan faydalana, Azərbaycanla, Tükiyə ilə əlaqələri bərpa edib dirçələ bilərdi. Sözsüz ki, zaman etibarilə bütün bu məsələlər öz həllini tapacaq. Azərbaycanın milli maraqlarının dövlət başçısı tərəfindən yüksək səviyyədə təmin edilməsini Qərb dövlətləri diqqətlə izləyir. Regionda olan ölkələr də Azərbaycanın apardığı xarici siyasətə hörmətlə yanaşır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər