Ermənistan sülh gündəliyinin irəliləməsini dayandırmaq üçün atəşkəsi pozur.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov sentyabrın 16-da Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında keçirilən ikitərəfli siyasi məsləhətləşmələr zamanı bildirib.
O, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır. Təəssüflə bildirilib ki, Ermənistan tərəfi sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün son zamanlar atəşkəsi ardıcıl olaraq pozmağa davam edib və nəticədə sentyabrın 12-də iki ölkənin sərhədində ağır nəticələrə səbəb olmuş silahlı təxribat törədib.