“Laçın şəhərinin, eləcə də işğalda olan digər ərazilərin Azərbaycanın nəzarətinə keçməsi Livanlı erməniləri çox narahat edir. Onlar bu aqressiyanı Beyrutdakı Azərbaycan səfirliyinə hücumla nümayiş etdirdilər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat ermənilərin sentyabrın 16-da Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istədiklərin bildirib: “Qeyd edim ki, Livanlı erməni iş adamlarının yaratdığı “Ari" fondu uzun müddət işğal altında qalan Laçın rayonunun Zabux kəndində 2013-cü ildə qanunsuz olaraq 150 evdən ibarət qəsəbə salmışdı. Zabuxda əsasən Livandan gətirilən erməni ailələri qanunsuz olaraq yerləşdirilmişdi. Zabux bu ilin avqust ayında işğaldan azad olunandan sonra həmin ermənilər də qeyri-leqal yaşadıqları kənddən qaçmalı oldular.
Laçın şəhərində 30 ilik erməni işğalı müddətində də Livanlı erməni ailələrin məskunlaşması faktları var idi. Həmin ərazilərimizin işğaldan azad olması Livanlı erməniləri çox narahat edir və bu aqressiyanı da məhz səfirliyimizə hücumla nümayiş etdirdilər.
Amma Azərbaycan güclüdür və belə “hücumlar” ilə regiondakı düzəni dəyişmək olmaz. Həmin ərazilərimizin tarixi sahibləri olan Azərbaycan vətəndaşları isə tezliklə öz doğma torpaqlarına qayıdacaqlar”.